Dirilər Məzarlığı

0

Kəbədən başqa heç bir yer sabit deyil. Kəbə bizim sabit nöqtəmizdir. İpimiz, namazdakı baxışlarımız ora bağlı qalmasa.. vəssalam Daşdəmir dayın bankrot.
Füzulilər, Seyid Əzimlər, Natəvanlar, Əbu Turablar ipini Kəbəyə bağladığı üçün gəzərkən də zikr etmiş sayılırdı. İndi ipini Park Bulvara bağlayanların aqibəti kök altındadı.
Əvvəllər göydəki ulduzların və dənizdəki qumların sayını bilənlərə mömin deyirdilər indi onlar şeyx oldu. Axırıncı model xocalar isə İslam ruhunu yeniləmək əvəzinə “Subvay Surf”oynayıb, xal yığırlar. Bir növ virtuozdular. Öz aləmlərində məntiq fabriki açıb axına tərəf gedirlər. Məqsədləri İslamda protestantlıq yaratmaq və bununla fərqlənmək, fəqli görsənməkdir.. Lazım gəlsə Peyğəmbərə də “ilişər”,replika da atar, yeni terminlər kəşf edər və hamını “ne prav” da çıxardarlar.. Onları qınamıram özlərini təsdiq etmək üçün sensasion, qıcıq doğuran fikirlərə ehtiyacları var. Parktika üçün də bir məkan lazımdı ya yox?. Lazımdı. O da bura. Burdan yaxşı yer var? Adəm peyğəmbərdən bu günə kimi dünyanın müxtəlif yerlərində sınaqdan çıxa bilməyən şeytani təcrübələr bu məmləkətdə uğurlu nəticələr verir. Əzizlər, gəlin bunu belə dəyərləndirək. Bu traqikomik səhnə əslində hörmətdən məhrum olan bu qrupun “biz də varıq”, “bizə də fikir verin”, “bizi də sayın” fəryadlarıdı.. Belə “ataka”ları çox görüb bu ümmət. Keçək əsas məsələyə.
Ümmətçilik hissi sanki yetim bir uşaq kimi reanimasiyada koma vəziyyətindədir. Yanına baş çəkən də yoxdur. Bir sözlə gələcəyimizə keçmiş olsun. Biz hələ ki, bir ömürlük sükutla vicdanımızı yad edirik. Naxaq yerə deməyiblər ki, Qurani-Kərimi ən yaxşı anlayanlar onu yaşayanlardı.
Məscid tikdirib heç namaz qılmayan insanlar gördüm. Bunlar sabah islam adına universitet açıb, holdinq qurub Barselonaya sponsorluq etsələr təəccüblənmərəm. Nələr gördüm mən, bu qulaq nələr eşidib. Bu gözləri cənnətə necə aparacam onu fikirləşirəm..))) Televizora baxa bilmirəm, qulaqlarım ağrıyır. Ən sevdiyim insanların yazılarını oxumaz hala düşdüm. Hamı qarşısına hədəf qoyur. İki kitab sata bilmək üçün gerçəkləri ürəklərinə basdırırlar. Ustad demiş, indi yazıçı olmaq da asandı, 2 kitab oxuyan 3-cü kitabı özü yazır .. Ona görə haqqı axtaranlar ən yaxşı halda onun qəbrini tapırlar. Ağızlarımız yalanların sarayı, ürəyimiz isə doğruların məzarı oldu. Bunun adına “Dirilər Məzarlığı” deyirlər.

Miri Rəsulzadə

Paylaş

Şərh yaz