Ehtiyaclar piramidası

0

“Ehtiyaclar piramidası” yazısını çoxdan paylaşmaq istəyirəm, bu günə qismətmiş. Xüsusi ilə Azərbaycan insanının halını anlamaqda bizə yardımçı ola bilən bir tematikadır. Odur ki, ekrana yaxın əyləşin. Demək, Amerikalı psixoloq Abraham Maslou insanın ən əsas olan ehtiyaclarını nizamlayaraq, maraqlı bir sxem ortaya çıxarıb. Maslou deyir ki, insanda ən vacib bu ehtiyaclar mövcuddur:

1) Fizioloji ehtiyaclar (oksigen, su, qida)

2) Təhlükəsizlik ehtiyacı

3) Sosial ehtiyaclar (dostluq, sevgi, özünə hörmət istəyi)

Sonra gəlir daha ali ehtiyaclar:

4) Koqnitiv və estetik ehtiyac (nizam, ədalət, gözəllik, simmetriya ehtiyacı)

5) Özünütəsdiq ehtiyacı.

Maslou iddia edir ki, insanın bu əsas ehtiyacları onda pərakəndə deyil, piramida şəklində düzülüb – üst-üstə. Yəni, ən alt qatda olan birinci-ikinci ehtiyaclar ödənməyincə insan sonrakı ehtiyaclarını arzulamır belə. Başqa sözlə desək, məsələn, müharibə şəraitində yaşayan, üstəlik gecələri ac-yalavac yatan insanın nə işinə sevgi, gözəllik, nə bilim, ədəbiyyat, kino və s.

Çox vaxt şikayətlənirik ki, insanlarımız oxumur, teatra getmir, siyasətə qarışmır, haqqın keşiyində dayanmır. Əslində bütün bunlar insanın təbii ehtiyaclarıdır, fəqət baxın Maslounun piramidasında onlar neçənci pillədə dayanır? Çox yuxarıda, 4-cüdə, koqnitiv və estetik ehtiyacda. Bir cəmiyyət ta ən ibtidai ehtiyaclardan – iqtisadi yetkinsizlikdən əziyyət çəkirsə, onun nəyinə lazım kitab!

Heç kim sinəsinə döyməsin, qarın-kitab dilemmasında çox vaxt elə qarın qalib gəlir, üstəlik, bu ayıb da deyil, təbii bir prosesdir. Mən köhnə kişilərdən eşitdiyim “çörək Qurandan irəli gəlir” deyimini də özüm üçün bu konteksdə izah edirəm. Çünki din bir ehtiyacdırsa, o da konqnitiv və estetik ehtiyacdır, yəni çörəkdən sonradır. İmam Əli nə deyirdi: “Kasıb dindən çıxmağa çox yaxındı”.

“İstisnalar mövcuddur” qeydini vurmağa gərək duymuram. Çünki istisnalar gerçəkdən də mövcuddur. Və o istisnalar kimlərdi? Böyük insanlar. Tənha kişilər. “Qrupun avtoriteti”nə sinə gərib ən ac halında belə insan qalmağı bacaranlar.

Həyatın fəlsəfəsi nədir? Bu sualla çıxın yurdumuzun gözdən-könüldən iraq, ucqar kəndlərindən birində sorğu keçirin, qardaş canı, döyüb qovarlar adamı. Onlara su lazımdı, yemək lazımdı, çörək lazımdı, sizsə ayıb-ayıb mikrofon uzatmısınız. Fəlsəfə düşünməkdi və düşünməyi insan sonradan, böyüdükcə öyrənir, bəs yemək necə?

Biz ana bətnində belə qidalanırıq.

Və ən mühüm sual: Sizcə bəşərin neçə faizi piramidadakı sonuncu (özünütəsdiq) ehtiyacını ödəyə bilir və ümumiyyətlə bu haqda düşünür? Maslou deyirdi ki, vur-tut bir-iki faizdir elələri. Qalan bəşərsə əvvəlki pillələrin gah birində, gah digərindədir. Və bu, statik deyil. İnsan var ki, elə doğularkən artıq onun fizioloji və təhlükəsizlik tələbatı ödənib – ya dədəsindən böyük bir sərvət miras qalıb, ya dövləti xeyli miqdarda pul ayırıb. Belə olanda, xoş halına, fərd birbaşa piramidanın üçüncü pilləsində olur, yalnız gözəllik haqda düşünür, kino, teatr kimi ali zövqlərlə maraqlanır. İnsan da var ki, bütün, bütün ömrünü elə birinci-ikinci ehtiyacı təmin etməklə başa vurur və çox vaxt bu, onda doğru-dürüst alınmır da heç. Dəhşət mənzərədi, gerçəkdən, görün nə qədər insanımız məhz ibtidai pillələrdə çabalayaraq ölüb gedir.

İlqar Kamil

Paylaş

Şərh yaz