“Kim birinci çatsa səbət onundur” – Bu şərti bir avropalı antropoloq qoyur, afrikalı uşaqlarla oyun əsnasında; Qarşıdakı ağaca meyvə dolu bir səbət asır və uşaqlar arasında yarış keçirmək istəyir. (O yazıq uşaqların üzərində nə eksperimentlər etməyiblər ki). Anropoloq belə deyir: “ağaca kim birinci çatsa meyvələr onundur”. Lakin bu işıqlı uşaqlar alimi təəccübləndirirlər; onlar əl-ələ tutub səbətə doğru birlikdə qaçırlar.
“Vauu!” – deyə antropoloqu heyrət bürüyür, dərhal onlara yaxınlaşıb maraqla soruşur:
– Bəs niyə belə etdiniz?
Uşaqlar dişlərini ağardıb:
– Obonato, obonato! – deyə həvəslə, xorla cavab verirlər, yəni: mən varam, çünki biz varıq!
Ayə kimi cavabdır, və məncə, elə bütün məsələ də bu həqiqəti idrak etməkdir: mən varam, çünki biz varıq!
Bilməmiş olmazsınız, xüsusən də təhlükə zamanı bir çox varlıqlar “biz” olmağı – bizləşməyi tərcih edirlər; məsələn, atlar, yazırlar ki, hər hansı bir yırtıcının hücumu zamanı baş-başa verir, özlərini arxa ayaqları ilə qoruyurlar; balıqlar haqda da var belə bir bizləşmə. Çaylarda su quruyanda son damlanı ağızdan-ağıza ötürüb “bizi” bir az daha yaşadırlar… bircə insan da dərindən anlasa bu həqiqəti və hər yerə yazıb assa:
Mən varam, çünki biz varıq!
Uşaqlar belədi, pakdı, təmizdi, duyarlıdı. Məncə, dünyanın ən şərəfli işidi – uşaqları qorumaq, ən gözəl işidi uşaqlardan yazmaq. Axı biz həmdə keçmiş uşaqlarıq; yəni mənim aləmimdə, uşaqlar bizim təkcə gələcəyimiz deyil, həmdə keçmişimizdir.
Axx, uşaqlar, uşaqlar, siz necə də orjinalsınız; yanınızdan keçirəm, üzümə baxıb qəşəncə gülürsünüz, ürkək-ürkək salam da verirsiniz… fəqət, böyüdükcə hansısa böyük sizə başa salır ki, olmaz, tanımadığınız adama salam verməyin, tanımadığınız adama gülmüyün. Və beləliklə, həyat qaşqabaqlaşır, çəkilməz olur, darıxdırıcı olur…
İlqar Kamil