İlqar Kamil yazır: 2018-ə keçə bilənlər üçün

0

Uşaqlarımıza gələcəklə bağlı danışanda “hər şey əla olacaq” kimi yalançı vədlər vermək xətalıdır, gərək necə var elə deyəsən, əlini ehmalca çiyninə qoyub başa salasan ki, oğul, yaşadığımız bu dünya mürəkkəb bir yerdi, düzdü, gözəllikləri də az deyil, amma qarşıda ola bilsin ki, ağrıyacaqsan da, inciyəcəksən də, aldadılacaqsan da… hər şey ola bilər, odur ki, kəmərini möhkəm elə!

Mən elə Tanrını da bu cəhətinə görə sevirəm, dünyayla bağlı yalan-palan, ürəyə yatımlı vədlər verib şirnikləndirmir bizi, olanı deyir:

Biz sizi çətinliklər içində yaratdıq.
(Bələd, 4)

Demək istəyirəm ki, əzizim, dünya durduqca çətinlik də olacaq. Bu, 2017-də də beləydi, 2018-də də, 2050-də də belə olacaq! Əsas nədir? Əsas, bütün hallarda (!) daxili hüzuru qoruya bilməkdir; insan bunu bacarsa iş tamamdır. Kasıb Dioqenləri varlı İskədərlərin, heçnəsiz Danəndələri Xəlifə Harunərrəşidlərin qarşısında dikbaş, qorxmaz, vüqarlı edən nə idi? Əlbəttə ki, daxili rahatlıqları! Qəlbən tox adamın nə vecinə başqasının qır-qızılı, pulu, sərvəti? Burası (qəlbimi göstərirəm) rahat olan insanın üzü həmişə gülər olacaq, həyatı xoş olacaq, ən çətin halında – bahalaşma, borc, xərc, ədalətsizlik, zülm görəndə belə daxilində təlatüm olmayacaq. Zülmlə amansızca mübarizə edəcək, bəli, amma içi bulanıq deyil, mətindi; ən ali nailiyyətlərə doğru irəliləyəcək, özü də hamıdan çox, fəqət sakitdi, səssizdi, hay-həşir salmır.

Başınızı qaldırıb xırda sərçələrin elektirik naqilinin üstündəki sərbəst, qorxusuz duruşuna fikir verin bir, zalım uşağı elə bil şəkil çəkdirirlər… Yaxşı, birdən naqil qırıldı, birdən tufan qopdu, birdən elə oldu, birdən belə oldu… nədəndi sısqa canlarındakı bu qədər rahatlıq? Əlbəttə ki, qanadlarına olan arxayınlıqdan! Bəs necə? Nəsə bir şey olsa dərhal “pırr” eləyib havalanacaqlar.

Qanadların varsa sən də heç nədən qorxmayacaqsan və Konfutsiyə görə, əls həyat da məhz bu qorxusuzluqdan sonra başlayır. Səmavi təlimlərsə deyir ki, insanın Allahına olan inancı, güvəni, arxayınlığı elə onun qanadlarıdır. Yəni, Tanrısına bağlı olan insan “olarsa nə gözəl, olmazsa eybi yox” fəlsəfəsinə hamıdan daha tez çata bilir, fəqət niyə çatmır? Axı müsəlman dünyasına fikir versək, ən tamahgir, ən yaltaq, ən qorxaq insanlar da elə onların içində olur. Demək, inancla yanaşı insana düzgün dünyagörüşü, doğru həyat fəlsəfəsi də lazımdı. Xoş o valideynin halına ki, övladına özündən sonra komfort həyatdansa, düzgün həyat fəlsəfəsi qoyub gedə. Düşüncəsi yerində olan gənc, əlbəttə, komfortu özü qazanacaq, işdi qazana bilməsə də gileylənmiyəcək, ağlamayacaq, bədbəxt olmayacaq, əksinə, xəfifcə gülüb deyəcək ki, olsun, əzizim, olsun – olarsa, nə gözəl, olmazsa, eybi yox!

Məsələn, xoşum gəlir, İsmayılgilin güləşdən əvvəlki qəribə-qəribə məşqlərindən, məsələn, əllərini arxalarında tutub üzü üstə döşəyə atılmalarından. Niyə belə edirlər? Əlsiz-müdafiəsiz düzgün yıxılmağı öyrənirlər. Çünki döyüş təkcə yıxmaqdan deyil, həm də yıxılmaqdan ibarətdi; çünki düzgün yıxıla bilməyən döyüşçü yıxa da bilməyəcək. Yəni, valideyn övladına məğlub olmağı da öyrətməlidi: necə düzgün yıxılasan ki, qalxa biləsən! O kişi demişdi axı, həyat bizi yıxacağı yerə döşək salmır.

Üstəlik, cismimiz yerlə-torpaqla nə qədər çox təmasda olsa o qədər yaxşıdı, nədən ki, axırımız da əvvəlimiz kimi üzü torpağadı, və mənim aləmimdə, yıxılmaqlar, əslində, bir növ ölüm məşqləridi. Ustad nə demiş, ruhunu göyə, cismini yerə öyrətməli insan!

Yerə öyrəşməksə həmişə, həmişə çətin olub.

Məsələn, keçən dəfə məşqdən evə qayıdanda İsmayılı danışdırmaq istəyirəm: bu gün neylədiz, İsi? Əllərini qoltuğuna dürtüb narazı-narazı qımışır zalımoğlu:

Heç nə! Saat yarım ancaq yıxıldıq, ata, ancaq yıxıldıq…

Paylaş

Şərh yaz