Qurd Cəfər

0

Pulu qoltuq cibinə dürtüb sevinə-sevinə Cəfəri axtaranda heç ağlının ucundan da keçməzdi ki, axırı belə biyabırçılıq olacaq. Günah özündədi, bu boyda kənddə adam qəhət idi ki, gedib qurd Cəfəri tapmışdı?

Kafedə sakitlik idi. Çaydan vurub, aydan-ulduzdan bir xeyli danışdıqdan sonra nəhayət ki, cibindəki pul paketini çıxartdı. Paket deyəndə ki, əslində, cəmi 200 manat pul idi, ancaq hamısını 1 manatlıq elətdirmişdi deyə belə çox görünürdü. Cəfər pulu görcək diksindi:

– Bu nədi, a Mərdan?

Mərdan pul paçkasını masanın üstündə ona tərəf sürüşdürərək:

– Götür, məhlədə özün məsləhət bildiyin ehtiyaclılara paylıyarsan.

“Ehtiyaclılar” sözünü dilinə gətirəndə Mərdan sanki bir az tutuldu da. Üzünü yana çevirdi. Cəfərsə donub qalmışdı.

– Hmm, nə gözəl düşünmüsən, a Mərdan. Allah sənnən razı olsun.

– Amma…

– Amma nə?

– Canıvı yiyərəm sənin, mənim adım olmasın haa. – Mərdan bu sözü elə astadan dedi ki, sanki bu tutduğu xeyir işi özündən də gizlətməyə çalışır.

– Niyə axı? – Cəfər saf-saf soruşdu. Görünür, hələ içindəki qurd oyanmamışdı.

– İstəmirəm, – Mərdan səsini lap qısdı – mən bunu Allah rizası üçün edirəm.

Mərdan bu söhbəti dilinə gətirdiyinə görə çox pis olmuşdu. Bəs harda qaldı gizlilik? Kaş yazaraq deyəydi sözünü və heç öz qulaqları da eşitməyəydi, duymayaydı nə etdiyini. Necə deyib böyüklərimiz, axı sağ əlin verdiyini sol əl belə bilməməlidi.

– Bəs birdən maraqlandılar… – Cəfərin içindəki qurd oyanıb sağ böyrü üstdə yatdı.

– Soruşsalar, de ki, ehsan eliyən istəmir adı hallansın, vəssəlam!

– Yüz faiz? – Qurd tərpəndi.

– Həlbəttə! Bilirsən, adın nə fərqi var ki? Əsas odu bir az xoşbəxt olsunlar. Düz demirəm?

– Hmm. Yaxşı, qardaş, necə məsləhətdi.

Cəfərin gözlərinin içi ona görə belə parıldayırdı ki, indi ordan baxan Cəfər deyil, içindəki qurd idi, tam oyanmışdı. Ayağa qalxdılar. Lap axırda Cəfər Mərdanın alnından öpüb dedi ki, böyük kişidi! Mərdansa bütün böyük kişilər kimi razılaşmadı bu sözlə: Əstəgfirullah, əşşi, xırda şeylərdi.

Ayrıldılar.

İki gün sonra Mərdan eşidəndə ki, Cəfər onun pulunu kasıb-kusuba öz adından paylayıb az qaldı ürəyi partlasın. Elə bil aylardı əkib-becərdiyi taxıl zəmisi qəfil od tutub yanmışdı, nə qədər su içdisə ürəyinin yanğısı keçmədi. Neyləsin, nağayrsın, dərdini kimə desin? Bir xeyli söyüş söydü, qışqırdı, bağırdı, yox, olmadı. Düyünlənmiş qaşlarını da, yumruqlarını da götürüb çıxdı evdən. Güddü, güddü, axır ki, bir tində tutdu Cəfərin yaxalığından, dirədi divara:

– Alçaq, məəm pulumnan özüvə hörmət qazanırsan?

– Nə danışısan, a Mərdan, axı…

– Belə də şərəfsizliy olar?

– Nə şərəfsizliyi? Sən özün demədin ki, adın fərqi yoxdu?

– Mən…

– Bi dəyqə dayan e, a kişi, sən and-aman eləmədin ki, adını hallandırmıyım?

– Day demədim ki, öz adınnan payla!

Cəfər yaxasını Mərdanın əlindən çıxartdı:

– Nə fərqi var axı sənçün? Bəs əsas onların xoşbəxtliyi deyildi?

– Əşşi cəhənnəm olun başımnan, – Mərdan yenidən kükrədi – gedib səhvini düzəldirsən, eşitdin? Necəsini bilmirəm, get və səhvini düzəlt!!!

– Heçnəyi düzəldən deyiləm! – Cəfər də bağırdı.

Mərdan ayı kimi nərildəyib Cəfərin üstünə cumdu, bir xeyli süpürləşdilər, sonra Cəfər möhkəm bir təkanla onu itələyib əlindən çıxdı. Kənara çəkilib tövşəyə-tövşəyə əlini yaxalıq cibinə saldı:

– Al götür, – o paktelənmiş pul paçkasını Mərdanın üstünə tulladı – sənin pulunun qəpiyinə belə toxunmamışam, tülkü!

– Necə yəni…? – Mərdan gözlərini döyüb durdu – Bəs… sən…?

– Götür say, bax, yaxşı bax, hammısı yerindədi.

– Başa düşmədim…

– Bəs nə bilmişdin, xeyirxah Mərdan ağa? Sən tülküsənsə, mən qurdam, qurd… Puah! Ax, gözlərim yaşardı. Yox, adının hallanmasını istəmirmiş, nəymiş, nüymüş! Məni axmaq yerinə qoyduğuna bax bunun. Gicbəsər! – O irəli atılıb Mərdanın sinəsindən itələdi – Get uşaq başı allat, bildin?

Mərdan bir şey deməyə macal tapmamış Cəfər üst-başını düzəldə-düzəldə ordan uzaqlaşdı…

İlqar Kamil

Paylaş

Şərh yaz