Mənim yeganə dostum…- İlqar Kamil

0

Lomsan, lom. Hara gedirəm başıvı aşağı salıb düşəcəksən arxamca. Atam, bir başıvı qaldır dillən də, nə bilim, etiraz zad elə, istəmirəm, getmirəm, de. Bəlkə mənim yolum cəhənnəmədi? Elə sən də quzu kimi lal-dinməz yüyürəcəksən dalımca? Əsəbiləşirəm e, vallah. Adamın bir dili olar, dilçəyi olar. Bax, ilin-günün bu vaxtında işsiz-gücsüz qaldım. Hamısı sənin bu susmağının zibilləridi də. Nolardı o gün müdürümü söyməyə gedəndə arxadan bir çiynimə toxunaydın, etmə, eləmə, deyəydin. Mən əsəbiləşmişdim əsəbiləşmişdim, sənə nolmuşdu? İndi yaxşı oldu? Getdim ağzıma gələni dedim, onun da dəli beyni tutdu, qoydu məni qapının ağzına. Nolardı bir sakitləşdirici nəsə deyəydin, küsəydin, inciyəydin məndən. Yox e, bir badalaq da ata bilmirdin arxadan? Nə bilim, a qardaş, illərdi bir yerdəyik, az qala doğulandan dostuq, yoldaşıq, di gəl ki, belə laqeydsən.

Nədi? Nə baxırsan sıfatıma? Mən bunu sənə görə deyirəm e, ay axmaq. Mənə nə var, mən onsuz da yaşamağın yolun tapmışam, istədiyim kimi də yaşayıram, olan sənə olur. Axı sənin də arzuların, istəklərin var. Yoxdu? Haçana kimi mənim həyatımı yaşayacaqsan? Vallah, sənin bu elədiyini heç ana balasına eləməz. Tutalım, uzanmısan böyrümdə, dincəlirsən, birdən bu gic beynimə düşür ki, qalxıb qaçım dəli Habilin yanına. Sən də hay deyəsən ki, sən get, mən bir az dincələcəm, filan. Yox e, yenə lal Xubu kimi əynini də geyinmədən sürünəcəksən dalımca. Belə şey olar? Nə istəyirsən axı məndən? Görmürsən mən sənə heç dəli Habil qədər də hörmət qoymuram? Qoysaydım günün bu istisində onun yanına niyə gedirdim, elə oturub səninlə danışardım də. Xətrinə dəyməsin, sənin kimi üzsüz, şəxsiyyətsiz birini görməmişəm mən. Hə, sən indi öz aləmində bunun adını vəfa, sədaqət, etibar qoymusan yəqin, amma qaqa canı, özünü aldadırsan, bunun bir adı var, o da şəxsiyyətsizlik! Bəs necə?
Söhbət vəfa söhbəti olsaydı keçən dəfə hozu Səməndər gözlərini bərəldib üstümə bıçaq çəkəndə mənnən qabaq qaçmazdın. Elə xətrimə dəydin ki. Amma mən dayanan kimi də dayandın, sağol.

Niyə özümdən qovuram səni? Düzün deyim? A kişi, utanıram sənnən, başa düşürsən? Uta-nı-ram! Gəlirəm girirəm xarabama ki, bir az tək qalım, filan günahı eliyim, behman ləzzəti alım, bir də baxıram ki, budey, böyrümdə dikilmisən. Ta hamama da mənlə girirsən. Belə şey olmaz axı. Düş də yaxamdan. Bir söz də deyəsən dərd yarı, neynirəmsə durub mal-mal baxırsan. Mənə də pis təsir eliyir. Bəlkə heç sən bunu görmək istəmirsən, nolsun ki, dinmirsən, etiraz eləmirsən, bəs mənim mərifətim?

Lom olma belə, qardaş canı, bax, buna bax, içimdəkinə bax, gör bir dəyqə susur? Dünən gecə səhərəcən qoymuyub yatım. Qələt eləyib birinə bir hörmətsizlik eliyirəm, dərhal səsini başına atmır bəs: niyə dedin, niyə elədin… qadın dır-dırı bununkunun yanında toya-bayrama aparmalıdı. Amma nolsun, əsas odur, hörməti var – artıq hesablaşıram onunla, kiməsə nəsə deyəndə məcburən, onun da fikrini nəzərə alıram, yoxsa gecə yerimə girən kimi başlayacaq axı! Zəhləmimi töküb lap. O gün gül kimi süfrə qurmuşam özümə, o qədər naz-neməti düzmüşəm masaya, elə bismillah eləmək istiyirəm ki, bir də gördüm xortdan tapıldı. Özü də neyləsə yaxşıdı? Dünyanın harasında bir acınnan ölən, yeməyə çörək tapmayan varsa, hamısının şəkillərini slayd-şou kimi düzdü gözümün qabağına. Hə. İndi ye görüm necə yeyirsən! Zəhər oldu hər şey, inanırsan? Deyirəm, a kişi, niyə belə eliyirsən? Xoşuna gəlir məni incitmək? Qayıdasan ki, dost acı deyər. Puah! Dostmuş. Mənə lazım deyil onun kimi xırdaçı dost, mənim bir dənə dostum var – o da sənsən! Bayaqdan çərənləməyimə baxma, günəş haqqı, mən səni çox istiyirəm, elə çərənləməyim də buna görə di də, ay kölgəm mənim, əzizim, həmdəmim. Həmişə yanımda, arxamda ol e, bu mənə də xoşdu, amma arada bir etiraz elə, səsini çıxar axı… ya da heç dinmə, elə belə yaxşıdı…

İlqar Kamil

Paylaş

Şərh yaz