On səkkizə qədər (Hekayə)- Qurban Yaquboğlu

0

Yəqin belə səhnəni kinoda-zadda çox görmüsünüz: saçları çiyninə tökülmüş Qadın uzun yolun o başından gəlir, bu başdasa Kişi –özü də gülümsəyə-gülümsəyə yox ha, bir az qüssəli görkəmdə –dayanıb onu gözləyir. Belə mənzərəni görəndə həmişə gözlərim dolar, tüklərim biz-biz qalxardı; əvvəllər beləydi.
Yaşadıq gördük həyatda bir az başqa sayaqdı, özü də yolun o biri başında sən dayanmısansa, zəvzək bir inzibatçıdan bu səhnəyə buraxılış vərəqəsi almısansa, yolun hələlik bitməməsi naminə ayağını bircə santı da tərpətmirsənsə…
Sonradan bu mənzərəni yaddaşında təzədən quraşdırıb şifrəsini açmağa çalışacaqsan: “Gözümə görsənən nəydi, elə?”.
Hə, nağılı marşrut avtobusundan başlasaq, əhvalatın aydınlaşmasına daha yaxşı zəmin yaradarıq; demək istəyirəm ki, mən həmin gün günortaüstlü ağ rəngli bir marşrut avtobusuna minib Bakı qəsəbələrindən birinə, istirahət mərkəzinə gedirdim. Rəng yaxşı yadımdadı; bütün avtobuslara diqqətlə baxırdım, hansı nömrəliyə minəcəyimi dəqiq bilsəm də, elə bil, səhv buraxmamaq üçün boyaya da əhəmiyyət verməliydim.
Bəlkə də belə vasvasılığının yer kürəsinə, atmosferə və sairəyə dəxli vardı, qarşıdakı görüşə yox. Qadın Kişiyçün hansı xörəyi bişirəcəksə, elə onu da bişirəcək; qazana nə tökmək istəyirsə, onun bazarlığını qabaqcadan edəcək. Nə olmalıdısa, o da baş verəcək, baş verməyəcəksə, deməli, gərək deyil. Qadınlar belə şeyləri yaxşı bilirlər, xüsusən də çoxbilmişləri.
Sarsaq gündəydim-kədərliydim. Bir yanda hava tutqunluydu, bir yandan da konduktor uşaqlıq dostuma bənzəyirdi. Uzun çək-çevirdən, düş-mindən sonra “dostum” asta səslə aza biləcəyimi götür-qoy eləyən düşüncələrimə son qoydu:
– Bura sizin dayanacaqdı.
Zalım oğlu elə astadan danışır, eləbil, təziyə məclisinin xidmətçisidi. Budu, məni yola salıb rahatlaşır. Avtobusdan düşən kimi bütün düşüncəmi toplayıbistirahət kompleksinə- nəhəng hərflərə, xırdaca budkaya, açıq darvazadan görünən dekoratik bitkilərin düzümünə, tikiliyə dərs kitabı kimi baxdım. Nəyisə əzbərliyənə oxşayırdım, eyni zamanda, yaddaşımı qurdalayıb dərinə varmaq istəyirdim: “İlahi, mən buranı tikən ustanı tanımıramki ?”
Məncə, açıq darvazadan keçsəydim, heç kəs qənşərimi kəsməz, köhnə sırıqlı geymiş laqeyd gözətçi də müdaxilə fikrinə düşməzdi: “Nə olsun, bir adam da keçdi…”
Görünür, açıq qapıyla düzgün davrana bilməyib, gözətçini narahat elədim, o da qıraq-bucaqda, ayda-ildə bir dəfə gözünə görünən fürsəti buraxmadı:
– Eey, ay oğlan, – dönmədim ki, bir də çağırsın, – ay oğlan…
Demə, əməlli-başlı məlumat verməliyəmmiş. Hansısa bir müəllimə hara, kimin yanına getdiyimi deməliyəmmiş – açığı, Qadının ad-familyasını söyləyəndə artıq iş tutmuş adam kimi lap yerə girdim – ona zəng çalmalıyammış, nəhayət, razılıqdan sonra məni buradaca qarşılamalıymış. Bütün bunlar sənədləşdirildi, hələ bir vaxtı da soruşdular.
– Saat neçəyə kimi yazaq? 17-yə, yoxsa 18-ə qədər?..
İnzibatçı buraxılışı yazıb qurtardı, rahat nəfəs aldı, eşiyə çıxdıq. Qadın hələ görünmürdü, yol bomboşuydu, təcrübəli darvaza inzibatçısı fürsəti yenə əldən buraxmadı:
– Çoxdan şəhərə çıxmıram. Bakı merindən nə danışırlar? Doğurdan, onu tutacaqlar?
İndi mən də onun beynini qurdalaya, Allah bilir, qohumu, dostu, qudası, lap elə adicə qiyabi rəğbət bəslədiyi köklü-köməcli vəzifə sahib barədə ağzıma gələni danışa bilərdim.Heyif, güzəştə getdim.
– Yox, əşi. Filankəs onun ətini yesə də, sümüyünü çölə atmaz…
Yolun o başında Qadın göründü. Əlimdəki buraxılış kağızını barmaqlarımla yoxladım.
***
Əri qatar bələdçisidi, həftələrlə hansısa reysə çıxır– daha bundan artığını bilmirəm; ya bəlkə bələdçi də deyil, mən bilən, tez-tez evdə olmur. Qadınlar bir şeyin yoxluğuna elə bəzək vururlar, görürsən, ölmüş bir adam uzaq səfərə çıxır…Nəsə, bu xırda-para detallar məni dalamır. Evinə getmirəmn, məhəlləsindən keçmirəm. Onu özgə səmtə qazıb arayıram; mənim mövzum ayrı mövzudu.
Sarsaq vaxtda özümü çatdırmışam; nahar üstündən durub gəlib. Nəsə gülümsəyir, yəqin belə eləməlidi; mən də gülümsəyirəm; mən bilən belə mimika mənə yaraşır. Ürəyimin altında da yekə bir yumru hiss eləyirəm, özü də çoxdan hiss eləyirəm, deyəsən, bu bizi gözləyən hadisələrin yığnağıdı. Bu duyğuya qanımqaynayır, Qadına qanım qaynadığı kimi. “İlahi, bu Qadını yaradanı tanımıram ki ?”
Heç nədən danışa-danışa binaya yönəlirik. Yeməkxanadan oğlunu gətirməlidi, o qayıdana kimi mənim də təzə şeylər barədə fikirləşmək imkanım olacaq. Hələ şəhər zəngləşəndə dedi ki,oğlum da yanımdadı, dedim, nə olsun, fərqi yoxdu.
Gərək “fərqi yoxdu” deməməyəydim, yaxşı çıxmır, amma o da həssasdı, bilir ki, fərqi var. Bilir- bax, onun qiyməti budu.
Oğlunu birinci kərə gördüm deyə, sinclə baxdım; guya o bizim ikimizin ola bilərdi, amma taleyin işinə bax ki… Əlindəki bublikin axır tikəsini udanda içimdəürəyimdi, ya haradısa, ağrıyıb tərpəndi.
Budu, üçümüz pillələrlə aşağı enirik, Qadın yolu göstərə-göstərə danışır, guya illərlə burda qalacağıq. Sözləriylə, nəfəsiylə bütün efiri doldurub; bu iki adamı bilmirəm, mən rahatam.
***
-Evim bax, budu- qapını açıb içəri keçən kimi deyir. -Biz də insan kimi yaşadıq.
Dərhal da izah eləyir:
– Təkcə soyunub yatağa girmək sənlikdi, qalan bütün qayğını çəkirlər.
Gülümsünə-gülümsünə mənə, oğluna baxır. Sadəlövh-sadəlövh özümü inandırmaq istəyirəm ki, belə sözləri mənimlə oğlunun yanında deməkdən aldığı ləzzəti başqa heç kəsin yanında duya bilməz.
Bütün qadınlar kimi əvvəl çay hazırlayır, danışa-danışa otaqda nəyisə yerbəyer eləyir, oğluyla uşaq söhbətinə girirşir, nəhayət, mürgüləmək istəyən balacanın üstünə adiyalı çəkir:
-Yat, mənim balam. Biz də gedək, dənizə tamaşa eləyək.
Adi işlə məşğul kimi ayaqqablılarımızı geyinirik. İlahi, beş gün burda istirahətə gəlib, güzgünün qarşısını ətirlə, dezodorantla, cürbəcür xırda-para şeylərlə doldurub.
Bircə qapı bağlanaydı. Nə illah eləyirik, qapı çöldən örtülmür. Deyəsən, nizamı pozulacağından narahat olan fikirlərimin siqnallarını tutur. Üzümə baxır, gülümsəyir. Otağa qayıdıb oğlunu öpür. Baş sancağı kimi, əlinin altda bir mismar peyda olur. Qapını dartır, eşikdəki daşla mismara hücum çəkir. Vəssalam. Gedə bilərik.
Yavaş-yavaş dənizə sarı enirik;onunla nədən istəsəm, danışa bilərəm, yüngülcə qoluna toxunuram, hələ Allah bilir, qarşıda nələr var. Olmasa belə, darılmayacam; o belə şeylərin sirrini bilir.
– Sən dənizi görmüsən?
– Niyə görməmişəm? O qədər…
– Harda?
– Bulvarda. Bəyəm fərqi var?
– Yox, elə bir fərqi yoxdur. Amma inanmıram, dəniz bulvarda üzə çıxsın. Dəniz nəsə başqa şeydi… Hərdən-birdən bu tərəflərdə, Bilgəhdə-zadda əsl dəniz gözə dəyir.
– Gözünə cürbəcür, əndrəbadi şeylər görünür…
– Hərdən mənə elə gəlir, dəniz kişidi.
Qolumu qolunun böyüründən çəkirəm. O, başqa kişidən, lap dənizdən olsun, danışarsa, mən niyə ona toxunmalıyam? Tez-tez “kişi məsələsində” toqquşuruq. Mən onu hamının, hətta vaqon-vaqon gəzən ərinin də əlindən almaq istəyirəm. Osa nəinki mənim, heç təkcə ərinin də olmaq istəmir. Bəlkə də ürəyində gülüb deyir: “Heç bir gecəliyə də məni ala bilməyib., həmişəlik almaqdan danışır”. Gizlin-gizlingülürsə, düz eləyir; doğruya nə deyəsən? Amma aşkarda belə məsələlərdə ciddidi. Nə bilim, vallah, arvadların aşkarlıya gizlinini ayırd eləmək müşkül məsələdi.
***
İndi bir şey xoşuma gəlir; addımlarımızın ritmini mən müəyyənləşdirirəm; ən əsası o bu ritmə mane olmur, əksinə uzun, buruq saşlarıyla, dolu biçimli ayaqlarıyla, qəribə, ləngərli yerişiylə bu ritmə qarışıb şirinçay düzəldir. Xoşdu, xoşdu…
Mənim bir gizli, hər kəsə açıb danışmadığım- heç bəlkə indi də yeri deyil- arzum var: nə vaxtsa dünyanı içimdəki ritmlə, asta-asta,ustuf-ustuf gəzib dolaşmaq! Eh, o qədər danışmalı söz var ki, kimdi qulaq asan…
Əvvəl mənə elə gəldi “möcüzə” skamyada oturanda baş verəcək. Sonra fikirləşdim ki, qayaların arxasına keçəndə…
Skamyada elə oturdu ki, təkcə nəfəsim ona çatırdı; bəlkə də onun məndən almaq istədiyi elə buydu.
Taxta parçaları yığıb sahildən. Fiqurlar yonacaq.
– Odey, qayaların arxasında gizləmişəm – xırda, kündə kimi böyür-böyürə düzülmüş təpəcikləri göstərdi.
-Gedək, -dedim, – sənin mebellərinə baxaq.
Söhbətləşə-söhbətləşə qumda gəzişirdik. Heç taxta-zad da tapmadıq. Ləpirlərini ayaqlayırdım, çevrilib baxır, gülümsəyirdi.
-Çox gəzəcəksən?..
Qaribə qadındı. Ləpirini ləpiri üstə qoyursan, xoşuna gəlir, amma sinənə sıxmağını istəmir.
Sahildən ayrıldıq. Yastı yoxuşun başında qəfil ona sarı döndüm. Zümzüməsini kəsdi.
-Ya təkcə mənim olacaqsan, ya da kim istəyir, onun. Mənimsənsə, başqasından gözünü yığ.
Sifətinin dərisi dartıldı.
– Mən sahilə heç kəsin böyüründə şərtlə düşüb-çıxmıram. Kiməsə bağlanmağın əziyyətindən çoxdan qurtarmışam. Məndən gözləmə!
Ona baxdım: saçları düz dənizin fonuna düşürdü. Onu ya öpməliydim, ya acılamalı… Mənə elə gəldi, dənizə hirslənməliyəm, qoy öz payını götürsün.
– Dəniz kişi olmağına kişidi, amma “qoluboydu”.
… Bu atışmadan sonra rahatıydım. Bilmirəm, onun hövlank reaksiyası məni razı salmışdı, ya o, havaya elə bil iksir qatmışdı ki, ovqatımız axıra qədər korlanmasın…
Qapıya çatanda qıraqdan kəlbətin götürüb, mismarı çəkib çıxardı. Qapı açılan kimi oğlu üstünə cumub anasının dizlərini qucaqladı.
Doğurdan, artıq “kadr”ıydım.
Qolumdakı saata baxdım: 17:05. Hələ 50 dəqiqədən artıq vaxtım vardı.
– Mütləq saat 18.00-da getməlisən? – Üzümə baxdı.
Bilmədim, gec də gedə biləcəyimə işarə vurur, yoxsa, “əgər getmək istəyirsənsə, indi get” deyir. Bir az artıq diqqət göstərsəydim, bilərdim. Amma nə hacət…
Düz 17:45-də ayaqqabılarımı geyindim. Oğlunu da götürüb mənimlə çıxdı.
-Ta bəsdi, – pilləkənlərin başında durdum: – Qayıdın.
Ərini müharibəyə yola salan qadın kimi baxırdı. Mənim salamat dönəcəyim və ya ölüb qalacağım taleyin işiydi… Amma o çox şey bilir.
Üzümdəki hüznü elə bəri tərəfdən görürdüm.
***
Yəqin bu səhnəni də kinoda görmüsüz: Qadından aralanmış Kişi gözdən itə-itə qaça-qaça geri dönür.
Avtobusa, özü də qabaqda oturub beç-on metr getmişdik ki, sürücü əyləci basıb aşağı düşdü. Həmin anda sükanın arxasına keçib maşını geri döndərmək istədim. Daha doğrusu, bu hiss sinəmdən qabaranda sevindim, rahatlaşdım.
İndi mənə buraxılış vərəqəsi lazım deyildi.

Qurban Yaquboğlu

Paylaş

Şərh yaz