“Siqaret giləsi” hekayəsi- İlqar Kamil

0

Əlinin duzu yoxdu, duzu, – yerinin içində bəlkə mininci dəfə eşələndikdən sonra bu qənaətə gəldi – Varsa bəs niyə hər şey belə əksinə olur? Yemə, içmə, gəzmə, şellənmə, şalvar tapanda ayaqqabı tapma, sevmə, sevilmə, bütün gəncliyini bunların yaxşı yaşamasına həsr elə, axırda da gəlib desinlər ki, bizi bu günə qoyan sən oldun, imkan vermədin öz ayağımız üstündə dayanaq! Ağladı, sonra ağladığına utandı, tez qalxıb açıq pəncərəsinin qabağında keçdi. Küçəni qulaqdələn səssizlik bürümüşdü, arabir hardan harasa şütüyən maşınların səsi də olmasa elə bilərdin, hamı ölüb.

Üşüdü, yorğanını çiyninə atıb mətbəxə keçdi. Siqaretini götürdü. Qutunun dibində cəmi bir gilə qalmışdı, baxdı, baxdı… elə bildi ki, özüdü. Çəkmək meyli yox idi, sadəcə od vurub bu boynu bükük giləni tənhalıq əzabından qurtarmaq istədi, amma nə billah elədisə alışqanı işləmədi. Zibil!!! Ona elə gəldi ki, alışqan sadəcə onu adam saymır deyə yanmır. Onu var gücüylə yerə çırpdı. Alışqan kürəyi yerə gəlməyən pişiklik elədi, sınmadı. Necə yəni? Bu dəyqə! Çəkici axtardı, alışqanı ət kötüyünün üstünə qoyub başını ilan başı kimi əzdi, sonra şüşəsini tikə-tikə elədi. Çəkici bir tərəfə tullayıb hönkürdü. Axı alışqanın günahı nə idi? Mərətə qalasan, axı niyə hər şey belədi? Axı niyə onu görən yoxdu? Axı o var! Bəlkə, yoxdu?

İlk dəfə piyada keçidində o qədər maşının onun yolu keçməsini gözləməsindən anlamışdı var olduğunu, kefi durulmuşdu. Özünü pis hiss eləyəndə arabir həmən keçidə gedər, gözləyərdi ki, keçiddən adlayan yalnız o olsun və maşınlar məhz ona görə dayansın, gözləsin. Belə olanda özünü adam oğlu adam sayırdı, köksü qabarırdı, addımlarını elə astadan, darta-darta atırdı ki, sanki indicə canlı yayımdadı və bütün dünya onu izləyir.

Hamının elədiyi bir işi eyniylə, bitdə-bitdə, xüsusi dəqiqliklə təkrarlayırdı, di gəl ki, sonda hamını tərifləyirdilər, o yenə açıqda qalırdı. Belə də şey olar?! Axı nəyi düz eləmirdi?Çatmayan nəydi? Soruşmağına soruşurdu, amma sualına məhəl qoyan yox idi. Deyirdi, a qardaş, tənqid edin, deyin, söyün barı, axı mən də insanam, hətta lap belə təhqir edin, yetər ki, nəsə deyin, mən də var olduğumu bilim, deyirdi, amma yox, arxasınca belə danışan yox idi. Camaatın saatlarla, günlərlə qeybətini qılırdılar, xalxın uşağına şər-böhtan atırdılar, onunlasa heç məzələnən də yox idi. Bu nə sağalmaz yaraydı axı! Düşünməkdən beyni şişmişdi. Bir şeyə əmindi ki, günahkar özüdü!

Hansısa daydayın bir qazan aş yeyib əlini qarnına sürtə-sürtə, bəlkə də məzəyçün dediyi “bütün hallarda günahı özündə axtarmaq lazımdı” fikri beyninə elə hakim kəsilmişdi ki, küçədə qəfil biri yaxınlaşıb sadəcə könlü istədiyi üçün sifətinə bir yağlı şillə çəksə yenə günahı özündə görəcəkdi: sənin burda nə azzarın ölmüşdü ki, gəlib qulağının dibini qızışdırsınlar!

Sonra kitablar oxumağa başladı; oxuduqca böyüdü, böyüdükcə böyüdü – ta o qədər, o qədər şişdi ki, birdən şar kimi partladı: “Mənimlə problemi olanlar özüylə problemi olanlardı!”

Bir müddət başını bu prinsiplə aldadıb vecsiz-vecsiz yaşadı, amma yenə olmadı, axı nə fərqi var problem kimdədi, axı hər iki halda vəziyyət eynidi. Axı yenə də onu adam yerinə qoyan yoxdu!

O gün mətbuatda, illərdi evində tək qalan bir qadının cin, qaraçuxa, nə bilim, bu kimi şeylər gördüyünü oxuyub dəliyə dönmüşdü: o da təkdi də, bəs niyə onun gözünə görünmürlər bu mərətə qalmışlar! Doğurdan e, – indi də ağlına gəldi – niyə görünmürlər? Onu adam saymırlar? Qalxıb otağında cin axtarmağa başladı: ay cin, hardasan, çıx ortaya, ay cin, ay cin!… Cinin cınqırı belə çıxmadı. İndi, lap elə indi ona elə gəldi ki, heç vaxt ölməyəcək də, axı Allahın nəyinə lazımdı o? Yəni Allah eləməyəcək tənbəllik, bunun canını almaq üçün ölüm mələyi-zad göndərəcək? Yox, əşi, inanmaz! Allah onu unudacaq, beləliklə o əbədi yaşayacaq – tək-tənha! Qutunun dibindəki tək qalmış boynu bükük siqaret giləsini xatırladı, ürəyi sıxıldı.

Əzrayıl bizə gəlməz, eybi yox, biz ona gedərik! – Buz kimi suyla qəşəng bir duş qəbul edəndən sonra qərar verdi ki, sabah özünü öldürsün. Sabah eşitdiyi bir gəncin intihar xəbəri və bu xəbərə olan möhtəşəm reaksiyalar onu daha da həvəsləndirdi. Xəyallara dalmadı bəs: Budur, özünü asıb, hamı şokdadı, yazır, pozur, sosial şəbəkələr bir-birinə dəyib, iş ora çatıb ki, – burası lap həyəcanlıydı – polis də hadisə yerinə gəlib, intihara münasibət bildirib. İndi yeddidən-yetmişə, hamıya yalnız bir sual maraqlıdı: “Niyə?” Fərqli-fərqli TV kanallar müğənniləri, ilahiyyatçıları, psixoloqları bir yerə yığıb müzakirə edirlər: “Kərim Nehmətovun intihar səbəbi nə idi?” Sevincdən gözləri yaşardı, baxdı ki, aman Allah, qonaqların arasında çox-çox sevdiyi müğənni də var, lap həvəsləndi. Qaça-qaça evdən çıxdı, marketə gəldi, tez-tələsik intihar üçün lazım olan bütün əşyaları aldı. Gecikmək olmazdı. Tez də evə qayıtdı. Lap toyuna hazırlaşan bəy qədər həyəcanlıydı. Stulun üstünə çıxdı, yoox, a kişi, az qala unudacaqdı. Düşüb paketdən yeni aldığı alışqanı çıxartdı, boynu bükük siqaret giləsinə od vurub eləcə barmağının arasındaca tutdu. Siqaret yandı, yandı, yandı… sonra tüstüləndi, sonra söndü… Artıq bu həyatlıq heç bir vacib işi qalmamışdı, rahat-rahat ölə bilərdi. Yenidən stulun üstünə çıxıb kəndiri boğazına keçirdi. Son anlarında xatirələri belə ona yaxın durmadı, bircə neçə ildi ayrı yaşadıqları Nərminin xəfif təbəssümü gəldi gözünün qabağına, kəndirdəcə, boğula-boğula ağladı…

İki gün sonra oxucu sayı əlliyə güclə çatan, elə onun özü kimi bir saytda belə bir xəbər çıxdı: dünən gecə saatlarında Xətayi küçəsi, 25-də intihar hadisəsi baş verib, ölənin kimliyi haqda heç bir məlumat yoxdur.

Oxu sayı bu dəfə heç əlliyə də çatmamışdı…

İlqar Kamil

Paylaş

Şərh yaz