Təyyarə – İlqar Kamildən yeni hekayə

0

Elə bil mıx üstündə oturmuşdu, olduqca narahatdı, sağa baxdı, sola çöndü, arxasına çevrildi, qəribədi, ondan başqa heç kimin heç nə vecinə deyildi, elə oturmuşdular, elə bil restoranda ofisianta nəsə sifariş verib arın-arxayın gözləyirdilər. Bu onu nisbətən sakitləşdirdi: heç kim qorxmursa demək ki, qorxulu bir şey yoxdu!

Amma olmadı, yenidən xof bürüdü canını: birdən partlasa, birdən ortadan qırılsa… axı üç yüzə yaxın adamı cəmi iki saatın içində Kinkong kimi necə ovcuna alıb dünyanın bu üzündən o üzünə qoymaq olar! İndiyə kimi eşitdiyi bütün təyyarə qəzaları slayd-şou kimi dolaşdı-gəzdi beynində, hiss etdi ki, ürəyi bulanır. Soyuq tər basdı bədənini. Ay zibil, indi qaytaracaq. Neyləyəydi? Bir çarə tapmaq lazım idi. Tez gözlərini yumub belə qara günlər üçün saxladığı xatirələrinin içindən ən gözəli, ən unutduranını seçdi: toyudu… şaqqanaq çəkə-çəkə rəqs edən dostları… musiqi nömrələri… səs-küy… xatirə köhnəlmişdi-nədi, işə yaramadı, həyəcan artıqca artırdı.

Axı o niyə belədi? Niyə qorxaqdı? Yox, məsələ qorxaqlıq deyil, sadəcə bu onun ilk uçuşudu deyə belə həyəcanlıdı. Həyatı da ilk dəfə yaşayırlar da, heç bu qədər stres keçirmirlər, qorxmurlar… yox e, yox, yalan deməsin, qəbul eləsin, burda başqası yoxdu ki – o qorxağın, tırsığın yekəsidi. Oxx, gerçəkçi olmaq nə gözəlmiş – bir az yüngülləşdi.

Stuardessa təhlükəsizlik qaydalarını izah edəndə ona elə gəldi ki, qızın əlindəki kağız səmavi kitab, özü də hansısa mələkdi. Kitab – Quranı, Quran da Allahı xatırlatdı, içinə sərin bir hüzur səpələndi, amma burda hislər bir-birini olduqca tez-tez əvəzləyirdi: həyəcan, qorxu, yüngüllük, yenidən qorxu, yenə hüzur, yenidən həyəcan…

“Hörmətli sərnişinlər, təyyarəmiz uçmağa hazırdı” – Əlahəzrət gözəgörünməzin xəbərdarlığı köksünü qabartdı, tufan qopdu, dəniz dalğalandı, ayaqlarını yerə, dirsəklərini kreslosunun qoltuqlarına sıxdı, sıxdı, sıxdı… ağzını elə möhkəm yummuşdu ki, sanki başının üstündə diş həkimi dayanmışdı və ondan israrla ağzını açmasını tələb edirdi. Diş həkimi… uşaqlığı… anası… qorxanda anasının göyərçin əllərindən tutması… toxtaması… Köks ötürdü: Kaş indi də anası yanında olaydı, kişi balam, deyəydi, qorxma, qorxma, ana canı, çox ağrıtmıyacaq!

Budur, iki üzü gülər mələk göy arabalarını qabaqlarınca sürüyə-sürüyə yemək-içmək paylamağa başladılar. Əla! Yarım saat da belə qatacaq başını. Pepsini bir nəfəsə içdi, paketi səliqəylə açdı: çörəyin arasında neçə dilim kolbasa vardı. Yəqin ki, halal deyil, burda halal kolbasa nə gəzir? Bəlkə yeməsin? Əşşi, göyün yeddinci qatındadılar e, din-şəriət yer üçündü, vursun cana, vurdu da, heç nə olmadı, amma qəfil ona elə gəldi ki, səmanın bu ənginliklərində Allaha daha yaxındı, qəribə hiss idi, Allahı lap başının üstündə hiss elədi, utandı.

Birdən təyyarə kələ-kötür yola girmiş maşın kimi atıllıb düşməyə, silkələnməyə başladı, yenidən əlahəzrət gözəgörünməzin səsi duyuldu: hörmətli sərnişinlər, təyyarəmiz hava sıxlığı ilə rastlaşıb, lütfən təhlükəsizlik kəmərlərinizi bağlayın. Yenə tufan qopdu, dəniz coşdu, köksü qabardı. Budur, diş həkimi, uşaqlığı… anası… göyərçin əlləri… hiss elədi ki, qarnı agrıyır. Biyabırçılıq! Nəsə etməliydi, xatirələr də işə yaramırdı, ay Allah, ay Allah, ay Allah…

Gözü sağdakı sırada, böyründə əyləşən qıza sataşdı, ilahi, o necə gözəl idi. Necə olmuşdu ki, bu bir saat ərzində onu fərq etməmişdi? Bir də baxdı, bir də baxdı, bir də baxdı… hiss etdi ki, qızın gözəlliyi bütün varlığına hakim kəsilib. Amma sevinci cəmi bir kibritin yanıb-sönməsi qədər çəkdi: niyə axı bu qız onun deyil, bir başqasınındı? İçinə qəribə bir nisgil çökdü: axx, görəsən hansı bəxtəvərin sevgilisi, nişanlısı, ya da xanımıdı? Niyə axı, niyə də, niyə bu gözəl onun deyil? Onun deyilsə demək ki, başqasınındı. Başqasınındısa demək baxmaq olmaz! Dərhal nəfsi işə qarışdı: yox, əşşi, onların olmayan o qədər şey var ki, heç başqasının da deyil, və onlar ona sevə-sevə baxırlar, hətta aşiq də olurlar. Məsələn, günəş, ay, yağış… ardınca da belə bir qənaətə gəldi: olduqca gözəl şeylər heç kimə məxsus deyil, ipsizdi, boşdu, sahibsizdi, demək ki, hamınındı. Cürətləndi, dönüb bir də qıza baxdı. Yox, bu mahnı sözləri filan deyildi, qızın uzun, nazlı kiprikləri gerçəkdən də ox idi və dayanmadan qəlbinə-qəlbinə sancılırdı. Bəs ağ, nazik burnu, bəs bəyaz, uzun boynu… yəni bu qız da insandı, o da? Yox, heç vaxt inanmaz ki, Allah bu qızı da hamı kimi torpaqdan, gildən yaradıb.

Baxdı, yenə baxdı: qızın uzun, şabalıdı saçları, piyano dillərinə bənzər əlləri, barmaqları… görəsən kimin ovcunundu bu əllər, hansı bəxtəvərin? Naməlum sevgilini xəyalında canlandırmağa başladı: hündür boy, enli kürək, olduqca yaraşqlı bir oğlan, başqa cür olsa, qardaş canı, qız Allahn lənətinə tuş gələr. Belə gözəlliyi yalnız elə yaraşığa, elə gücə-qüvvətə tapşırmaq olar, yoxsa onun kimi hər yoldan ötən sahiblənmək istəyəcək. Bax gör necə ağır-arxayın əyləşib, bəs necə? Elə güclü sevgilisi olan, əstəgfirullah, heç Allahdan da qorxmaz. Qız ona məhəl qoymadıqca o öz qənaətində daha da qətiləşirdi: hə də, o yaraşığı qoyub bu aranqutana niyə baxsın ki?

Qız da elə bil daş idi, kəssək idi, yəni adam dönüb baxmaz ki ya bu bayaqdan mənə marıtdayan varlıq kimdi, nədi? Bəlkə canavardı, səni yemək istəyir. Yox e, adam böyründə bir həşərat da olsa reaksiya verər axı, bu isə… hiss elədi ki, əsəbiləşir və budur, təyyarənin yer üçün darıxmış təkərləri hava limanının asfaltına toxundu, salondakıların alqış səslərinin ardınca əlahəzrət gözəgörünməzin sevinc dolu səsi bir də, və yəqin ki, son dəfə duyuldu: “hörmətli sərnişinlər, təyyarəmiz uğurla eniş etdi”.

Onunsa gözü qızdaydı, qız özündən də zərif çantasını çiyninə keçirib, qulağında telefon, ehmalca ayağa qalxdı. Şeytan-şeytan gülürdü. Hə, yəqin sevgilisiylə danışır. İndi görəsən nə qədər darıxıb qız üçün. Darıxar də, bəxtəvər, belə qız üçün kim darıxmaz ki!

Təyyarədən endilər, qızı çıxışa qədər müşayiət elədi, əlbəttə ki, girişmək, tanış olmaq üçün yox, bu onsuz da mümkün olmayacaqdı. Sadəcə yaraşıqlı sevgilisini görmək istəyirdi. Gördü də. Qız qaçıb qarşıdakı oğlanın boynuna atıldı, dodaqlarından öpdü. Dəhşətə gəldi. Sısqa, qarabuğdayı, şəpəqulaq, adi bir oğlan idi. Gözlərini döyüb mat-mat baxdı. Elə pis əsəbiləşdi ki. Sanki qız ona xəyanət etmişdi, lap əməlli-başlı aldatmışdı onu, “bu necə ola bilər axı!” -dedi, sarsıldı, sumkasını yerə qoyub çömbəldi və dili özündən xəbərsiz hansısa şairin bu misralarını zümüzümə elədi:

Ovçu bilmirdi,
tüfəng bilmirdi,
güllə bilmirdi:
bu quş dimdiyində
ac balalarına yem aparırdı.
Allah da bilmirdi?…

Qız səmalara doğru uçan göyərçin kimi uzaqlaşdıqca kiçilib yox oldu, yox oldu, yox oldu… o isə hiss etdi ki, arvadı üçün bərkdən, lap bərkdən, özü də səsli-səsli darıxdı. Qəfil oldu bu. Niyəsini bilmədi. Əfkarlı-əfkarlı qatar biletinə baxdı, vaxta hələ 4 saat vardı. Telefonunu çıxarıb əlləri əsə-əsə, əsə-əsə, əsə-əsə arvadına belə bir sms yazdı:

Əzizim, sənə doğru uçdum, bəsdi, yolun qalanını sürünə-sürünə gələcəm.

İlqar Kamil

Paylaş

Şərh yaz