ZONTİK ƏLİ-Ülviyyə Tahirin qələmindən

0

Əvvəllər ona Əli deyərdilər. Sadəcə Əli. Yaşı irəlilədikcə, bütün əlilərin adının qarşısında bir ayamanın olduğunu görürdü: Qaz Əli, Oğru Əli, Şikəst Əli, Qoçu Əli, Alkaş Əli… Ürəyində daim heç kəsə söyləmədiyi bir qorxusu var idi. Görəsən, ona da ayama qoşmayıblar ki?!
Universitetə qəbul olunandan sonra dəhlizdə ayaqlarını aralı qoyaraq gedən-gələn qızları çəpəki süzən gənclərə də adını belə ürkəkcəsinə söyləmişdi. Amma heç kəs onun bu ürkəkliyinə fikir verməmişdi. Dərslərdə daim arxa partalarda oturan və hər kəsə bir qulp qoyan qrup yoldaşlarını gizlincə dinləyərdi. Yox, deyəsən, heç kəs ona ayama qoşmamışdı. Universitet bitdi, özünə iş axtarmağa başladı. Kimi var idi ki, bir qoca anası və bir də evdə qız qarımış bacısından başqa. Hər kəsi kimlərsə irəli çəkirdi. Kiminin dayısı var idi, kiminin əmisi. Kiminin yaxşı bir qayınanası. Şəhər ona canavar təsiri bağışlayırdı. Bu şəhərdə hər kəs udur, hər kəs həzm edirdi. Kim güclu idi, o triumf qazanırdı. Yerdə qalan tör-töküntülərlə isə ətrafda sülənən goreşənlər qidalanırdı. Əli kimi zəiflər isə nəinki o güclülərin, heç goreşənlərin də artığına əl uzada bilməzdilər. Şəhər bir canlı kimi nəfəs alırdı, qidalanırdı və mədəsində Əli kimi kimsəsizləri əridirdi.

Əli əlini dünyadan, dünyanın içindəki bu şəhərdən, bu şəhərdəki bu köhnə evin nəmli divarlarından, siçanların belə yaxın düşmədiyi boş soyuducudan üzüb çarəsizcə yanına salanda kirayə qaldığı otağın taxtaları aralı qapısı döyüldü. Evdə bir atımlıq quru çayı yox ikən, hansı Allah bəndəsi döymüşdü onun gözdən uzaq, könüldən iraq qapısını? Qapını açanda gözləri böyüdü. Qarşısında təhsil aldıqları 4 il ərzində ona bircə quru salamı belə qıymayan Əyyub dayanmışdı. Onu necə tapmışdı – bu sualı Əyyub gedəndən sonra özünə verəcəkdi. İndi isə mat-məəttəl Əyyubu süzdü. Bəlkə də, beş dəqiqəyə kimi bir-birlərinə baxdılar. İkisi də naqolay vəziyətdə idi. Əyyub bu kasıb məhəllədə özünü yad kimi, Əli də özünü Əyyubun qarşısında əzilmiş kimi hiss edirdi. Nəhayət, sükut pozuldu. Əyyub:
-Əəə, etibarsız, universiteti bitirəndən haralardasan? – deyə saxta bir səslə dilləndi.
Əli ondan birbaşa nə üçün gəldiyini soruşmaq istədi. Eynilə kinolardakı qəhrəmanlar kimi ona meydan oxumaq istədi, amma nəyə görəsə cəsarəti çatmadı. Qırıq bir səslə:
-Xoşşş gəmisən. Gəlsənə içəri, – söyləyib bayaqdan söykəndiyi taxta qapını azca araladı. Əyyub yetik nəzərlərlə qapının aralı yerindən otağı nəzərdən keçirib:
-Yox ey, qaqa. Səninlə əla bir iş görmək istəyirik. Dur gedək, səni “full” bir yerə aparacam. Neçə ildi görüşmürük, bunu bir balaca qeyd edək, – dedi və ardınca əlavə etdi, – aşağıda qara Porşedə səni gözləyirəm. Geyin gəl!
Əyyub gəldiyi kimi bir anda yox oldu. Əli o gedəndən sonra da uzun-uzadı taxta qapıya söykənib dayandı. Nə qədər dayandığını bilmədi. Özünə yalnız bu sualı verirdi: “Hansı dərədə qurd ölüb ki, Əyyub kimi şişka onu axtarır?” Ağlına heç bir fikir gəlmədi. Nəhayət, qapıdan aralanıb özünə bayaq Əyyubun xüsusi tələffüzlə söylədiyi maşın markasına bir balaca yaxın düşə biləcək paltarlar axtarmağa başladı.
Palçıqlı küçənin fonunda qara Porşe lilə düşmüş mirvari tək parlayırdı. Bütün şüşələri qapqara olan Porşe ona heç vaxt reallaşmayacaq bir arzu kimi göründü. Elə maşına yaxınlaşırdı ki, qəfil sol tərəfdəki şüşə endi və Əyyubun özündən razı sifətilə tərs mütənasib olan yaltaq səsi ona içəri buyur etdi.
-Maşının da palçıq olub, – bu cümlə ağzından çıxan kimi özünə nifrət etdi. Niyə qururdu? Məqsədi nə idi? Bu əzikliyini mütləq ifadə etməli idi?!-ürəyində öz -özünü söydü.
– Əybü yoxdu. Keçən həftə “Tuareq”-i xurd-xəşil eləmişəm. Bu guya təzədi, – Əyyub lovğa bir əda ilə maşının sükanını döyəcləyib davam etdi, – Universiteti bitirəndən səni görməmişəm. Dedim, bir baş çəkim, görüm neynirsən.
Əli birgə oxuduqları 4 ildə onun halını belə xəbər almayan qrup yoldaşına köndələn bir cümlə ilə cavab vermək istədisə də, “Porşe”-nin təmiz ayaqaltısını, lilə bulaşmış ayaqqabılarını süzüb susdu.Əyyub onun sükutunu gözləmə mövqeyi kimi qiymətləndirib davam etdi:
-Eşitdim, qəzetdə fotoqraflıq edirsən. O boyda yeri bitirmisən ki, gedib kiminsə şiklini çəkəsən?
– Mən işimi sevirəm, – Əli Əyyubun ədabazlıq tökülən cümləsinə qısaca cavab verdi.
-Day mənə də yox də. Heç kim 150 manat maaşla yaşayıb, “mən xoşbəxtəm” iddiasını eləməz. Həyatdı, bir də gördün, atdın tilovu, qarmağa qızıl balıq gəldi.
– Mənim qarmağıma 28 ildi qurbağa düşür. Onu da ha öpürəm, şahzadəyə çevrilmir. – Əli özünü bu naqolay vəziyyətdən çıxarmaq üçün zarafat etdi.
Əyyub aralarındakı buzun belə əriməyindən istifadə edib:
– Burdan bir az aralı əla balıq yeri var. Gedək, görüşməyimizi orda qeyd edək. Hə, nə deyirsən?
Əli çiyinlərini çəkdi və son beş ildə balıq yemədiyini xatırladı.
Bir saat sonra onlar Əyyubun dediyi restoranda balıq yeyib, bahalı bir içkini qurtumlayırdılar. Əli bütün bunları xoş bir yuxu hesab edirdi. İçkinin təsirindən xumarlanıb:
Mən tilovumu hara atım ki, qızıl balıq gəlsin? – gülərək Əyyubun çiyninə vurdu. Əyyub onun əlini çiynindən götürüb stolun üstünə qoydu və:
-Qızıl balığı bu gün mən sənə gətirmişəm, – cavab verdi.
– Sən Poseydon olacaqsan mənim üçün? – Əli özünü saxlaya bilməyib qəhqəhə çəkdi.
– Amma bilirsən, Tanrılar qurban istər. – Əyyub onun bu qəhqəhəsinin müqabilində ilan soyuqluğu ilə dilləndi.
-Nə qurban? – Əlinin bayaqkı qəhqəsinə zidd karıxmış səsi Əyyubun diqqətindən yayınmadı.
– Bir xanım var. Onunla evlənəcəksən. Tanrılar da səni mükafatlandıracaq.
– Xeyir olsun, niyə mən? – Əli sağ əlindəki çəngəli boşqabına qoyaraq oturduğu stula yayxandı. Əyyub onun bu halını sakit bir tövrlə süzərək qəfil söhbətin mövzusunu 180 dərəcə dəyişdi:
-Sənə fotoqraf Əli deyirlər eləmi?-Cümlə bir anda ildırım kimi Əlini vurdu. Ayama, lənətə gəlmiş ayama! Deməli, var imiş. Özü də nə: fotoqraf. O boyda universitet bitir, fotoqraf ol. Yayxandığı stuldan qoparaq çiyinlərini sallayıb Əyyuba baxdı. Əyyub onun gözlərinin bomboş baxmağından istədiyi reaksiyanı alıb:
-Evin olacaq, bahalı maşınların, əla işin. Heyifdi, o boyda savad sahibisən. Anan da xəstə qadındı. Ən yaxşı xəstəxanalarda müalicə alacaq.
-Tanrıların istədiyi qurban nədir bəs? – Əli dumanlı beyni ilə ona bahalı restoranda qonaqlıq verən Əyyubun Poseydon qüdrətini yavaş-yavaş dərk edirdi, hətta bir anlıq boşqabındakı qızıl balığı, süfrədəki indiyə kimi dadını bilmədiyi qara kürünü dənizin dərinliyindən gətirdiyini təsəvvür etdi. Sonra bu təəssürat dumanı sürətlə dağıldı. Gözlərinin qarşısında uzaq kənddə belini şalla sarımış, daim oynaq ağrılarından sızıldayan anasının, həyət-bacada işləməkdən qaralıb kösövə dönmüş bacısının xəyalı canlandı. Yetimçilikdən heç başları ayılmamışdı. İndi onunla qarşı-qarşıya oturan Əyyubun bunları yaşama ehtimalı olmasa da, bütün olmuş və keçmişindən xəbərdar olduğu açıq-aydın idi.
Restoranı tərk edəndə qaranlıq çökürdü. Şəhərin işıqları ulduz kimi parlayırdı. Əyyub onu palçıqlı küçəyə düşürdüb gedəndə lakonik bir cümlə qurdu:
-Sükut!
Əyyub ona düşünmək üçün üç gün vaxt verib qara maşını ilə küçənin zülmətində əridi. Əli dolu mədəsinin verdiyi süstlük ilə yoxsul evinə döndü. Həmişə qəlbində bu evi Qavroşun fil evi adlandırardı. Burada hər kəsdən, bəzən özündən də qaçıb gizlənə bilirdi. İndi gəldiyi restoranının ab-havası yanında ev ona o qədər iyrənc gəldi ki, heç yerə baxmadan birbaşa yatmağa yollandı. Əyyubun təklifi isə xəyalında parlaq bir ləl kimi bərq vururdu. Düzdür, qəlbinin bir küncündə nə isə bir şey ona xəbərdarlıq edirdi. Lakin içdiyi “quş südünün” təsiri ilə bu xəbərdarlığı qulaqardına vurub şirin yuxuya getdi.
Səhər yuxudan ayılanda dünənki axşamı yuxu, Əyyubu bir anlıq ilğım zənn etdi. Sonra yavaş-yavaş fikrini toplayıb özünə gəldi.Yerindən qalxıb elə otağın içində yerləşən əl-üzyuyandan üzünə su vurdu. Soyuducunu açmadan elə stolun üstündəki suxarını gəvələdi. Nə edəcəkdi? Pulu bitmişdi. Kirayəni ödəməli idi. Bir dəfə oturub hesablamışdı ki,aldığı maaşla bu milyonçular şəhərində ortabab bir ev almaq üçün 220 il lazımdır. Damağını yaralayan suxarını hikkə ilə döşəməyə tüpürüb Əyyuba zəng vurdu. Bütün şərtləri qəbul etdiyini söylədi.
Möhtəşəm toy oldu. Hər kəsin qibtə duyduğu bəy-gəlin oldular. Anası onu bəxtəvər bir ulduz altında dünyaya gətirdiyinı söyləyir, heç vaxt onları arayıb-axtarmayan qohumları isə onun haqqında əvəzolunmaz insan kimi ağızdolusu danışırdılar. Ağ gəlinliyin içində qu quşuna bənzəyən xanımı isə elə ilk gecə ona yerini göstərdi.
On il sükut etdi. Qazandıqlarının sayı-hesabı olmadı. Ad-san, tanınmış ailə, məmur bir xanımın həyat yoldaşı. Elit məclislər, içilən bahalı içkilər, sürülən bahalı maşınlar. İdeal bir ailə portreti yaratmağa nail olmuşdular. Poseydon Əyyub onu dediyindən də artıq mükafatlandırdı. Bir sükutun qarşılığında anası daha xəstələnmədi. Bacısı da onun kölgəsində özünə gün ağladı. Hər şey çox gözəl davam edirdi. Lakin bütün bu sükutun kulisində yatmış bir vulkan var idi. Bu vulkandan heç biri sığortalanmamışdı. Bir dəfə içib onu möhkəm döydü. Arvadını – ayrı yataq otağında yatan, tamam başqa bir aləmdə yaşayan özgə qadını döydü. Səhər fırtına qopdu. İlk dalğa arvadından gəldi. Onun on il öncə gəldiyi və astanada soyunub yerə tökdüyü paltarları zalın ortasına tökdü. Həmin palçıqlı ayaqqabı idi. Həmin dama-dama köynək və sürtülüb ağarmış cins şalvar idi. Ona məzlum-məzlum baxırdılar. Özünü bir anlıq balalarını yetimxanaya atıb keflə məşğul olan qadın kimi hiss etdi. Ona keçmişini xatırlatdılar. Evi tərk edib getdi. Əslində, zalın ortasına atılmış keçmiş kimliyindən qaçdı.
Axşama kimi: “bəlkə, gedim üzr istəyim, hər şey ötsün, keçsin”, – fikri ilə vurnuxdu. Ümumi ab-havanı öyrənmək üçün ofisə yollandı. Binaya daxil olub liftə mindi. Gedəcəyi mərtəbənin nömrəsinə əl uzatmaq istəyəndə bir qadın və bir kişi özlərini liftə çatdırdılar. Kişi Əlidən öncə on yeddinci mərtəbəni göstərən sensor düyməyə toxundu. Bir saniyə keçmədi ki, kişi ilə qadının arasında qəribə bir dialoq başladı.
-Səncə indi yerində olar? – Qadın ümidsiz səslə dilləndi.
-Görək, -kişi cavab verdi.
-Ona niyə zontik Əli deyirlər? – Qadın sual verəndə kişi Əlini şübhə ilə süzərək qadına:
-Azz, nə bilim, sakit dur ,- deyə acıqlandı.
Dialoq bitdi. Onlar on yeddinci mərtəbədə düşüb getdilər. Əli liftdə qaldı. Lift ən azı on dəfə mərtəbələr arasında gedib gəldi. Əli küncə sıxılıb ona yapışan ayamasını nifrətlə düşünərkən zamanın necə keçdiyini dərk etmədi. Gecəyarı binadan çıxmaq istəyəndə mühafizəçi ona nələrsə dedi. Qulaqlarında “Əli müəllim” xitabları hey “zontik Əli” sözü əvəzlənirdi. Maşına minəndə selləmə yaz yağışı başladı. Birbaşa maşını evə sürdü. Zala girəndə paltarlarının hələ də orada olduğunu gördü. Yaxınlaşıb naftalin iyi verən o paltarları qucaqladı. Sonra sürətlə əynindəki brend paltarları soyunmağa başladı.
Qapını açıb həyətə çıxdı. Yağış daha da şiddətlənmişdi. Köhnə ayaqqabıları bu on ildə piylənmiş ayaqlarına dar gəlirdi. Asta addımlarla yağışın qoynuna girdi. Elə bu zaman evdən qaçaraq çıxan Gülzar – evin qulluqçusu ona çətiri uzatdı:
– Əli bəy, çətiri götürün, yağış sizi isladacaq.
Əli üzündən saflıq yağan bu qızı şəfqətlə süzərək dinməzcə uzaqlaşdı. Əlindəki çətirlə onun arxasınca baxan Gülzarın göz yaşlarını, o, fərq etmədi.
On gün sonra onu qul bazarında tapdı. Əyyub onun əlindəki pendir-çörəyi iştahla yediyini və üzündəki azad insanlara xas xoşbəxtliyi görəndə maşına minib oradan uzaqlaşdı.

Paylaş

Şərh yaz