LAÜBALİ SUVERENLİK (Esse)- Azər Elşadoğlu

0

Xərçəng xəstəliyini üzündən bizi vaxtsız tərk edən tələbə yoldaşım Emin Rəfibəylinin əziz xatirəsinə.

Ömür öz axarı ilə belə rahat şəkildə gedəndə narahatmı olmalıyıq, yoxsa bu, bir komfort əlamətidir? Mənə qalsa, narahat adamam; bu qədər sadə və axıcı getməsi də, zorunluqlar içində ilişib qalması da bir sorun. Bəzən nə istədiyimin fərqində olmaya da bilərəm. İndi yanımdan ötən adamlara baxıram. Axındır. Bu şəhərin adamları zamanın ömrü belə tovlamasına diqqət yetirmədən verib özünü bu axının qucağına. Eynəyimi qırmışam bu aralar, amma hər kəsin simasında təlaşı, gərginliyi görməyəcək qədər korluğum yoxdur. Hər kəsdə qısavədəli sorunlar, gündəlik qayğılar əlaməti sezirəm. Və düşünürəm, yəqin ki, “bir gün hər şey sona çatacaq” adlı soyuq və amansız fikirlər, uzunvədəli düşüncələr indi bu gündəlik qayğılar içində çabalayan insanlar üçün akademik bir dərd olardı. Necə də qəribədir, bu günün sürətini təsbit edə bilməyən bizlər, sabahlarda dünənlərin qəfil ötüb keçməsi ilə sarsılırıq.
Tələbə idik. Dostumuz qəfil xərçəngə tutuldu. Hər şey o qədər sürətlə baş verirdi ki, biz yalnız onun beşinci əməliyyatında bağırsaq çatışmazlığı yarananda (yoğun bağırsağını göbəyinin ətrafından çıxarmışdılar) anladıq ki, zaman üçün vahid sürət anlayışı yoxdur. Xüsusi şəraitlərdə sürətin bir başqa olması sübyektə görə dəyişmirdi, sadəcə doğrudan da o başqa bir sürət idi. Bir–iki günə qalxacağını və aramıza qayıdacağını sandığımız dost elə bir yola qədəm qoydu ki, artıq biz onu təqib etməli idik. Və mən onun çarpayısını namaz qılması üçün üzü qibləyə çevirəndə, onun öləzimiş və donuq əllərini ovcuma alanda anlamağa başladım ki, elə bir dönəm var ki, orada “bir gün hər şey sona çatacaq” adlı soyuq fikirləri özündən uzaqlaşdırmağa sadəcə gücü yetmir insanın.
Bu mənzərinin önündə bütün vücudumla dərk edirdim, mən qəfil qonağın gəlişinə hazır deyiləm. Bu iztirabın şiddəti də yenə zamanın unutdurucu xüsusiyyətinə məğlub olurdu. Nədir bu ziddiyyət, şüur altında bir gün mütləq gedəcəyimi bilə–bilə necə əməli yaddaşımda bu məlumat özünün praktikliyini itirir? Və mən unutqanlığımı, saysız–hesabsız informasiyaları, həyat sevgimi sorğulamağa başlayıram.
Sonuncu istəyi düşür yadıma. Kağız istəmişdi məndən. Mən də qeyri–ixtiyari qələm də vermişdim. Gülmüşdü. Yaxına çağırıb qulağıma söykəmişdi qansız dodaqlarını: “Torpaq gətir mənim üçün”. Mən təəccüblənmişdim. Aman Allah bu nə istək idi. “Təyəmmüm edəcəm; namaz qılmalıyam”, – demişdi. Mən sarsılmışdım.
Mən onun gözlərinin içinə ancaq qısa bir müddət ərzində baxa bildim. Ölüm lap elə metastaz vermiş rektum kanseri kimi onun vücudunun bütün künc-bucağını sarmışdı. Onun sarımtıl gözlərindən getmək adlı məlumatın suverenliyi müstəmləkəyə çevirmişdi bütün sevdaları. Bu bayağı çılpaqlıq mənim əməli yaddaşımı istila edirdi. Mən birdən qeyri–ixtiyari sevdiyi qızın ondan necə vaz keçməsini düşündüm. Amma onun vücudundakı laübali severenlik, laqeyd kibarlıq məni ayıldırdı. Bu, ona necə də yaraşırdı. Mən o an bütün nəsəhətləri dinləməyə hazır idim. O isə sadəcə susub gedirdi…

Bakı.
08.01.2011.

Paylaş

Şərh yaz