BİR AYƏNİN HEKAYƏTİ- LİDERLİK HƏVƏSİ nə olan şeydi?

0

“…Onları birdirlər güman edərsən, halbuki qəlbləri başqa-başqadır…” (Həşr, 14)

Deyirlər bir nuranı din alimi bir məmləkə gəlir ki, orada camaatın əsas işi palçıq qarışdırıb, kərpic kəsməkdi. Alim qolunu çırmalayıb bir müddət o diyarda dini təbliğ edir. Alimin məntiq və zəkasına heyran olan insanlar yavaş-yavaş dinə hidayət olurlar. Amma deyirlər ki, ay ağa, işimizi görürsən, bizə çox çətindi ki, hər namazın vaxtı olanda palçıqlı çəkmələrimizi çıxarıb namaz qılaq; Olar ki, biz elə namazımızı çəkmə ilə qılaq? Alim görür ki, bu məqamda çox dəqiqlik edib, olmaz desə camaat namazdan uzaqlaşacaqlar, ona görə, eybi yoxdu, siz qılın, Allah qəbul edər inşallah, deyir… Bir müddət sonra o məmləkətə yeni bir alim gəlir. Bir gün o təsadüfən camaatın palçıqlı çəkmələrlə namaz qıldıqlarının şahidi olduqda gözlərinə inanmır. Vaaay, İslam əldən getdi deyə fəryad edib, buna icazə verən alimin ünvanına təhqir qalmır ki, yağdırır. Xəbər keçmiş alimə çatır. O əbasını geyinib yeni alimin yanına gəlir. Onun aşırı danlaqlarını, təhqirlərini və s. dinlədikdən sonra xoş bir təbəssümlə belə deyir:

“Mənim əlimdən bu gəldi, onları çəkməli namaza döndərə bildim, sən niyə narahat olursan ki, sən də güc vur, onların ayaqlarından çəkmələrini çıxar!”

Əslində bu, olmuş bir hadisədi deyirlər. Görün nə qədər acı həqiqət var bu hadisədə. Bizim “qulp” qoyma xislətimizi üzə çıxaran bir hadisə. Bizim inkarçı mədəniyyətimizdən xəbər verən bir macəra. (İnkar mədəniyyəti haqda ayrıca yazım olacaq)
Bəli, dostlar, hər hansı bir camiədə bu mədəniyyət (edilmiş işin ardını gətirmək mədəniyyəti) formalaşmayınca inkişaf olmayacaq! Problemimiz budur!
Məsələn, Azərbaycanımızı böyük bir köhnə və çirkli otaq təsəvvür edin. Və düşünün ki, indi onu təmizləmək və yaşamaq üçün münasib bir vəziyyətə gətirmək lazımdı. İlk bir nəfər otağa daxil olur və əlinə süpürgə alıb otağı süpürməyə başlayır. İkinci adam daxil olur, neynir? Əlbətdəki hücum çəkib -otağı süpürənin süpürgəsini əlindən almağa cəhd edir, elə süpürməzlər, belə süpürmək lazımdı deyir. Və üçüncü adam daxil olur, təbii ki, o da süpürgəyə cumur. Nəticədə nə olur? Otağı süpürgələmək uğrunda islahaçı liderlərin davası düşür. Ay bala, axı otağın işi təkcə süpürülməkdən ibarət deyil ki, pəncərələri silmək də var, qabları yumaq da var, otağın elektrik problemi də var, su çatışmazlığı da var…Bəs bunları kim edəcək?
Yox e, yox, MƏN SÜPÜRMƏLİYƏM! Mənim cəddi-abam süpürgəçi olub, bəs o kimdi? Heç süpürgənin tutulma tərzini də bilimir –deyə saçyolduya çıxırlar. Nəticədə otaq təmizlənmir ki, heç, daha da acınacaqlı hala düşür.

Hə, əziz dostlar, vaxtilə Bonapart Napaleon bizi çox gözəl analiz etmişdi:

“Əgər bir türk əsgəri 10 fransız əsgəri ilə savaşsa 100 faiz türk əsgəri qalib gələcək. Amma əgər 10 türk əsgəri ilə 1 fransız əsgəri savaşsa 100 faiz Fransız əsgəri qalib gələcək.”

Bu niyə belə olacaq bilirsiz? Çünki hamı o bir əsgəri məhz MƏN öldürüm deyə vurub ilk öncə öz rəqiblərini öldürəcək. Çünki dediyimiz kimi, türkün liderlik adlı bir aşırı həvəsi var. Bir qram fəaliyyəti olan hamı ən öndə, ən başda olmaq istəyir. Fəaliyyətin adı ictimai xidmət olsa da, mahiyyəti liderlik uğrunda xidmət olur. Ona görə də heçnə həll olmur. Ona görə də həmişə məğlubuq!
Təsəvvür edin, bir tamaşanın ərsəyə gəlməsi üçün pərdəarxasında zəhmət çəkən nə qədər adamlar var? Mətn oxuyanından tutmuş, qrim edəninə kimi. Bunlar olmasa tamaşa alınarmı? Əsla! Bəli, hamı səhnədə rol ifa edən (özü də baş rolu) aktyor olmağa cəhd etsə əlbətdəki tamaşa nağıla bənzəyəcək!

Napaleonun sözünə qüvvət üçün deyim, Olimpiya yarışlarında Elnur Məmmədli Yaponlara cüdo dərsi keçirdi. Amma milli oyunlarda fotbolçularımız Portuqaliya yığmasına 3 -0 hesabı ilə məğlub olanda sevincimizdən uçuruq ki, maşallah tərəqqi var, 8-0 olmadı. Ya da sabiq baş məşqçimiz sözü ilə özümüzə təsəlli veririk: “Biz zəif oynamadıq, onlar güclü oynadı!” Niyə belədi? Çünki cüdo, güləş və s. bu tipli idman növləri fərdidi, orada həmkarını inkar cəhdi yoxdu, yalnız özünü isbat var. Futbolda isə təşkilatlanma lazımdı. Futbolda isə fədakarlıq var. Hə, səhv eşitmədiz, futbol bir oyun olsa da orda da fədakarlıq olmalıdı. Bu da biz də yoxdu.
Məsələn, Vaqif Cavadov deyir ki, yox e, qolu illa ki, özüm vuracam, ayıbdı axı hücumçu qala-qala pas verim, müdafiəçi gəlib qol vursun, bəs biz burda meydançanı boraşımlamaq üçünük?

Bəli dostlar, bu həmdə cəmiyyətin günahıdır! Nə qədər ki, qapıçıya da, müdafiəçiyə də azarkeşlik edən olmayacaq, nə qədər ki, sevilən təkcə QOL vuranlar olacaq, futbolumuz belə də olacaq! Bu mədəniyyət formalaşmalıdır! Hamıdan -üzdə və meydanda olan inqilabçı olmağı tələb etmək olmaz, axı bu inqilabı formalaşdıran, onun əqidə və fikri əsaslarını quranlar da olmalıdır!
İslam hədislərində keçir ki, “alimin mürəkkəbi şəhidin qanından ağırdı.” Bir cəmiyyəttin dəyər ölçüsü yalnız və yalnız ÖNDƏ OLAN inqilabçı, şəhid və s. olacaqsa qələbə baş tutmayacaq! Çünki o inqilabın fikri binövrəsini yaratmaq məsuliyyəti daşıyanlar da ictimai qınaqlardan qaçmaq üçün, (və yaxud, dəyərə minmək üçün) masa arxasında fikir yaratmaqdansa, mitinqlərdə şüar verməklə məşğul olacaqlar! Çünki şəhid yetişdirən dəyərlərin maarifçilik məsuliyyətini daşıyanlar ictimai qınaqdan qaçmaq üçün öz iş başlarında deyil, səngərlərdə olacaqlar! Məni yanlış anlamayın, deməyim odur ki, məsuliyyətlər bölünməlidir; Biri süpürməli, biri silməli, biri su gətirməli, biri qorumalı…Biribirimizin işinə qulp qoymaqdansa “Allah qüvvət versin!” deməyi bacarmalıyıq! Hücumumuz belə əhatəli və hər tərəfli olmayınca həmişə ağır itkilərlə geriləmək zorunda qalacayıq!

Allah deyir: “(Ey peyğəmbər!) Onları birdirlər sanırsan, amma onların qəlbləri başqa-başqadır!” Yəni Allah onların (İslam düşmənlərinin) zəif cəhətini ortaya çıxraraq müsəlmanları belə olmaqdan çəkindirir.
Ayə nə deyir? Ayənin bizə hekayəti budur ki, illa ki eyni məkanda, eyni meydanda olmaq şərt deyil, qəlblərin, amalın, hədəfin eyni olması əsasdı. Əmin olun, amal birdisə fiziki baxımdan pərakəndəlik nə inki zəiflik deyil, əksinə hətta güc və qüdrət amilidi.
Baxın, eyni amallla yaşayan, eyni hədəf uğrunda çalışan minlərlə Azərbaycanlı dünyanın müxtəlif yerlərində – Amerika, Avropa, Afrikada…olsun, bu ki əladı. Bu ki gücdü. Deyilmi? Amma müxtəlif hədəfləri, amalları olan, biribiri ilə düz gəlməyən 9 milyon Azərbaycanlının bir yerdə, bir ölkədə olması da gücdürmü? Əsla! Ayə bizə bunu demək istəyir. Əsas odur ki, qəlbləriniz (amalınız, əqidəniz, rəyiniz) bir olsun! Hamınız inqilabçı olun, hamınız eyni işi görməsəniz belə, hamınız islahatçı olun, hamınız eyni zibili təmizləməsəniz belə.

Qeyd 1: Bu, hekayətini etdiyimiz və bir tikəsindən söz açdığımız ayə bir zaman kəsimində İslamla düşmənçilik edən yəhudi-müsəlman münafiqləri birləşməsinin iç üzünü açmaq üçün olsa da, eyni zamanda müsəlmanlara da bir mesajdır ki, siz də onlar kimi olmamalısınız! Ayənin bütünü belədir: “Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə, yaxud divar arxasında olarkən döyüşərlər (başqa şəraitdə sizinlə vuruşmağa cürət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların bir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır.”

Kiçik haşiyə: (biraz gülək)
Heç yadımdan çıxmaz, uşaqlıq illərimdə Masallının Viləş futbol komandası Bakının Nefçi komandası ilə görüşürdü. Bakılılar qonaq idi. Hələki yerlilər uduzurdu. Oyunun gərgin vaxtında tribunadan səsgücləndiricisi ilə Viləş komadasının heyət üzvlərinə elan edildi ki, qol vuran oyunçuya İcra hakimiyyəti tərəfindən 100 dollar bəxşiş veriləcək. İlahi, bu sözü demək olar? İnanın, klaviaturam bu elandan sonrakı futbol meydanını canladırmaqda acizdi. Demək, elə bircə kəlmə qapıçımızın da qol vurmaq üçün dəridən-qabıqdan çıxdığını desəm yəqin ki məsələ aydın olacaq. Deyən yox idi ki, ay qardaş, get qapını qoru, axı sən qol vurmaq üçün yox, qol buraxmamaq üçünsən! Hələ məndən aşağıdakı oturacaqda əyləşən tamaşaçının qapıçımız haqda həyəcanla dediyi bu sözə bir baxın: “ayə, bu alçağın sərrast zərbələri var, elə qol vursa-vursa bu vuracaq!”

Qeyd 2:
Dostlar, gəlin heç birimiz ixtisasını aldığımız peşəmizdən, cəmiyyətdə tutduğumuz mövqeiyyətdən narahat olmayaq, özümüzü kəm saymayaq. Narahat olmayaq ki, bizim adımız dillər əzbəri deyil, narahat olmayaq ki, elə peşə seçmişik ki, heç bizi dindirən yoxdu. Baxın, bir xalçanın möhtəşəm əsər olması, milyonlar dollara satılması üçün ən kiçik və bizim lazımsız sandığımız naxışların da çox böyük rolu var. Əslində o xalçanı belə möhtəşəm və zəngin edən o kiçik naxışlardı. Təsəvvür edin ki, siz bu cəmiyyətin o kiçik naxışlarını hörənlərsiniz.
Bir möhtəşəm musiqi əsərinin ərsəyə gəlməsi üçün 10-lar nəfər çalışır, onlardan biri də iki tası əlində tutub ara-sıra (drijor ona işarə etdikdə) birbirinə vuran adamdı. O zaman – zaman eşidilən “tssss” səsi lazımsız deyil, o olmasa musiqi şah əsəri ola bilməz! Siz təsəvvür edin ki, bu cəmiyyətin tas vuranısınız! Sadəcə çalışamlısınız ki, tası zamanında və ən gözəl formada toqquşdurasınız. O zaman öz peşənizi və işinizi sevəcəksiniz.

Bəli, bəlkə də ayrılıqda tasın səsi qulağa xoş gəlməsin və ya “tas vurmaq” elə də lazımlı peşə olmasın amma bir kompozisiyanın tərkibində bu səs və bu peşə çox lazımlı və zəruridir! Yəni, deməyim odur ki, özünüzü bu cəmiyyətin bir parçası olaraq, ona nəsə kiçik də olsa bir rəng qatan fərd olaraq görsəniz öz işinizi sevərək edəcək və əsla yorulmayacaqsınız!

İlqar Kamil
“BİR AYƏNİN HEKAYƏTİ” kitabından..

Paylaş

Şərh yaz