“…Şeytan onlara etdikləri əməli gözəl cilvələndirdi və beləliklə onları həqiqi yoldan saxladı, bir haldaki onlar görürdülər.” (Ənkəbut, 38.)
Adətən “həzz”, “uymaq” mənasında anlaşılan “eyforiya” termini politologiya, psixiatriya və narkologiyada geniş izahlara malikdir. İnternet ensiklopediyası “Vikipediya”da oxuyuruq: Eyforiya – insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixatriyada isə eyforiya hər zaman patoloji məna daşıyır və çox vaxt orqanik beyin fəlci xəstəliyinin ilk əlamətidir… İnsanın səbəbsiz şən olmağı deməkdir. Çünki eyforiya zamanı məmnuniyyət duyğusu şüur məhrumluğuna və kədər, yaxud təlaş duymamağa söykənir… Qandakı spirtin miqdarı ilə əlaqədar olaraq da meydana gələ bilər. Bu vəziyyətdə 100 ml qanda 50-100 mq spirt olur. Ayrıca morfin, mereidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də eyforiyaya səbəb ola bilər…” –bir dost belə yazır.
Səmavi dinlərdə spirtli içkilər və narkotiklərlə şiddətli mübarizənin səbəblərindən biri də təbii ki, onların eyforik fəsadlar törətməsinə görədi. İçkili insan yəqin ki hər biriniz görmüsüz, onlar səbəbsiz yerə şaddılar. Öz aləmlərindədirlər. Dünya veclərinə deyil sanki. Real düşünə bilmirlər. Ona görə də tarix boyu o qədər olub ki, insanları (lazımlı adamları) içirdib hərbi, dövlət və s. sirləri deşifrə ediblər, çox əhəmiyyətli sənədləri imzalatdırıblar…
Eyforiyanın ən pis cəhəti odur ki, bu hala düşən insanı başa salmaq olmur ki, sən aldadılırsan. Necəki içkili insana sən məstsən (piyansan) deyəndə heç cür qəbul etmir, eyforiyaya düşmüş insan da elə olur. Ona məntiq, sübut, fakt – heçnə keçərli deyil, öz aləmində və öz xürrəmliyindədi. Başını da kəs, xəbəri olmayacaq.
Yuxarıda oxuduğumuz ayədə Allah buyurur ki, Şeytanın insanı azdırma, onu haqdan saxlama metodlarından biri də məhz bu dediyimiz eyforiya halıdır. Şeytan öz vəsvəsələri ilə insanın əməllərini ona elə gözəl cilvələndirir ki, insan eyforik vəziyyətə düşür, elə bilir ki, hər şey əladı, elə sanır ki, haqq yoldadı, elə sanır ki, bundan yaxşı adam yoxdur, ona görə də hərəkətdən dayanır. Ayə də bunu deyir: “onları həqiqi yoldan saxladı”. Baxın, dostlar, bir dəfə də bu haqda yazmışdım: “Bütün kainat o qədər sürətlə hərəkətdədir ki, geri qalmaq üçün sadəcə bir müddətlik dayanmaq kifayətdi.” Yəni, əlavə olaraq üzüarxaya hərəkət etməyə gərək yoxdu, sadəcə bir müddətlik dayan, vəssəlam, geri qalacaqsan! Şeytan ( və şeytan xislətli insan) da axmaq deyil axı artıq çaba sərf etsin… enerjisinə qənaət edir, azdırmaq istədiyi insanı zorla arxaya dartmasına ehtiyac görmür, sadəcə onu hərəkətdən saxlayır. Necə? Onu eyforik vəziyyətə salıb öz halından, olduğu yerdən məmnun etməklə. Axı insan yalnız özündən, tərəqqisindən narazı olduğu halda irəliləməyə gərək görür. Heç yadımdan çıxmaz, bir alimin eyforiyaya qapılmış (?!) dövlət məmurlarına səslənişi: “Mən demirəm ki, səhv yolda olduğunuza etiraf edin, mən deyirəm ki, bu qədər əmin olmayın, heç olmasa səhv edə biləcəyinizi ehtimal verin!”
Bu dediyimiz, eyforiya halının fərdi formasıdı. Bir də bir toplumun eyforiyaya düşmə halı var. Böyük qüvvələr tarix boyu kütlələri asanlıqla idarə etmək üçün eyforiyadan geninə-boluna yararlanıblar. Onları müxtəlif vasitələrlə eyforiya vəziyyətinə salıb elə işğal ediblər və edirlər ki, onlar məmnundular, başlarına sığıal çəkilir zənn edirlər, əslində isə başlarının kəsildiyindən xəbərsizdilər. “Biz onları elə işğal etməliyik ki, xəbərləri olmasın” Bu fikir ABŞ-in eks-prezidenti ata Buşa məxsus olmalıdır…
Böyük qüdrətlərin kiçik millətləri eyforiya halına salma nümunələri o qədər çoxdur ki, adam bilmir hansını yazsın. Məsələn, Obama – qaradərili müsəlmanın (?!) ABŞ prezidenti seçilməsi dünya xalqlarını bir xeyli müddət eyforiyada saxladı. Hətta yadımdadı, İranlılar belə Obama sözünü O-BA-MA (Fars dilindən tərcümədə “o bizimlədir!” deməkdir) da təfsir edib sevinirdilər. Guya Obama müsəlmanların nicat gəmisi olacaqdı…
Hə, Obamadan söz düşmüşkən, başqa daha yaxın bir misal deyim, razılaşıb – razılaşmamaqsa sizə qalsın: Demək, təqribən 1-2 ay öncə belə bir xəbər yayıldı ki, əgər dünya Azərbaycanlıları 100 min səs toplaya bilsə Obama ağ evdə Xocalıdan danışacaq. Əla! 100 min səs topla və məqsədə çat! İlahi, canfəşanlıqlar başladı, vətənpərvərlik duyğuları qaxldı, haydı, 100 min toplayaq və Obama Xocalının adını mübarək dilinə gətirsin.
Nə oldu? Toplaya bilmədik? Elə şey olar? Bu da müharibə deyil ki, işimiz Lazıma qalsın. Əlbətdəki topladıq, beş də artıq. Yaxşı bəs nəticə nə oldu? Düz 26 fevral günü cavab gəldi, təqribən belə: “Üzgünük, Obamanın işi çıxdı.” Bu nə üçün idi? Yenə də eyforiya və yenə də dünya azərbaycanlılarını (eyni ilə ayənin dediyi şeytan kimi) Xocalı faciəsi istiqamətində başladığı hərəkatdan saxlamaq üçün. Yadınızdadırsa keçən il Xocalı ilə bağlı yaxşı işlər getdi, bir oyanış oldu sanki. Ola bilsin bu iş bəzi qüvvələri qorxutdu. Ona görə belə bir eyforik siyasətə əl atdılar. Halbuki mən həmişə deyirəm, biz Xocalını dünya dövlətlərinə deyil, dünya millətlərinə tanıtmalıyıq. Rusiyada yaşayan Azərbaycanlıların hansının qonşusu Xocalı faciəsi haqda bilir? Heç buna cəhd ediblərmi? Rusiyada kimi dindirirsən elə bilir ki, Qarabağdakı konfilikti biz yaratmışıq, bizik Ermənilərə zülm edən, onları talayan, qarət edən və s. Bu öz-özünə formalaşıb? Əsla! Ermənilərin bu məsələdə göstərdikləri “əzm” sayəsində. Bir də ki, Əkrəm dayının canı sağolsun! Biz enerjimizi millətlərə sərf etməliyik, dövlətlərtə deyil. Axı ABŞ guya bilmir ki, Xocalıda nə baş verib? Bəlkə Rusiya dövləti bundan xəbərsizdi?!
Kiçik haşiyə: (Yorğunluğumuzu çıxarmaq üçün.)
Belə bir dedektiv janrlı hekayəm var, hələ özümdən başqa heç kim oxumayıb. Gəlin buna lətifə deyək! Demək bir sadəlövhün atasını onun öz dostu öldürür. Və o başlayır atasının qatilinin izini axtarmağa. Bu dostu (əslində qatil olan) ona çox yaxındı. Ona görə də atası ölən bu benava hər dəfə bir yeni iz tapanda bu dostunu israrla çağırıb hər şeyi ona izah edir. Bəzən qatil dost bilərəkdən hansısa yalançı ipucu verib atası öləni eyforiyaya salır. Guya ki, artıq bu istiqamətdə irəliləyiş var… Hə, bu sadəlövh hər vaxt yardım lazım olanda da eyni dostunu çağırır və ondan kömək istəyir. Bəzən bu istək gecənin tən yarısı olur, dostu isti yorğanından çıxmalı, yuxusunu yarımçıq qoymalı olur. Bəzən bu, dostunun çox yorulduğu bir vaxta düşür, bəzən işlərinin olduğu vaxta… Aylarca belə davam edir. Sözün qısası, bu qatil dost günlərin bir günü bütün bu tədqiqatdan bezara gəlir və bağırır: “Ay axmaq, qatil mən özüməm, əl çək məni ora bura sürüməkdən! Əl çək bütün bunları mənə sübut etməyə çalışmaqdan!”
Deməyim odur ki, belə baxıram, Xocalı faciəsini törədənlərin də bu tip bağırmalarına çox qalmayıb. Nə bilmək olar, bəlkə bu da uğurlu xarici politikanın bir parçasıdı…?!
Qeyd: Ayə -Hud və Saleh (ə) adlı peyğəmbərlərin ümməti olan “Ad” və “Səmud” qövmü haqqında nazil olub. Qurani-Kərimdə keçir ki, o iki tayfanın – öz dönəmlərinin aydın insanları olan peyğəmbərlərinə qarşı çox rəzillikləri olub, o rəzillikdən biri kimi, “Səmud” qövmünün İlahi möcüzə sayılan dəvənin ayaqlarını kəsib öldürməsi və beləliklə Allah elçisi Salehə (ə) qarşı savaş elan etməsidir. (Baxın: Şəms, 14) Bütün bunlara baxmayaraq, bildiyiniz kimi, ayənin hər hansı bir kəslə və ya hər hansı hadisə ilə bağlı nazil olması – Quran elmləri terminologiyası dilində desək, ayənin “şəni-nüzulu” ayəni o hadisəyə inhisarlaşdırıb onun ümumiliyini əlindən ala bilmir. Eyni ilə, bizim bir çox tarixi rəvayətlər və macəraları danışıb onlardan bu günümüz üçün ibrət aldığımız kimi, bu tip ayələrdən də bu günümüz üçün nəticələr çıxarmaq mümkün və hətta vacibdi.
Elə isə, sözü gedən AYƏNİN bu günümüz üçün bizə olan hekayəti nədir?
Ayə deyir ki, eyforiya halı səni hərəkətdən saxlayır. Bu haldan çıxmaq lazımdı. Həqiqətləri görmək lazımdı. Bu, özündən aşırı razılıq halı Şeytanın sənin qarış-qarış atdığın addımlarını kilometrlər qədər böyük cilvələndirməsidi, onun hiyləsidi. Ayıl bu səbəbsiz məmnunluqdan. Vaxt azdı, hərəkət etmək lazımdı, dayanmaq olmaz! Ayıl!
Amma necə? Eyforiya halından necə çıxmaq olar?Bu haldan xilas yolu varmı?! Qoy son cümləmiz bu haqda olsun:
Psixoloqlara görə həm fərd olaraq, həm toplum olaraq eyforiya halından çıxmanın yollarından biri, bu hala düşənin üzünə möhkəm bir sillə vurmaqdı. Məsələn, deyirlər içkili insanı məstlikdən ayıltmaq üçün onun ayağının sümüyünə qabaqdan möhkəm bir taxta ilə vurmaq lazımdı ki, o ayılsın.
Amma siz Allah, məni qınamayın, Xocalı ağırlıqda sillədən sonra da bir topmlum olaraq biz bu eyforiya halından ayılmamışıqsa, artıq bu eyforiya deyil, beyin ölümüdü yəqin ki. Allah bizə rəhm(ət) eləsin!
İlqar Kamil
“BİR AYƏNİN HEKAYƏTİ” kitabından..