“Qadınlarınız sizin tarlanızdır!” (Bəqərə, 223).
Analıq hər bir qadının ən təbii haqqı, ən gözəl duyğusu və ən şərəfli statusudur. Və hər bir qadın –istisnasız olaraq- həm də anadır. Düzdür, bəzi kişilər məsuliyyətlərini yüngülləşdirsinlər deyə, ana və qadın başqa-başqa şeylərdi deyib onları fərqləndirmək istəyirlər. Mənsə düşünürəm ki, bütün qadınlar istinasız olaraq anadır. Gəlin bir az böyüyək, dostlar, gəlin analığı övlad dünyaya gətirməklə məhdudlaşdıracaq qədər cılız baxışa sahib olmayaq…
Cənnət anaların ayağı altında…analar ayaq altında…
Bilmirəm ki, necə başlayım?! …Süstləşmiş kişiliyin nəticəsində əzilmiş qadınlıqdan, ona qarşı zorakılıq, şiddət və amansızlıqdan yazmaq bu qədərmi ürəkağrıdıcı olarmış?! Dəhşətdi, vallah…
Ən dəhşətlisi bilirsiz nədir? Qadın elə bir vəziyyətə düşür ki, özü özünün müdafiəsinə qalxır. Təsəvvür edirsiz, qadına təcavüz olunur, döyülür, söyülür, asılır, kəsilir… Kişilər çayxanalarda, tinlərdə, kafelərdə, sosial şəbəkələrdə sadəcə bütün bunların qeybətini etməklə məşğul olarkən qadın çarəsiz qalıb gözü yaşlı halda yıxıldığı yerdən özü qalxır, üst-başının cırılmış yerlərini əlləri ilə örtərək titrəyə-titrəyə özü özünü müdafiə etməyə məcbur olur…Bax bu əsl faciədir…
Bəs nə oldu? Bəs deyirdik kişi qadının himayədarıdı? Bəs nə oldu, hə?!…Belə bir qadın feministləşməsin, neyləsin?! Başqa çarəsi varmı?!
Yenə “qeyrət dağarcıqları” başlamasınlar ki, qadın da qadın olsun da gərək, namusunu qorusun və s… Bu başqa mövzudur. Mənim dediyimsə budur ki, bəli, vəd edilən cənnət hər bir qadının ayaqları altında olmasa da, namusundan, şərəfindən, fahişəliyindən, pozğunluğundan asılı olmayaraq heç bir qadının yeri ayaqlar altı da deyil. Axı o zərifdi…Ayaq altı qadını daşlaşdırar. Ayaq altına salmaqla, tapdamaqla yalnız möhkəmləri yumşaltmaq olar, yumşaqlar isə ayaq altında əzilməklə düzəlməz, daşlaşar…
Elə bilirsiz daş elə əvvəldən daş idi? O da eyni ilə qadın kimi zərif, yumşaq torpaq idi. O qədər yağış yağdı islatdı, külək yerdən-yerə sürüdü, günəş şığıdı yandırdı ki, bütün bu təcavüzlər get-gedə torpağı daşa çevirdi…
İnanın ki, qadının daşlaşması kainatın sonu deməkdir. Kişiləşmiş qadın yaradılışın cızığından çıxması deməkdir. Bir dost necə də gözəl deyib: “Kişinin qadınlaşması – təbiətin, qadının kişiləşməsi isə cəmiyyətin günahıdır.” Cəmiyyət kimdir? Yumşaq torpağı dağların ətəyində ayaqlar altına düşmüş görüb üstünə hücum çəkən həmən o yağışdı, küləkdi, günəşdi…
Bəli! Qoy hər uğurlu kişinin arxasında uğurlu bir qadın olsun, amma arxasında olsun, ayaqlarının altında deyil. Reallıqsa budur ki, qadınlar bir çox uğurlu “kişilərin” ayaqları altındadırlar, arxasında deyil.
Yazırlar Ustad bütün səylərinə baxmayaraq azğınlığını davam etdirən, əyri yollarda ikən dünyasını dəyişən bir avaranın nəşi üstündə hönkür-hönkür ağlayırmış ki, Allahdan qorxuram, düz yola hidayət olmadan tərk etdi dünyanı. Görənlər təəccüblənirlər:
– Ustad, əyri yolda ölən odur, sən niyə qorxursan ki?
Ustad gözlərinin yaşını silib cavab verir:
– Hardan bilirik, bəlkədə günah bizimdi, bəlkə də mənəm günahkar?! …Əcəba ona hər şeyi doğru-düzgün izah edə bildimmi? Əcəba onun düz yola istiqamətlənməsi üçün ona yetərincə diqqət ayıra bildimmi…?
Baxın, belə olmalıdı insanın dünyaya baxışı. Yoxsa yıxılmışı qınamağa nə var ki? Onsuz da pozğunun biri idi, elə ölməli idi və s. deməyə nə var ki?!
İnsanın mədəniyyətinin zirvə nöqtəsi onun gül ilə deyil, zibil ilə necə davranmasından bilinər…
Ey kişi, cəmiyyətdən, dövlətdən tələb edə bilməmə kompleksini qadınındamı sındırırsan? Ətrafındakı haqsızlığın boğazında düyünlənmiş hirsini günahsız qadınındanmı çıxarırsan?! Bəs harda qaldı sənin kişiliyin?! Qadınından israrla mələk olmasını tələb edirsən, bəs sən ona cənnəti verə bilmisənmi?!
…Ən pisi də qadına qarşı olan bütün bu zorakılıqların İslamın adına yazılmasıdı. O İslam ki, onun banisi deyirdi: “Qadın qəhrəman (döyüşçü və s.) deyil, onunla qəhrəman kimi deyil, bir reyhan (ətirli gül) kimi davranın.”
O İslam ki, Romada hələ 9-10 –cu əsrlərdə qadını insan hesab edəkmi-etməyəkmi müzakirələri getdiyi halda ondan düz 3 əsr öncə hökm vermişdi:
“Qadınını döyən kişi vurduğu xəsarətin miqdarından asılı olaraq qadınına diyə (cərimə) ödəməlidir!”
İslamın nazil olma zamanı qadına qarşı amansızlıq o qədər acınacaqlı idi ki, Allah bu məsələyə bir başa özü müdaxilə elədi. “Qadınlarınız sizin tarlanızdır!” – dedi. Bəzi anlamazlar yenə başladılar ağız büzməyə – İslam bu sözlə qadını təhqir edir dedilər…
Ay canım sizə qurban, tarla nədir? Tarla diqqət tələb edən məhsuldar həyat mənbəyidi. Ucu-bucağı görünməyən isti qum səhralardan cana gələn bir ərəb üçün qadının əhəmiyyətini anlada biləcək “tarladan” gözəl nə ola bilərdi?!
Qadının diri-diri basdırıldığı bir dönəmdə Allah onun həyat mənbəyi olması məsələsinə diqqət çəkdi. Tarlanı vaxtı-vaxtında sulamaq lazım, tarlanı qurddan-quşdan qorumaq lazım, tarlaya məhsulsuz, faydasız quru səhralıqlar kimi diqqətsiz yanaşmaq olmaz dedi…
Budur bu ayənin bizə olan hekayəti. Qadına fayda tanımaq. Onun bir dəyər olduğunu xatırlatmaq. Ona şəxsiyyət vermək. Psixoloji ehtiyacıdı hər bir kəsin cəmiyyətə faydası olmaq. İmam Əli (ə) buyurur: “Cəmiyyətə faydası olmayanı ölülərdən say getsin!”
Allah bu tarla ifadəsi ilə hamının lazımsız bir əşya hesab etdiyi qadına çox böyük bir fayda tanıyır: – O, həyat mənbəyidir!
Tarla. Olarmı tarlanı bir gün belə susuz, qorumasız, və diqqətsiz qoymaq?! Məsələ budur! Diqqət! Tarla ifadəsi ilə Allah kişiyə bir kəlmədə bunu demək istəmiş: -Qadınına diqqət et!
O dahi şəxsiyyətin son sözü də elə bu olmuşdu deyirlər: -DİQQƏT! DİQQƏT! DİQQƏT!
Qeyd:
Əslində bu diqqət məsələsi təkcə qadının ehtiyacı deyil ki. Nəbatatdan heyvanatacan, təbiətindən tutmuş insaniyyətəcən bütün kainatın ehtiyacıdı Diqqət. Ona görə kainatda baş verən bütün fəsadlar (azmalar, xətdən çıxmalar) da diqqət ehtiyacının təmin olunmamasından qaynaqlanır. Başqa nə desək nafilədir! Gül-çiçək niyə saralıb solur? Diqqətsizlikdən! Hamı öz biznesinin-qazancının hayındadı, kainatın qeydinə qalan yoxdu. Bax, ona görə də qlobal istiləşmə və s. kimi fəsadlar törənməyə başlayır. Bəli, DİQQƏT insan ruhuna elə bir lazımlı şeydir ki, bəziləri diqqət cəlb etmək üçün minbir hoqqadan çıxırlar. Əslində bu, hardasa bizim də günahımızdı; elələrinə vaxtında lazımı diqqəti ayırsaydıq bəlkə də özlərini o günə qoymazdılar.
Haşiyə: (beynimizi dincəldək biraz)
Baxın, dostlar! Kişilər həmişə qadınların çox danışmasından gileylənir. Bir kişi olaraq etiraf edim ki, yalançı gileydi. Bəlkə də bizim qadınlarda ən çox sevdiyimiz şey elə onların çox danışmasıdı. Bəs nə üçündü bu gileylər? Şair deyir:
“Əgər ki, Məcnunda yox idi meyli, bəs nədən o qədər kuzələrin arasından yalnız Məcnunun kuzəsini sındırırdı Leyli?”
Gördüz? Məsələ bu qədər sadədir, kişilər qadınların bu halını sevdiklərindən ən çox “ilişdikləri” də elə bu olur. Təsəvvür edin, sosial şəbəkələrdə (məsələn, Feyzbukda) qadınlar çox yox, cəmi bir həftəlik susmağa qərar verəydilər, nə baş verərdi?! Ən yaxşı halda kişilərin ürəyi partlayardı. Səssizlikdən qulaqları kar olardı. Ona görə, danışın əziz xanımlar, nə qədər bacarırsız danışın! Onsuz da biz bilirik ki, siz danışdıqlarınızdan deyil, danışmadıqlarınızdan ibarətsiniz.
Nəticə:
Bu haqda bu qədər yazılır, pozulur, danışılır, deyilir, problem bilirsiz niyə həll olmur? Ona görə ki, biz həmişə əsl günahkarı qoyub müxtəlif təxribatlarla əsassız günahlandırılanı hesaba çəkmişik.
Günahkar əlini-qolunu sallayıb gəzdiyi halda günahsız birini həbs edib vicdanımızı susdurmuşuq.
Bəli, bəzən oğrunu deyil, EHTİYACI qandallamaq lazımdı. Cinayətin səbəbkarını tapıb kökünü kəsmək lazımdır. Nə qədər ki, bir ağacın həyatını -çürümüş budaqlarını dallamaqla xilas etmək istəyəcəyik, edə bilməyəcəyik. Öləcək ağac…
İndi gəlin əsl səbəbkarı axtaraq! Bəs görəsən kimdir əsl Günahkar…?!
İlqar Kamil
“BİR AYƏNİN HEKAYƏTİ” kitabından..