Fərid Abdullahın qələmindən: Həyatınızı Allaha deyil, özünüzə arxalanaraq yaşaya bilərsinizmi?

0

(Uzun yazı oxumağa həvəsi olanlar üçün)

Məşhur “Tutaşma” filmi var. Baş rolda Liam Nison oynayır. Filmin sonlarında canavar sürüsünün başçısı qara canavarla filmin baş qəhrəmanı üz-üzə qalır. Liam Nisonun qəhrəmanı başlayır Allaha yalvarmağa. Deyir göstər özünü, göstər gücünü xilas et məni. Sonra canavarın dişlərini qıcadığını görüb, Allahı bir kənara qoyur. Sənədləri yerbəyer edir. Təkbətək döyüşə hazırlaşır. Film bitdikdən sonra bir neçə saniyəlik titrlarda göstərirlər ki, day orasını demirəm.

Sözüm nədədir. Həyatınızı özünüzə güvənib, arxalanıb yaşamağı düşündünüzmü? Bütün məsuliyyətlərinizi Allahın boynuna atmadan, qəzavü-qədərdir, alın yazısıdır – demədən, yəqin belə məsləhətdir – demədən, inşallah axirətdə mənə mükafat verilər – demədən. Yalnız öz gücünüzə arxalanaraq.

Allahla işiniz olmasın, o lazım olsa öz işini görəcək. Sənin ondan kömək istəyib-istəməməyin heç nəyi dəyişmir. Ümumiyyətlə Allahın kimisə xilas edib-etməməsi bir şey deyil. Siz siz olun, belə situasiyalarda dinə qaçmayın. Hər situasiyada möcüzə baş verib, sizi xilas etməməlidirlər. Nə deyəcəyimi anlayacaqsız, səbirli olun.

Əmr ibn Əbdəvid nərə çəkirdi ki, a kişi, demirsiz ki, sizdən kim ölsə Cənnətə gedəcək? Gəlin sizi rahat şəkildə göndərim də Cənnətə. Heç kəs addım atmadı, təsəvvür edirsiz, heç kim! Bir tək İmam Əlidən başqa heç kim. Cavan oğlan çıxdı o boyda pəhlivanın qarşısına. Özü də danışılan nağıllardakı kimi bir zərbəyə Əmri öldürmədi. O qələbəni qazandı, zəhmətlə qazandı. Ağır döyüş şəraitində qazandı. Professional döyüşçüylə vuruşaraq. O buna, bu ona zərbə endirərək. Ətrafı toz-torpaq bürümüşdü. Göz-gözü görmürdü. O kənardakı “təqvalılar” isə sadəcə dua edirdilər. Bax sonra İmam Əliyə o kənarda arvadlar arasında gizlənib dua edənlər moizə və nəsihət verirdilər.

Bir də görürsən savadlı bir qardaş burda dərdini yazır, durub ona moizə danışırlar. Birinin övladı ölüb, hədis yazırlar. Biri imkansızlıqdan mələyir, acından ölür, deyirlər get filan zikri söylə. Üç gün, amma dəstəmazlı ol ha! Hay Allah. Hamısı nagüman, təsəlli şeylərdir. Örtbastır etməkdir.

Ancaq biri də var İmam Əli kimi. Çıxır qarşısına ən güclü pəhlivanın. Ondan zərbələr alaraq, başı yarılaraq. Amma əqidəsi üzərində vuruşur. İmam Əliyə maraqlı deyildiye başına nə gələcək. O gözləmirdi ki, Allah Cəbraili göndərəcək və Cəbrail onun əvəzinə Əmri öldürəcək. O öz əqidəsi uğrunda savaşırdı. Allah mənə kömək ol, Əmri öldürümlə yox.

Üç gündür namaz qılır bəzisi İblisi lağa qoyur. A kişi, səni İblis susuz aparıb susuz gətirər. Namaz qıldığını iddia edirsənsə, güclü olmağını göstərmir.

İmam Əli ortaya öz gücünü qoyurdu. Lelətül-məbit günü girdi Peyğəmbərin yatağına yatdı. Həm də bilirdi ki, sui-qəsd hazırlanıb. Sual verirlər ki, İmam Əli öldürülməyəcəyini bilirdi? Əlbəttə bilmirdi. Ümumiyyətlə bilməməsi onu İmam Əli edir də. Ölümə qədəm qoyub, əlindən gələn son qüvvəsini qoyduğuna görə o məqamdadır da. Yoxsa mən bilim ki, ölməyəcəyəm, bunu da edim və qəhrəman olum? Ay hay!

Uğurlu insanlar heç zaman “Ay Allah sən elə!” kimi şeylər demirlər. Onlar edirlər, sadəcə edirlər. Ola bilər ki, bir adam dəvəsini bağlasın ağaca, otuz Ayətul-kürsi oxusun, oğru gəlib rahat oğurlasın. Sizi bu cür şeylərə dəvət edən adamların evinin qapısı seyfdən möhkəmdir e! Nə qədər qıfılı var üzərində.

Allahın öz planı var, axı Allahdan sənə nə?! Durub din müdafiəsini etdiyini, İmam Əlinin haqqını müdafiə etdiyini iddia edirsən? Harada sənə belə bir öhdəçilik verilib? Hansı ayədə Allah deyir ki, Bəni-Adəm, dur mənim dinimi qoru. sənə vəhymi olub, yoxsa tapşırılıb? A kişi get başının çarəsinə bax, həyatını gözəlləşdir, ailənə diqqət ayır. Hər gün burda kimlərin lənətlənib-lənətlənməməsi müzakirə edib, həyatını havaya uçurma. İslam düşməni axtaranacan bəlkə elə özün dinə zərbə vurursan?

Sözümün canı odur ki, bu dünyada hamı öz işini görür. Allah da, onun bəndəsi də. Övladımız yerə yıxıldıqda hər dəfə əlindən tutub qaldırmırıq. Məhz elə budur ki, uşaq gəzməyə başlayır. Bəlkə də o film qəhrəmanının vəzifəsi elə canavarla vuruşmaq idi. O güman edirdi ki, Allah bir mələk göndərəcək, yaxud “Ya filankəs!” deyəcək və canavar ona itaət edəcək. Əlbəttə ki, bu filmdir, real hadisə deyil.

Siz həyatınızda Allahın boynuna atdığınız bütün məsuliyyətləri öz üzərinizə götürən gün içinizdə boşluq yaranacaq. Bilməyəcəksiz nə edəsiz. Axı biz istəyirik Allah bizə hansısa yolla pul yollasın, babat iş yetirsin, düşmənəlrimizi bir lənətlə məhv edək. A kişi elə olsaydı, bu dəqiqə müsəlmanların evi qızıldan olardı.

Böyük alimlərdən birinin yana gəlib, dedilər ki, ağa nolar, dua elə adam olum (Bəziləri deyir e, ya İmam Zaman nəzər elə. Qardaş, sən o moizə və rozələrdən eşitdiyin bu sözü açıqlaya bilərsənmi, nəzər elə nə deməkdir?).
Ustad dedi ki, dua ilə kimsə adam ola bilməz.

Quru çayı soyuq suya töksələr düzəməlli çay olarmı? Südə maya vurulmasa pendir əmələ gələrmi? Yemək yemədən, su içmədən kimsə doya bilərmi? Elektrik enerjisi olmadan lampa yana bilərmi? Elm və düzgün əməl də olmadan kimsə adam ola bilərmi?!

Siz bu yazıda pessimizm və nihilizm duya bilərsiz. Amma mən deyirəm ki, öz yükünüzü özünüz daşımağa alışın. Çalışın güc qazanasız, çünki Allah yalnız faydalı adamlara yatırım edir. Sən şor yeyib, buna qane olursansa, sənə daim şor vermək ədalətdir.

Sonda deyim ki, mən Allaha güvənməyin, arxalanmayın demirəm, mən özünüzə güvənməyi öyrənin, arada özünüzə də arxalanın – deyirəm. Allah zatən ən güvəniləndir. Allah istəyir ki, sən bədbəxt özünə də güvənəsən. Özünə inanasan. Ayaqların üzərində durasan. Allah Somalidəki uşağa su verən idisə, sən leşi niyə yaradırdı ki? Oturub sənin mənasız söhbətlərinə qulaq assın?

Həyat sənin əlindədir, ağam. Necə yaşayacağına sən qərar verirsən. Sən öz üzərinə düşəni et, Allah da ehtiyac yaransa müdaxilə edəcəkdir.

Fərid Abdullah

Paylaş

Şərh yaz