“O gecələr Azərbaycanın Qədr gecələri sayılırdı”- Miri Rəsulzadə

0

İlk dəfə idi ki, hamı sosial şəbəkələrdə “like” etməyin, şərh yazmağın zövqünü yaşayırdı.. Tanıdı tanımadı qarşısına çıxan statuslara şərh yazıb ürəyini boşaldırdı. Elə bil öz ata-anaları paylaşmışdı..
Hamı bir yerə fokuslanmışdı- Qarabağa.
Hamının gözü yolda, qulağı səsdə idi. Saniyə bə saniyə xəbərləri izləyirdik. Heç kimin gözünə yuxu getmirdi. Hamı öz evini özünə səngər düzəldib, səhərə qədər əsgərlərimizlə birlikdə ihya etmişdi (oyaq qalmışdı).
Çünki o gecələr Azərbaycanın Qədr gecələri sayılırdı. Haqq-ədalətin Vətənimizə nazil olduğu gecələr idi. O gecələr arxada buraxdığımız, yaşadığımız son 25 ildən daha xeyirli idi..
Yəqin bu gecənin bərəkətindən idi. Nə hikmət idisə o günkü qədər genişmiqyaslı dualar etməmişdik bəlkə də… İnanın, Ali baş komandandan tutmuş Müdafiə Nazirliyinə kimi, ordan jurnalistlərimizə qədər, müxalifətdən Təhsil Nazirliyinə, ordan da televiziyalarımıza qədər hamıya can sağlığı,hidayət, ailə səadəti, işlərində uğurlar arzulamışdıq. Allahdan onlara dözüm, sarsılmaz iradə, cəsarət və bu işin sonuna çıxmalarını, yarımçıq qalan Qarabağ məsələsinin nöqtəsini qoymalarını istəmişdik.
Körpələrimiz belə gecə yatarkən “Qarabağı aldıq!” sayaqlayırdı..
İlk dəfə idi ki, hamı eyni şeydən danışırdı. Hamı eyni fikirdə, eyni siyasi görüşdə, eyni əhval-ruhiyyədə idi.
İlahi Pərvərdigara! Vətən, Torpaq, bayraq da insanımızda belə vəhdət yaradarmış.. Hamı Ali-İmran surəsinin 103-cü ayəsini yaşayırdı..
İlk dəfə idi, hamı öz kəfənini yanında gəzdirir, qəbrini özü ilə daşıyırdı.. Şəhid olan zabit-gizir və əsgərləri alqışlarla, toy-bayramla axirət yurduna-əbədiyyətə yola salırdıq.
Hətta həmin gün bu ölkənin ateistləri də şəhid olan əsgərlərimizə inanmadıqları “Allah”dan rəhmət diləyirdilər…
İlk dəfə idi… Bayraqlar sanki ayaq açıb yerimək istəyirdi.. Şuşaya, Laçına, Xocalıya getmək istəyirdi. Bayrağın hər rəngindən Kəlbəcərin, Qubadlının, Zəngilanın, Füzulinin, Ağdamın iyi gəlirdi.
Topağa səcdə etməyin məsuliyyətini o günki qədər hiss etməmişdik.
O torpaq ki, Şəhidlərimizi ona əmanət etdik..
O torpaq ki, 9 milyonun həyəcanından utanıb başını aşağı saldı…
O torpaq ki, Azərbaycan əsgərinin döyüş əzmini görüb heyrətə gəldi..
O torpaq ki, Çingizləri, Mübarizləri qonaq etməkdən məmnun idi…
O torpaq ki, azad olunmaq üçün günlərini sayırdı…
O torpaq ki, illərdir laqeydliyimizdən əzab çəksə də ümidini itirməmişdi…

Paylaş

Şərh yaz