(Baş vermiş hadisə, bəzən çəkilmiş bir filmdən daha təsirli olur..)
Ya Vətən, Ya kəfən..
2016-cı ilin Aprel ayının 2-nə kimi tək ümidimiz “Kurtlar Vadisi” idi.. Ki, PANAfilm gəlsin Azərbaycanda bir kino çəksin, milyonlarla pul ayıraq, ermənilərin “xoruzunu” qoltuqlarına verək.. Düşünürdük ki, bəlkə insanımız bu yolla toxdayar, ürəyindən tikan çıxar, ürəyi soyuyar.. nə bilim təsəlli tapar. Yəni Qarabağda baş verənləri xaricə tanıtdırardıq- deyə düşünürdük. Pullu adamlarımız da var idi hər köməyi etməkdən ötrü. Hətta Polad Ələmdarı da Bakıya gətirdilər. Təyyarədən düşən kimi jurnalistlərin aktyora ilk sualı belə olmuşdur. “Kurtlar Vadisi Qarabağ”ı çəkməyi düşünürsüzmü? Kənardan baxan da deyərdi ki, yəqin bunlar qəhrəman sarıdan korluq çəkirlər.
Polad da dedi ki, bu keçmişdə baş verən bir qətliamdı, bilmirik bunu necə canlandıra bilərik? Əgər ssenaristlərimiz yazsalar, belə bir film olsa əlbətdə sevə-sevə o rolu oynayaram. (Düz də deyir, üzərindən sual verən jurnalistin yaşı qədər il keçib).
Amma sən demə yanılmışıq buna heç ehtiyac da yox imiş. Azərbaycan Canavarları özləri çəkdilər bu filmi. Həm də canlı…
Hamımız onları izləyirdik televizordan, saytlardan, qəzetlərdən, sosial şəbəkələrdən, xəbərlərdən… Əsl “Kurtlar Vadisi Qarabağ” filmi bu idi.. Bu filmi 9 milyon azərbaycanlı və bütün dünya izlədi.. Bütün reytinqləri qırdı 4 gün fasiləsiz çəkilən, 100-dən çox şəhid verən bu film…
Ərəbi, Farsı, Rusu, Ermənisi, İngilisi, Kürdü hamısı gördü bu millətin gücünü, əzmini.. Bu şücaət, bu birlik çoxlarını xəyal qırıqlığına uğratdı.
Bu filmin çəkilişini daha əvvəllər Fred Asiflər, Əliyar Əliyevlər, Çingizlər, Allahverdi Bağırovlar və başqaları başlatmışdı. Sonra (2010-cu ildə) Mübariz İbrahimov davam etdirdi. Həm də necə.. Quranın sujet xəttindən bəhrələnərək filmin ssenarisini özü yazmışdı.. Bayrağındakı yaşıl rəngdən ilham alaraq, Quranı bir xəritə, ağılı bir kompas, imanı isə önünü işıqlandıran bir fənər hökmündə görüb yola çıxdı.. Uzaq Sahillərdəki Mixaylonun dililə də “öləndə də bilərəm ki, kişi kimi ölmüşəm”-dedi. Sonra da sözünə “Hamı Əzrayila onsuz da bir can borcludur..” əlavə edib vəsiyyətini yazdı:
“Canım atam və anam, məndən sarı darıxmayın, inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. İbrahimov Mübariz”.
Miri Rəsulzadə