Kəramət Böyükçöl: “Nifrət etdiyim işlə məşğulam”-MÜSAHİBƏ

0

-Kəraməti ən çox təsirləndirən yazıçılar kimlərdir?

– Düzü, oxuduğum kitablar haqqında uzun-uzadı danışmağı sevmirəm, heç bacarmıram da. Oxuduğum əsər bir müddətdən sonra bir, ya iki cümlə ilə yadımda qala-qalmaya. Sadəcə, əsərin ovqatı ruhumda yaşayır. Universitet illərində İspan ədəbiyyatını çox mütaliə edirdim. Lope de Veqa, Don Pedro Kardelonun əsərlərini maraqla oxuyurdum. Sonra anladım ki, onlar o qədər də ciddi yazıçılar deyilmiş.

Sevdiyim yazıçılardan biri də Orxan Pamukdur. Onun “Qar” romanını birinci kursda oxumuşam. O vaxt elə bilirdim ki, heç vaxt belə bir əsər oxumayacağam. İndi o əsəri təxminən, o illərdən sevib ayrıldığım qızların saçları, əlləri, burnu kimi boz-bulanlıq şəkilə xatırlayıram.

Bəzi dostlar bəyənməsə də deyim ki, Əkrəm Əylislinin “’Ətirşah Masan”ı da mənə çox təsir etmiş əsərlərdəndir. Sanki əsər bir oturuma yazılıb. Bu gün isə ən çox sevdiyim yazıçı Markesdir, onun “Gözlənilən bir qətlin tarixçəsi” əsərini bir neçə dəfə oxumuşam.

– Niyə bu yazıçı sənə belə təsir etdi?

– Bu barədə ən dəqiq cavabım belədir: bilmirəm. Konkret “Gözlənilən bir qətlin tarixçəsi”nə gəlincə, mən o əsəri sevdiyim yazıçı Əkrəm Əylislinin tərcüməsində oxumuşam. Markes öz xarakteri etibarilə mənim kumirimdir. Çox istərdim ki, Azərbaycanda belə bir yazıçı olsun. Ancaq çətin məsələdir. Bir ara özümü Markesə oxşatmaq istədim. “Pozğun” povestimi bu təsirlə yazmışam. Markes ədəbiyyata oyun kimi baxırdı. Evimizdə, elə ədəbi mühitdə də Markes kimi yeriyirdim. Təəssüf ki, Markes olmadığım üçün ayağım ayağıma dolaşırdı. O, ömrünün son illərinə qədər “müdrikləşmədi”. Digər yazıçıların bircə şah əsərini oxuyaram, dadına baxıram, mənə bəs edir. Markesin isə bir çox əsərlərini maraqla oxumuşam. “Gözlənilən bir qətlin tarixəsi”ndən sonra “Yüz ilin tənhalığı”, “Patriarxın Payızı”nı, “Polkovnikə məktub yoxdur”u, “Mənim kədərli gözəlçələrim”i, ayrı-ayrı hekayələrini ləzzətlə yedim. Əvəzolunmaz yazıçıdır. Allah o kişiyə qəni-qəni rəhmət eləsin.

– “Gözlənilən bir qətlin tarixçəsi” isə sənin üçün ən önəmli əsəridir. Nə üçün?

– Biz həmişə kütləviliyə qarşı çıxırıq, qəbul etmirik. Amma “Gözlənilən bir qətlin tarixçəsi” həm də kütləvi əsərdir, dünyada çox məşhurdur. Bu əsər kənddə qoyun otaran əmimin də xoşuna gəlir, universitetdə mənə dərs deyən tanınmış bir professorun da. Amma başqa bir yazıçını, məsələn, Coysu, yaxud Ekonu əmim yəqin ki, oxuya bilməzdi. Lap oxusa da ağlı bir şey kəsməzdi.

Ümumiyyətlə, bir vaxtlar İsa Muğanna da mənə ideal səviyyədə görünürdü. Elə bilirdim ki, az oxunan yazıçılar birmənalı şəkildə böyükdür. Ancaq indi o cür düşünmürəm. Əsər həm də oxunmalıdır, bir az da kütləvi olmalıdır.

“Gözlənilən bir qətlin tarixçəsi” elə birinci cümlədən başlayır. 23 əvvəl baş vermiş hadisəni yazıçı araşdırmağa başlayır. Maraqlıdır ki, araşdırmanın hansısa bir nəticəsi əsərdə görünmür. Anxelanın bakirəliyi necə pozulmuşdu? Əsas məqsəd bu idi. O da açılmamış qalır.

Bütün əsər boyunca birinci cümlə ağılından çıxmır. Əzbər bilirəm: “Öldürüldüyü gün Santyaqo Nasar yepiskopu gətirən gəmini qarşılamaqdan ötrü saat 5:30-da yuxudan durmuşdu”. Bu cümlənin ardınca gələn təhkiyə çox mükəmməldir. Oxuduqca əsər məni bir neçə dəfə aldatdı. Bəzən sən qatilin kim olduğuna əmin olursan, ancaq qəfil Markes elə bir cümlə işlədir ki, bura qədər qatil haqqında təsəvvürlərin darmadağın olur. Usatlıqdır. Əsərin ortasında elə bilirsən qatil tapıldı. Kitaba baxanda isə görürsən ki, hələ yarıya çatmayıb. Qatil tapıldısa əsər necə davam edir bəs? Nəysə… Bunların hamısı yazıçı texnikasıdır.

– Səncə, bizim yazarlar niyə özünü dünya ədəbiyyatının böyük simalarına bənzədir?

– Onlar öz əsərlərindən yarıyıblar, oxunublar, seviliblər, məşhur olublar, qəhrəmana çevriliblər və s. Məncə, səbəb budur. Azərbaycanda isə belə yazıçılar çox azdır, bəlkə də yoxdur. Çünki Azərbaycan ədəbiyyatına dünya praktikası 60-cı illərdən sonra gəlməyə başladı. Arada böyük ədəbiyyatın yetişməsi üçün lazım olan zaman yoxdur. Azərbaycanda özümüzü kimə oxşadaq?!

– “Gözlənilən bir qətlin tarixçəsi” niyə bu dövr üçün aktual sayılır?

– Əsərin baş qəhrəmanı Santyaqo Nasar günahsızdır. Heç bir günahı olmadan qurbana çevrilir. Bundan başqa əsərdə təsvir olunan qəsəbəni Azərbaycan cəmiyyəti kimi də görə bilərsən. Bəşəridir. Dünyanın hər yerində günahsız qurbanlar var, dünyanın hər yerində etibarsız, etinasız, laqeyid cəmiyyətlər var.

“Gözlənilən bir qətlin tarixçəsi” ədəbiyyata yeni gələn gənc yazarlar üçün öyrədici bir kitabdır. Oradakı maraqlı keçidlər, sənətkarlıq xüsusiyyətləri, uzunçuluğun olmaması, hər bir cümlənin əsərin ideyasına, qoyulan mətləbə xidmət etməsi və s. çox gözəldir və bunları Markesdən mənimsəmək lazımdır.

Ümumi bir fikir var: kitab oxumaq lazımdır, kitab gözəldir, ovundurur, istirahət edirsən və s. Məncə, oxumaq əslində, əziyyətdir. Coysu beş-altı dəfə oxumağa cəhd etdim, gördüm məni incidir. Markesin əsərləri isə qətiyyən yormur, həzz verir, təsirləndirir. Həyatında hansısa bir pis hadisəni unutmaq üçün, başını qatmaq üçün, lap ağrıkəsici bir dərman kimi Markesi məsləhət görərdim…

– Əsərdə hansı hissələri tənqid edərsən bəs? “Mən olsam belə yazardım” dediyin bir yer varmı?

– O boyda Markesi necə tənqid edim? Tənqidim yoxdur. Əsərdə Anxelanın bakirəliyinin kim tərəfindən pozulduğu barədə heç bir məlumat verilmir. Amma onun bakirəliyinin öz atası Ponsio ilə davadan sonra pozulmasına işarələr vurulub. Bu sirrin əsərdə açılmamasını tənqid edirlər. Amma nəyi pisdir ki? Bunun səbəbini sənətkar heç özü də bilmir. Yenə ustalıq, yenə oyun, yenə sirr!

Əsərdə konkret obrazlar, onların davranışları, yuxu məsələsi, yuxunun onun başına gələn hadisələrlə əlaqəsi, Anxelanın niyə məhz Santyaqo Nasarın adını çəkməsi və s. Bu məsələlər barədə çox danışmaq olar. Ancaq əvvəl qeyd etdiyim kimi, xoşlamıram, bəlkə də bacarmıram. Dəqiqliyi ilə yadımda qalmayıb. Danışmaq üçün gərək kitabı bir də oxuyum.

– Ədəbiyyatımızda hansı əsərlə müqayisə edə bilərsən?

– Oxuduqlarım arasında yadıma elə bir kitab gəlmir ki, onu “Gözlənilən bir qətlin tarixçəsi” ilə müqayisə edim.

– Markes həm də jurnalist kimi çalışıb. Sən isə bir dəfə yazmışdın ki, gül kimi yazıçı idim, ehtiyac məni jurnalist kimi tanıtdı.

– Mənim heç vaxt jurnalist olmaq niyyətim olmayıb. Heç jurnalist də deyiləm. Məni jurnalist kimi təqdim edənlər isə fikrimcə, bunu qəsdən edir, yazıçılıq istedadıma kölgə salmaq istəyirlər. Düzdü, çoxlu müsahibələr almışam, az-çox maraqla qarşılanıb. Ancaq müsahibə zamanı verdiyim suallar mənə elə gəlir ki, jurnalistin yox, yazıçının verəcəyi suallardır.

Mən müsahiblərimə obrazlarım kimi baxıram, onu dərələrə endirirəm, təpələrə qaldırıram, birdən özüm dərəyə düşürəm, müsahib isə dağın başında qalır. Təbii, müsahibədə necə rəftar eləməyim o adamın nöqsanlarına və tutduğu yola uyğun olur. Bunlar sujetli müsahibələrdir. Bu müsahibələr bayağı deyil, yəni bizim jurnalistika nəzəriyyəsinin qanunlarına uyğun gəlmir.

Hərdən isə fikirləşirəm ki, nə yaxşı Markes bu dünyada olub. Həmişə Markesin jurnalist olmağı ilə təsəlli tapmışam. Çünki içimdə yazıçılıq iddiası ola-ola jurnalist kimi tanınmağım mənə çox pis təsir edir, hətta sarsıdır. İki roman – “Çöl” və “Səkkizinci gün”, bir povest – “Pozğun” yazmışam. Bəs niyə öz yaradıcılığımla məşğul ola bilmirəm? Çünki dolanışığım mətbuatdan çıxır. Başqa yolum yoxdur. Nifrət etdiyim işlə məşğulam.

– Xumar Qədimova da sənin müsahibin olub, o, hansı obrazdır?

– Xumar xanımı çox istəyirəm. Onu səviyyəli bir müğənni hesab edirəm. Ədəbiyyatda gedən prosesləri izləməyə çalışır, ədəbi mühiti az-çox tanıyır. Səsi də özü kimi gözəldir. Ancaq Xumar Qədimova mənim yazacağım hansısa bir əsərdə əsas obraz, yaxud baş qəhrəman ola bilməz. Yalnız epizodiq obraz ola bilər. Məsələn, hansısa romanımda qapını açıb içəridə Xumarı görəcəm…

– Bizdə zövqünə inandığın yazıçılar, şairlər kimlərdir?

– Konkret saymaq istəyirəm: Səfər Alışarlı, Salam Sarvan, Aqşin Yenisey, Murad Köhnəqala, Şərif Ağayar… Bunların zövqünə çox inanıram.

– Şərif Ağayarla niyə yola getmirsən?

– Şərif Ağayar yazdığı əsərləri ilə özünü təsdiq etmiş qələm adamıdır. Həmdə böyük iddiası var. Təəssüf edirəm ki, bu gün Şərifin gücü ancaq susmağa çatır. Başını aşağı salıb yazmaqdan başqa bir çarə görmür. Yazıçı susmağı ilə nə boyda böyük ola bilər ki? Başa düşürəm, amansız bir cəmiyyətdə yaşayırıq, başına xırda bir iş gələn kimi yanından qaçan ən birinci dostların olur. Ancaq bütün bunlara baxmayaraq, yazıçı öz taleyi ilə oyun oynamağı bacarmalıdır. Şərif isə bacarmır. Onun bu yaşda sosial şəbəkə oxucularından giley-güzar xarakterli yazılar yazmağı mənə pis təsir edir. Halbuki, Şərifi ciddi bir qələm adamı kimi Azərbaycanın, cəmiyyətin taleyüklü məsələləri düşündürməlidir.

– Ayxan Ayvazla Turgenev haqqında söhbət edəndə o dedi ki, Kəramət Böyükçöl və Qəşəm Nəcəfzadə fərqli görünmürlər. Razılaşırsan?

– Ayxan səhv düşünür. Əvvəl yazılarımı atam oxuyurdu, ora hansısa bir cümlə artırırdı. Adamlar deyirdi ki, yazın çox gözəldir, amma bir cümlə var, onun yeri yox idi. Söhbət məhz atamın yazdığı cümlədən gedir. Peşəkarlar atamla mənim fərqimi duyur. Ayxan isə istedadlı olsa da, hələ çox gəncdir. Fikirləri, düşüncələri hələ oturuşmayıb. Fikrimcə, o, öz ailə faciəsi üzərində çox var-gəl edir. Atasından, anasından çox yazır. Hətta həddindən çox yazır. Gələcəkdə danışacağı şeyləri indidən dilə gətirir. Bəlkə də 60 yaşında atası haqqında danışmağa təsirli bir xatirə qoymayıb qalsın. Allah Eyvaz müəllimə rəhmət eləsin, ruhu şad olsun. Yəqin ki, oğluna bir kəlmə söz imkanı olsaydı, deyərdi ki, Ayxan, bəsdir…

Hazırladı: Tural İsmayılov,
MANERA.AZ

Paylaş

Şərh yaz