Həyatın ədəbiyyatı: oxucu, yoxsa yazıçı? – Ülviyyə Tahir yazır

0

“Qırxayaq yeriyəndə hara getdiyini görürsən, amma ayaqlarını saya bilmirsən. Eləcə də səni içinə alan gərdişin hansı yana yön tutduğunu anlayanda heç nəyin hesabını aparmağa gücün çatmır, zaman da qırxayaq sürətiylə, həm də səssiz-səmirsiz ömrünün divarındakı çatlara təpilir…”

Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanının əsrarəngizliyindən ayrılıb Babək prospektinin daim təmir gedən və sinəsi dağılan asfaltına baxdım. Ədəbiyyat, kütlə, çatdırılma, özünüifadə çırpıntıları…

İtələşmə düşdü. Yenə basabas hər kəsi qoynuna aldı. Cəmiyyət…

Görəsən, ədəbiyyat bütün həqiqətləri özündə əks etdirməyə borcludur? Ya da sualı başqa cür qoyaq: Ədəbiyyatda ali mətn yaratmaq üçün nələri öyrənmək lazımdır? Yazmaq üçün hansı qaydalar mövcuddur?

Anam yenə xəyalıma gəldi. Əllərini ovuşdura-ovuşdura dedi: “Söz ver ki, nə vaxtsa onlar haqda yazacaqsan”. Gözlərimi aşağı – Castin Trüdo ilə yeganə ortaq cəhətimiz olan rəngli corablarıma dikirəm. Ona “Bəzi məhrəm dərdlərin insanlara çatdırmağın əleyhinəyəm” deyə bilmirəm. Çünki əxlaq prinsipləri fərdidir. Ədəbiyyatçı və yazıçı əxlaqısa tamamilə başqa mövzudur.

Bəs real olan nədir? Min bəzəklə insanlara çatdırdığımız bu möhtəşəm “yalan”, yoxsa sənət adlandırdığımız uca zirvə?

Bu sualı kim verir? Öz məhrəm acılarını nəinki insanlara yazmayan, hətta göstərməyən Ülviyyə Tahir. Deyəsən, mən bioqrafiya yazmağın tam əleyhinəyəm. Bioqrafik ədəbiyyat tükənmişliyin, mövzusuzluğun əlamətidir.

Ədəbiyyat bizə kollektiv yaddaşın məhsullarını təqdim edir. İnsan fərdi yaddaşıyla yalnız özünü dərk edəndən malik olduğu xatirələri, hadisələri xatırlaya bilir. Kollektiv yaddaşsa bizə necə dünyaya gəldiyimiz barədə anamızın xatirələrindən tutmuş Hitlerin kimliyindən, Adəmə qədər zehnin sonsuzluğunu təqdim edir. Bu anda gözlərimin önündə nəhəng düşüncə sonsuzluğu yaranır. Yaddaşdan yaddaşa ilmək ataraq, sanki nəhəg xalça toxuyuruq. Zaman adlı xalçada, ilməyi söz, naxışı insan düşüncəsi olan sonsuza qədər uzanacaq zehnin səyahəti. Gülümsəyirəm, qarşımdakı adam da qımışır. Ona bu an Adəmdən bəri uzanan nəhəng bir xalçada ilmək axtardığımı desəm, mənə gülər, ən yaxşı halda dəli hesab edər…

Dahilik nədir? Ən yaxşı yazıçı kimdir? Ən yaxşı olmaq nədən keçir? Bunun məktəbi var? Bu suallar yalnız məni narahat edib? Əsla…

Avtobus qəfil “tormoz” verdi. Özümü yıxılmaqdan qorumaq üçün yanımdakı qadına söykənməli oldum. Drayzer… Xatırladım. Drayzer məhz bu sualın cavabına az qala 1000 səhifəlik roman həsr edib. “Dahi”…

Yucin illərlə axtarmaqla, rəssam kimi zirvələr fəth etməklə özünütəsdiqə can atır. Milyonlar qazanır, milyonlar itirir. Amma həyatının ən kritik anında – 40 yaşında həyat yoldaşı ona ölərək bir övlad buraxıb gedir. Həmin körpəni qucağına alan Yucin o anda dərk edir ki, bütün cəhdləri, yaradıcılığı toz olub, ömrünün çatlaqlarında harasa sovrulub getdi. Anlayır ki, özünə dahi deməsi bir körpənin yaradılışında dırnağa da dəymir. Bu zaman o zamandır ki, sənətkar özünün sadəcə “kopi-past” olduğunu dərk edir.

Umberto Ekonun yazıçılıq, ədəbiyyat haqda nəhəng araşdırmasını oxudum. Düsturlar, yazı üslubları, ümumilikdə rasional Eko mətni… Amma yazının sonunda bıçağı sapladı.

Onu Qalitsiyada bir planetariuma aparırlar. Bu planetariumlarda işıq sönəndə özünüzü həqiqətən çöldə, ulduzlu səmanın altında oturmuş görürsünüz. Amma Ekonu burada başqa sürpriz gözləyirdi. O planetariuma daxil olan kimi ona səmanın 1932-ci il 5 dekabrından 6 dekabrına keçən gecənin – doğulduğu zamanın səmasını göstərirlər. Eko həyəcandan dizlərinin büküldüyünü, heyrətə düşdüyünü yazır. O, zamanı belə ifadə edir: “Elə bir gecənin səmasını mənə göstərdilər ki, heç vaxt onu görmək imkanım olmayıb və qeyri-mümkün hal idi. Yəqin anam da o ulduzları görməmişdi, çünki ağrılar içində qıvrılırdı. Atam da çətin ki, səmaya baxmağı ağlına gətirərdi. O zaman dərk etdim ki, o planetariumda ən ideal oxucuyam”.

Bu qarışıq düşüncələrlə evə çatıram. Oğlum həyətdə soyuq əlləri ilə yanağıma toxunur. Ona Zahid Sarıtorpağın sözlərini: “Soyuğun elə istidir ki…” – deyə, pıçıldayıram. Nəhayət, sonuncu nəticəni əldə edirəm: biz sadəcə nümunəvi oxucularıq. Cavab burda gizlidir. Hər yazıçı ən yaxşı oxucu olduğu halda hədəfinə nail ola bilir. Həyat kitabı bu anlamda daha əhəmiyyətlidir.

Ülviyyə TAHİR

Paylaş

Şərh yaz