Səhər Əhmədin qələmindən- Kor dilənçi və sevgilisi

0

Söz vaxtına çəkər, təxminən üç-dörd il əvvəl bu vaxtlar idi, sərnişinlə ləbələb dolu marşrut tıxaclı yollarla irəliləməyə çalışırdı. Diqqətimi yanımdakı on-on bir yaşlarında olduqca yaraşıqlı bir oğlan uşağı, otuz-otuz beş yaşlarında bir kişi cəlb eləmişdi. Uşağın böyüyü idarə eləməsindən anlaşılırdı ki, kişi kordu.
Balaca korun burnunun dibində dirəkdən yapışmış əlini azca itələdi:
– Əlini o yandan tut, eləjə qəpiy ilənir.
Anladım ki, kişi təkcə kor deyil, həm də dilənçidir və onlar hansısa rayondan paytaxta dilənmək məqsədilə gəliblər. Mənzərə “Arxip baba və Lyonka”da olduğu qədər kədərli deyildi, uşağın dilavərliyi və zirəkliyi məndə nədənsə onun gələcəyi haqqında optimist fikirlər oyadırdı.
Korun isə dünya vecinə deyildi, bir əliylə yuxarıdan asılı qalıb, o biri əliylə köhnə telefonunu qulağına bərk-bərk dirəmişdi və telefonda kəsə desək, “qız bişirməklə” məşğuldu. Hiss olunurdu ki, qız danışdığı adamın kor bir dilənçi olduğunu bilmir.

Hər dəfə tıxacda tərpənəndə avtobus ləngərləyir və kor oturacaqda oturmuş adamların üstünə aşırdı. Hər dəfəsində də uşaq onu eyni səbrlə geri itələyirdi:
– Ə, sən sevgilinin canı, xalxı minmə.
Bu uşağın əsas vəzifəsi koru müşayət eləmək idi, amma o bununla kifayətlənmir, həm də xalqı kordan qoruyurdu.
Kişi isə öz aləmindəydi və elə şirin dillə danışırdı ki, sanki basabas avtobusda bir ayağı üstdə dayanmayıb, hansısa saray kimi evdə kresloya yayxanıb. O, bununla təkcə qızı yox, çox güman ki, həm də özünü aldadırdı və avtobusdakı dözülməz vəziyyəti yüngülləşdirirdi.
Axır ki, uşaq dözmədi, telefonu onun əlindən alıb söndürdü. Kor burnunu salladı.
Uşaq yanındakı çiyni çantalı yaşıdını gözdən keçirib koru dümsüklədi:
-Məktəbdən avtobusla qayıdırlar.
Kor dinmədi.
Bu dəfə uşaq baxışlarını pəncərədən çolə fırladıb, gördükləri haqda məlumat verməyə başladı.
– Yolun qırağında yalannan təpələr qayırıflar..
– …
– Bir də güldən saat.
– Saat?-kor axır ki dilləndi.
– Həə, yekə, dumru.
…Bu əhvalatı mən çoxdan keçmişin qaranlıq zirzəmisinə atmalıydım və bəlkə atmışdım da. Amma bu günlərdə həmin yolda həmin güldən düzəldilmiş saatı görəndə həmin uşağın ağıllı gözləri gəib durdu gözlərimin qabağında. Və mən o səhnəni bütün detallarıyla xatırladım. Bu əhvalatı belə diri saxlayan uşağın son sözləriydi. Gerçəkdən, o, niyə “yumru”ya “dumru” demişdi, hələ də mənimçün maraqlıdı.

Paylaş

Şərh yaz