“Nobel” – Ülviyyə Tahirin hekayəsi

0

Bilirəm, deyəcəksən Markesgil Nobel almazdan əvvəl Parisdə it zülmü çəkiblər. Amma nə sən Markessən, nə də bura Parisdir. İki gündür, yenə uçmusan. Nə yazırsan? Yuxuda da “mətnbazlıq” deyə sayıqlayırsan. Pul lazımdır, Pulll… Nə vaxtsa Nobel alacağına ümid edirsən? Ay-hay…

-Ev çox ucqar yerdədir, ora necə köçəcəyik?

Gözlərini açıb arvadını süzdü. Arvadı peşman nəzərlərlə rütubətdən çürümüş döşəməyə baxırdı. Yenə gözlərini yumub xəyalındakı məqaləni düşündü.

“Ədəbiyyatın kütləviliyi onun ölümünə xidmət edir. Əgər ədəbiyyat kütləviləşib asan qazanc mənbəyinə çevrilərsə, onda əsl ədəbiyyat onun ayaqları altında əziləcək. Ötəri mətnlər sabun köpüyü kimi bərq vuraraq oxucu kütləsini də özü ilə dartıb aparacaq. Həmin oxucu isə etibarsız sevgili kimi onu yalnız növbəti əsəri oxuyana kimi yadda saxlayacaq.Bu mətnlər qətiyyən əbədiyyət eşqi ilə yazılmayıb. Onlar aid olduqları zamanın ruhuna uyğun, onun nəbzini tutaraq yazılır və sonra da həmin zamanla birgə arxivə dəfn olunur. Lakin həmin zamandan fərqli olaraq, heç vaxt xatırlanmırlar.Gələcəkdə yalnız makulatura funksiyasını yerinə yetirirlər. Kerberin ağzından axan selik qədər dəyərsiz olan bu mətnlər bəlli keçici funksiyalar yerinə yetirdikdən və müəyyən hədəflər üçün vasitə olduqdan sonra dəyərsiz söz yığını kimi kənara atılırlar. Hakimiyyətin…”

– Yük maşını, görəsən, nə qədər pul alacaq?

Xatırladı ki, cibində cəmi on manat pul var.

– Düzələr, – deyə ürəksiz dilləndi.

– Bu gecə siçovuldan çox qorxmuşam. – Arvadı gözlərini küncdəki böyük deşiyə dikdi.

– Onsuz da öyrəşmişik.- Səsi daha da öləzidi.

– Bəlkə də axırıncı gecədi, ona görə bu qədər həyəcan keçirdim. Axı filmlərdə də olur, axırıncı gün, ya da son saatlarda nəsə faciələr olur, – arvadı gülümsədi.

– Axırıncı gecə… – öz-özünə pıçıldadı.

“Kiçik xalqların ədəbiyyatı…”

– Makler iyirmi manat aldı. Dedi ki, bu ərazidə ən yaxşı evdir bu, – arvadı otağı tərk edəndə dedi. Onun səsi mətbəxlə qonaq otağının ortasında sanki bölündü. Səsin yarısı ona qaldı, yarısı isə arvadı ilə getdi.

Əllərini yenə başının arxasında daraqlayıb gözlərini yumdu…

“Yazmaq və yazıçısı olmaq istədikləri kiçik cəmiyyətlərin böyüklük iddiasında olan simaları öz cızma-qaraları ilə dünyanı xilas etmək niyyətinə düşərkən, əslində fokuslandıqları yenə də öz şəxsiyyətləri olur. Onlar ədəbiyyata ümumi girişdən öz mətnləri ilə deyil, öz şəxsiyyətləri ilə daxil olmaq istəyirlər. Bu zaman onların yazdıqları mətn, bu mətnin belinə şəllədikləri şəxsiyyətlərinin (oxu: eqolarının) altında əzilir. Onlar xilasedici rolunu oynaya bilmirlər, çünki yazdıqları mətnlər bulaq suyu kimi təbii qaynamır.Onlar sadəcə imitasiya edirlər. Onlar…”

– Hər şeyi yığışdırmışam. Bircə qalıb quşların qəfəsi. Səncə, Eldara qulaq asım? Sataq bunları?

Gözlərini açıb otaqda balaca yer tutan yaşıl qəfəsə baxdı. Kökəlib tüklərini tökmüş tutuquşular elə ayaqüstə yuxulamışdılar. Evi onlarsız təsəvvür etməyə çalışdı. Elə bil bu illər ərzində olmayan övladlarının mehrini onlara salmışdı.

-Yox, satmayaq, – demək istədi. Cibindəki on manatı xatırlayıb susdu.

– İki otaqdı. Mətbəxi də var. Bilirsən, gülməli nədir? Arxa otağın pəncərəsi bağa açılır. Deyəcəksən, bunda nə var? Hə də, belə deyəndə adi çıxır. Amma həmin otaq o qədər dərindədir ki, pəncərəyə dırmaşıb bağa çıxmaq olur. Eynilə İçərişəhəri xatırladır. Divarlar çox köhnədir. Bilirsən, deyirlər ki… – arvadı yenə öz səsini götürüb mətbəxə getdi. Oradan danışırdı.

“Yazıçı öz yazısına izahat yazmamalı və öz yazısını müdafiə etməməlidir.Mətnin arxasındakı müəllif “ölmürsə”, onun əbədiliyindən söhbət gedə bilməz. Oxucu Stendal sindromunu yaşaya bilmirsə və mətn zamansızlığa (əbədiyyətə) xitab etmirsə, kiçik xalqın böyük ədəbiyyatı pafosdan başqa bir şey deyil. Mədhiyyəçilik və ithaf üzərində qurulmuş söz yığını nə yeni cərəyanlardan, nə də yeni nəfəsdən xəbər verir. Onlar yalnız imitasiya edirlər. Ən böyük bədbəxtlik isə imitasiya etdiklərinin də öz dövrünü başa vurmasıdır. Onlar təqlid üçün yeni birini tapana qədər daha yenisi yaranır, beləliklə, onların imitasiya sürəti yeni nəfəslərlə uzlaşmır. Köhnə, klassik mətnlərin arasında qalmış ölü milçəyi xatırladan bu mətnbazlar plagiat etdiklərini də gizlətmirlər. Onlar öz oxucularını xor görür və mövzularının sürdükləri bohem həyat tərzi ilə uzlaşmasını əsas gətirərək özlərinə bəraət qazandırırlar. Halbuki yazarın mətni yazarkən nə ilə məşğul olması və ya həyat tərzi oxucunu deyil, bioqrafiya yazanları maraqlandırır. Onların dəyişiklik arzusu yazdıqlarına yüklədikləri eqolardan həmişə yüngül gəldiyinə görə həmin mətnləri sabun köpüyü kimi havaya uçduqdan sonra yox olmaqdan başqa aqibət gözləmir. Makulatura…”

– Sən mənə qulaq asırsan? Hə, onu deyirəm axı, ev sirli mağaraya bənzəyir. Pəncərə mənə o qədər maraqlı göründü ki, ayağımın altına stul qoyub ora dırmaşdım. Təsəvvür edirsən, uşaq kimi. Elə həvəsli idim ki… Dırmaşdım, özümü Alisa kimi hiss edirdim. Bilirsən, elə həvəslə qalxdım, orada fərqli nə isə görmək fikri ilə. Di gəl ki… – Qapının döyülməsi ilə arvadının sözü ağzında qaldı.

– Yadıma sal, danışım. Maraqlıdır, – arvadı qapıya tərəf yollanarkən dedi.

“Pəncərə, qapı, dırmaşmaq…” Bu üç kəlmə açar söz kimi yaddaşında fırlandı. Haradan oxumuşdu, bəlkə, yaşadıqları dejavudur.Ya da bütün bunları yuxuda görüb. Onsuz da, son zamanlar xəstəliyi ilə əlaqədar qarabasmaları çox olurdu.

Arvadı qapıda kiminləsə danışırdı. Qulağına: “Bahadı, bir az ucuz olmaz?” sözləri gəlib çatdı. Az sonra qapı örtüldü. Arvadının ayaq səslərindən onun mətbəxə getdiyini başa düşdü. Əllərini unutmuşdu az qala. Bayaqdan başının arxasında daraqlanmaqdan uyuşmuşdular. Ümumiyyətlə, bədən üzvlərini yaddan çıxartmaq köhnə vərdişi idi. Bəzən saatlarla ayağını ayağının üstünə aşırdıb fikrə gedər, onları ayırmaq yadına düşməzdi.

“Pəncərə, qapı… Aha, xatırladım!” – uyuşmuş əlini dizinə çırpdı. Əziz Nesin! İstanbulda dənizə baxan ev axtarırlar. Bahalı evlərə pulları çatmır. Uzun axtarışlardan sonra bir ev tapırlar. Ev sahibi iddia edir ki, evinin pəncərəsi dənizə baxır. Əziz Nesinin də inanmağı gəlmir. Düşünür ki, bu qədər az kirayə müqabilində dənizə baxan evi necə verə bilər. Nəhayət, gedib evə baxmağa qərar verirlər. Zirzəmidə bir ev tapırlar. Arvadı ayağının altına stul qoyub birtəhər balaca deşikdən baxaraq dənizi tapır. Ay səni, ev… Əziz Nesin.Yenə məqalənin ardını düşünməyə başladı.

“Roman nədir? Bu suala cavab olaraq Mopassan deyirdi ki, bu janr haqqında sabit fikir söyləmək mümkün deyil. Baxtin isə deyirdi: “roman yeganə janrdır ki, onun bel sütunu hələ bərkiməyib”. Belinskidən də sitat gətirmək olar: “Roman və povest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. İndi ciddi ədəbiyyat belletrist ədəbiyyata qarşı müqavimət göstərə bilmir.

Amma bu gün belletristika yazanlara xitabən səslənsək, bu, absurd olar. Çünki bellestristika yazanları ədəbiyyat tarixinin zibilliyində də tapmaq olmur.Bu gün sürət əsrində oxucuların ədəbi yaddaşı həmin sürətə adekvatdır. Bunu kobud şəkildə belə deyə bilərik: “Belletristika yazanlar ərikli bağın (bağda ərik var idi…) sahibi ilə eyni taleyi yaşayacaqlar. Onun uzunömürlülüyü piarının ömründən asılıdır…”

Arvadı içəri girmədən qollarını sinəsində çarpazladı.

– Gələn kim idi? – Məqalənin axınından birtəhər qopub reallığa qayıtdı.

– 50 manat istədi. Dedi ki, ən ucuzu bu olar. Yük maşını lazımdı axı…

Dilini sürüdü:

– Bəlkə, Sevdagildən alasan? Bilirsən, Markes Parisdə…

– Bilirəm, deyəcəksən Markesgil Nobel almazdan əvvəl Parisdə it zülmü çəkiblər. Amma nə sən Markessən, nə də bura Parisdir. İki gündür, yenə uçmusan. Nə yazırsan? Yuxuda da “mətnbazlıq” deyə sayıqlayırsan. Pul lazımdır, Pulll… Nə vaxtsa Nobel alacağına ümid edirsən? Ay-hay…

Arvadına cavab vermədi. Əslində, veriləcək cavabı yox idi. Bütün beynini qəzetə verəcəyi məqalə işğal etmişdi.

Az sonra çantaları qapının yanına düzən arvadı məzəmmətedici nəzərlə onu süzdü. O da ayağa qalxıb yığışmağa kömək etdi.

– Bəs 50 manat işi necə olacaq? – quşların qəfəsini götürəndə çəkinə-çəkinə arvadından soruşdu.

– Televizor bizə lazım deyil onsuz da. Dedim ki, onu götürsün. Daha siçovullarla bir yerdə yaşamaqdan iyrənirəm. Televizorsuz yaşaya bilərəm, – arvadı artıq bütün yükü toplamışdı.

– Sənə demək tamam yadımdan çıxmışdı, – arvadı səmimi bir səslə dilləndi, – bizim indi köçdüyümüz evi Nobel o vaxtı mehtərləri üçün tikdiribmiş.

ceylanmumoglu.com

Paylaş

Şərh yaz