Rəsulzadənin həzzi (dərdi) və xalqı haqda- İlqar Kamil yazır

0

Maarifçilər niyə bu qədər yazıb-pozur, əlləşib-vuruşur, xaqlarını xoşbəxt görmək istəyirlər? Məsələn, elə sosial şəbəkələrdə aktiv olan ziyalılarımız, niyə havayı-kalan belə canfəşanlıq edirlər? Çünki onlar yaxşı başa düşürlər ki, xoşbəxt yaşamağın yolu xoşbəxt cəmiyyətdə yaşamaqdan keçir – tək xoşbəxt olmaq olmur.

Bu, məsələnin bir tərəfidir, başqa bir tərəfi isə odur ki, gərək düzünü deyəsən, maarifçilik işi ləzzətlidir, qəşəngdir, mənalıdır. Xüsusi həzz olmasa kim girərdi belə məsuliyyətli işin altına? Özün üçün yaşamağın bir həzzi varsa, Çe Gevara, Rəsulzadə, Şəriəti… olmağın da başqa, daha anlamlı bir həzzi var. Var! Sən nə üçün hər gün səhər oyanıb gecə yatdığını, bu zəhmətli işi hər gün niyə təkrarladığını bilmirsənsə, onlar bilir, axı qarşılarında çox möhtəşəm bir amalları var: xalqı xilas etmək! Gözəldir e, əzizi-mən, adama qəfil “neyçün yaşayırsan?” sualı veriləndə konkret və aydın cavabının olması çox gözəldir. Bir də var deyəsən “nəəm, yaşıyırıq daa, görək noolur”.

Siz elə bilirsiz inqilabçılar, solçular, maarifçilər, ictimai xadimlər… məsələn, Çe Gevaralar, Gandilər, Rəsulzadələr, Zərdabilər… etdikləri işdən, tutduqları yoldan həzz almırdılar? Yanılırsız! Əksinə, onlar bu işlərdən heç birimizin heç nədən ala bilməyəcəyimiz xüsusi həzzlər alır, bəzən hətta mənəvi katarsiz yaşayırdılar. Min-bir əzab-əziyyət çəkirdilər, danmıram, fəqət axı bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir! Sitat:

bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir!

Bəlkə elə ona görə də onlar heç kəsi qınamır, uğrunda əlləşdikləri xalqa (indikilər kimi) minnət qoymur, əksinə, xalqı “uca millət” xitabıyla şərəfləndirirdilər. Bir yazıçı, bir aktyor, bir maarifçi, bir ziyalı, əgər səmimidirsə, “ömrümü bu xalqa həsr elədim, qədrimi bilmədilər” kimi pafoslu gileylər etməməlidir. Adama deyərlər, bəs o yaşadığın həzləri hara yazaq? Axı sən bu zəhmətlərinin qarşılığını alırdın! Şillə, təpik, təhqir, tənə cəzadırsa, mənalı, amallı həyat, xalq sevgisi, tərif, xoş sözlər də mükafatdır, əzizim. Hər şey bir yana, sən bu işlə xoşbxət olurdun, daha nə istəyirsən!

Həyətimizdə rus nənələr var – qırmızı yanaq, canlı matruşkalar, hər gün öz xoşlarıyla gülləri sulayırlar, blokun qabağını süpürürlər, pişikləri yemləyirlər, qar yağdı yolların qarını təmizləyirlər… Soruşursan, niyə edirsiz bunları, nəyinizə lazımdır, nə marağınız var? Cavabları yekdildir: biz bu işlərdən həzz alırıq, vəssəlam!

Etikada bu hala evdemonizm halı deyilir, yəni hamı həzz üçün yaşayır bu həyatda, əzizim, hamı! Sadəcə Rəsulzadələrin duyduğu həzz daha dərin və daha həqiqidir. Onların böyüklüyü də məhz bundadır! Onların ən böyük kəşfi də məhz bu həzzdir. Bu həzzi duydudunsa əbədiyyən dirilirsən, bu həzz yaşadır səni, darda, qarda, boranda, hər halda və hər vəziyyətdə! Necə ki, Rəsulzadəni yaşadırdı və yaşadır!

Baxırsan ona, məəttəl qalırsan; çeşid-çeşid balığı dəryaya atıb, uf da deməyib, çünki o, Rəsulzadədir, Əmindir! Çünki o əmindir: xalq bilməsə də Xaliq bilir. Şair yazmışdı axı:

“Bu qədər qəm nəyə lazım” demə, qəm çək yenə də.
O qəmin qədrini qəm sahibi – qəmxaar bilir.

Əsas da Xaliqdir, nədən ki, Xaliq bildisə, geci-tezi var, xalq da biləcək, necə ki, bilir: bu gün xalq Xaliqin sayəsində hər şeyi bilir.

Bu gün xalq Rəsulzadəni bilir!

Günün mübarək, böyük kişi, sən hər zaman ürəyimizdəsən!

İlqar Kamil

Paylaş

Şərh yaz