Birinci yazı: Əvəz Qurbanlı düz deyib, hələ əskik deyib. Mənəviyyatımıza bundan böyük zərbə necə ola bilər axı?!- Miri Rəsulzadə

0

Dünən adalet.az saytında “Molla Nəsrəddin” jurnalı peyğəmbəri təhqir edibmi? başlıqlı sorğuya baxdım. Şair Əvəz Qurbanlının aznews.az saytına verdiyi müsahibə əks reaksiya doğurub. “Molla Nəsrəddin”lə bağlı yer alan fikrinə qarşı sərt mövqe sərgilənib. Mən şəxsən müsahibədə qəribə heçnə görmədim. Nə varsa onu deyib, düz də deyib. Müsahibədə Əvəz Qurbanlı ilk öncə Mirzə Cəlilin rəhbəri olduğu bu dərgidə maarifçilik məsələlərinin müntəzəm olaraq əks olunduğunu, dövrün dəyərli ziyalılarının “Molla Nəsrəddin” səhifələrində cəhalətlə, xurafatla, sosial ədalətsizliklə mübarizə apardıqlarını qeyd edib. Daha sonra “lakin elə məqalələr, elə karikaturalar da var ki, onları görəndə düşünürsən ki, “Molla Nəsrəddin” Azərbaycan mətbuat tarixinin üz qarasıdır…” şəklində sözünə əlavə edib. Bu təpki isə bəzi ədəbiyyat başbilənlərinin “şest”inə dəyib, qanlarını qaraldıb.

Adalet.az saytı məsələnin aktuallığını nəzərə alaraq ziyalılardan münasibət öyrənib. Yazıçı Anarın vaxtı olmayıb fikir bildirməyə..

Millət vəkili, yazıçı Aqil Abbas Əvəz Qurbanlının gündəmə gəlmək istədiyini vurğulayıb. Kim inanar buna? Bu nə gülməli açıqlamadı? Əvəz Qurbanlı ciddi fikir adamı, reklama ehtiyacı olmayan, yetərincə tanınan imza sahiblərindən biridir. Aqil Abbas sonra deyib bu tarixə ləkə vurmaqdır. Deyən lazımdı ləkə vurmaq niyə ki, Aqil müəllim? Bəlkə ləkəni təmizləmək cəhdi? Bəlkə tarixin illərdi üzərinə qonan tozu təmizləmək istəyi? Bəlkə həqiqətin üzərinə atılan qara pərdəni götürmək? Siz ədəbiyyatnızla, tarixinizlə üzləşmək istəmirsiz ona camaat neyləsin. Sonra demisiz Əvəz Qurbanlı Mirzə Cəlilin taleyini, jurnal haqqında məlumatları yaxşı oxusa görər ki, Mirzə Cəlil elə şeylərə qol çəkməz. Müəyyən şeylər var ki, onlara Mirzə Cəlil qol çəkməyib, dövlət nə istəyibsə, o da olub.. Hörmətli Aqil müəllim! Siz də müsahibəni yaxşı oxusaydınız tələsik fikir bildirməsəydiniz görəcəkdiniz ki, orda Mirzə Cəlildən yox konkret mövzudan, dəlildən söhbət gedir. Əvəz Qurbanlı diqqəti 20-ci illərdən sonrakı Molla Nəsrəddində yayımlanan, karikaturalara çəkib. Ona aydınlıq gətirib. Kənar jurnaldan misal çəkməyib ki. İstəsək də istəməsək də bu belədir, faktlar var. Əldə bayraq tutmaq lazım deyil ki, sovetdən sonra olub.. Kimlərsə yad planetlərdən gəlib məqalə, tənqid, məzhəki şeir, felyeton yazmayıb ki. Hamısını bizim döşümüzə döydüyümüz qələm sahibləri “ziyalılar”ımız edib. Əvəz Qurbanlı düz deyib hələ əksik deyib. Mənəviyyatımıza bundan böyük zərbə necə ola bilər axı?! Lağlağı, məsxərə edə-edə insanımızı soyutdular hər şeydən. Bu vətənin övladları heç vaxt quru olmayıb. Ancaq tənqid, ancaq təhqir, alçaltmaq. Alternativ verməyiblər. Pisi göstərdin “o olmaz, bu olmaz” dedin başa düşdük. Bəs yaxşı necə olmalı idi, əsli necə olmalıdır, həqiqət nədən ibarətdir, onu demədilər, gizlətdilər. Daim müqayisəyə ancaq Kefli İsgəndərləri gətirdilər. Niyə görəsən? Normal əxlaqlı, mənəvi nümunəvi bir insan yox idi ki, örnək versinlər? Yoxsa sərf etmirdi bəzi güclərə? Sizinlə maraqlı bir faktı patlaşım. Deməli Məhəmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan tarixi” əsərində deyir ki: “Sovet şərayiti və idarəsi ilə bağlı olaraq, çox da yüksək səviyyədə olmayan ümumi məlumat və biliklərinə baxmayaraq, azərbaycanlı əsirlərin dini məsələlərdə tamamilə biliksiz olduqları nəzərə çarpırdı (bunu kimə borcluyuq? əlbətdə Molla Nəsrəddinə -M.R).
Azərbaycandakı yeni nəsil, deyə bilərik ki, dinə qarşı laqeyddir. Dini mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Məmləkətdə məscidlər bağlanmışdır. Nə Ramazan, nə də Qurban bayramı sovet gənclərinə məlum deyildir. Azərbaycanda əskidən çox böyük əhəmiyyətə malik olan bahar xalq bayramı – “Novruz” da dəbdən düşmüşdür. Azərbaycan, bütün Sovetlər Birliyi ilə bərabər, yalnız Oktyabr inqilabının siyasi bayramlarını və bir də Azərbaycanın sovetləşdirildiyi günü qeyd edir. Yeni nəsil heç bir dua və namaz bilməz (Çox qüvvətli ailə ənənələrinin təsiri ilə adətləri yaxşı bilənlərə də təsadüf olunur). Krım cəbhəsində əsir düşən azərbaycanlı kiçik yaşlı qızlar-bacılar namaz qılan nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bəziləri alman ordusuna legioner yazılmışdılar: bunlardan bir neçəsi faciəli bir hadisədən bəhs edirlər. Bölük komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən arkadaşlarını islam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət, bir çarə tapmışlar. Yeddi dəfə – “ya Məhəmməd, ya Məhəmməd” – deyə bağıraraq arkadaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən arkadaşlarını “Arşın mal alan” operettasından nəğmələr oxuyaraq basdırmışlar.
Daha yaşlı nəsil bu xüsusda müəyyən bir faciə yaşayır və əzab çəkir, lakin gənclik çox nadir istisna ilə bu faciəni hiss etmir. Mümkündür ki, sovet rejimi aradan götürüləndən sonra dindarlıq sözün fəlsəfi, mücərrəd mənasında mənəvi həyatın bir təzahürü kimi cəmiyyətin müəyyən sahələrində müəyyən əksini tapır. Lakin burada dinin ictimai həyatı tənzim edən siyasi və idari bir müəssisə ola biləcəyini təsəvvür etmək mümkün deyil. Bu mənada din sovet dövründə tamamilə öldürülmüşdür. Gələcəkdə din yalnız yurddaşın şəxsi həyatına xas olaraq qalacaqdır. Bu, Mirzə Fətəli Axundovdan başlayaraq Sabirin həcvlərinə qədər dinin təhqir edilməsi ənənələrinə yiyələnən çağdaş Azərbaycan ədəbiyyatının bir nəticəsidir”.

Sonra yazıçı Səfər Alışarlı da fikir bildirib ki, “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının xurafatdan, dini cəhalətdən qurtulmasında misilsiz rol oynamış qeyrətli və fədakar bir ziyalı kollektivinin əməyinin məhsuludur..

Bunu başa düşdük orda söhbət təhqirdən gedir. Bir də ki, biz nəyin təəssübünü çəkirik? Kimə, nəyi sübut etmək istəyirik, nəyi malalayırıq? Həmin ədiblərin İslama olan münasibətləri göz qabağında idi, bəlli idi. .. Yusif Vəzir hələ o vaxt Mirzə Cəlilə demişdi ki: “Bəy, insan xalqını bu qədər aşağılamaz”.
Bunu bilmək üçün onların fikir babaları M.F.Axundovun fikirlərini oxumağımız yetərlidir. Kəmalüddövlədə yazılanlar sadəcə karikaturaya çevrilmişdi. Bir misal verim. Axundov yazırdı: “Doğurdan da, əgər bir adamın az-çox şüuru olsa, bu qədər çirkin və nalayiq sifətlərə malik olan Allahı ki, “Təbbət” surəsi onun alçaqlığına dəlalət edir, bütün yüksək və alçaq aləmlərin yaradıcısı hesab edə bilərmi? Əgər biz həqiqətdə yeganə və misilsiz yaradıcı olan bir Allahın varlığına inansaq, şəkk və şübhəsiz o xaliq və o yaradıcı bizim peyğəmbərin Quranda bizə xəbər verdiyi Allah deyildir”. Çox şərhə ehtiyac yoxdur siz oxumuş, aydın adamlarsınız verilən mesajı başa düşdünüz. Bunu da sovetin boynuna yıxa bilməzsiniz. Bəzi güclər bu bölgədə protestant islam və sionist müsəlman məntiqini (obrazını) yaratmaq istəyirdi və buna qismən nail oldular, yaratdılar istədiklərini elədilər. Bu manevr Martin Lutherin xristianlıqdakı islahatlarının eynisi idi. Təəssüf ki, məmləkətimizin bəzi ziyalıları uzun müddət beyinlərini icarəyə verdilər,vicdanlarını abort etdirdilər.. Belələrinin qələmindən yalnız ölü yaradıcılıq doğula bildi. Uzağı şikəst doğuldu amma ayaq açıb yeriyə bilmədi.. Di gəl indi əziyyətini biz çəkirik.

Sonra sıra Elşad Miriyə çatdı. Allah saxlamış da harda aş orda başdı. Elə bil orta şərqin kardinalı,dini rəhbəri zaddı. Guya onun fikrini öyrənməsəydilər dünya dağılacaqdı, sayt günaha batacaqdı. Hər mövzudan da danışmağa sözü var. Deyir mən o jurnalla bütövlükdə tanış olmamışam, sorğu aparan da məcbur edir ki, yoxe mütləq nəsə deməlisən, adam sayı düzəlsin.. Adama deyən lazımdı tanış deyilsən onda niyə danışırsan?
Axır vaxtı qəttəzə tendensiya müşahidə olunur. Sözü bir yerə qoyub “yox, bu dinə qarşı deyil, xurafata qarşıdı”-deyirlər.

Daha sonra tənqidçi Əsəd Cahangir fikir bildirib: “Əvəzin bu sözlərində həqiqət payı var. Sadəcə o, həqiqəti yaxşı ifadə edə bilməyib. Bunlar tarixi həqiqətlərdir. Burda qeyri-adi nə var ki? Karikatura lar bunun sübutudur, fakt ortadadır. Cəmiyyət də görüb bu faktı. Maarifçilər həmişə dinə qarşı çıxıb. Əslinə Əvəz hamının demək istədiklərini deyib, sadəcə ifrata varıb. Gərək o tərzdə də deməyəydi. Fanatikcəsinə münasibət bildirib. Halbuki o, ziyalı kimi, şair kimi fikir bildirməliydi. Əvəz ümumi yanaşıb məsələyə. Milli düşüncəmizə ziyanlıdır fikri xoşuma gəlmədi. Amma hesab edirəm ki, həqiqətlər açılmalıdı. O faktlar, ədəbiyyat taiximiziz həqiqətləri açılmalıdır, qaranlıq tərəfləri işıqlanamlıdır. Məncə, Əvəz “Molla Nəsrəddin”ə qarşı yox, “Molla Nəsrəddin”i bütləşdirənlərə qarşı çıxıb”.

Əsəd müəllimlə razıyam amma bir şeyi qeyd etmək istəyirəm ki, belə ağır yaranı sağaltmaq üçün ağrıtmaq lazımdı. Bəzi yaraları ağrısız müalicə etmək olmur, bəzi tikanları ağrısız çıxartmaq mümkün deyil. Bu boyda Molla Nəsrəddini yumşaq, xırda, ağıllı, təmkinli tənqidlə bu məsələyə işıq tutmaq olmazdı. Məhz belə sərt tənqid lazım idi..

Həmişə düşünmüşəm ki, siyasətdən çox ədəbiyyat aləmində diktatura rejimi bir millət üçün daha təhlükəlidir. Çünki ədəbiyyat ruhun tərcümanı, mənəviyyatı və ən əsası həyatın özüdür. Bütün xalqları, dahiləri tanımaq üçün onun yaratdığı ədəbiyyatı oxumaq lazımdı.Ədəbiyyat vətənin, millətin, gələcəyin güzgüsüdür.Gərək onu ləkələnməyə qoymayasan, təmiz saxlayasan. Vaxtında bəzi ziyalılarımızın bilərəkdən və ya bilməyərəkdən ədəbiyyata, mətbuata səpdiyi zəhərli toxumların yaratdığı mənəvi xəstəliklər bu xalqın düşüncə sistemini gen cərrahiyyəsinə məruz qoydu. Uzun illər çox ciddi suallarımıza lətifə səviyyəsində cavab almaqdan ciddiyyətimizi itirdik. Acı reallıq odur ki, Füyuzat uduzdu Molla Nəsrəddinə.. Həmid Herisçi demişkən necə ki, azdrama muzkomediyaya, az.film kinostuduyası da mozalana uduzub. Və indiyə kimi də davam edir. Bu günümüzdə kitablar feysbuka məğlub oldu.

Miri Rəsulzadə

Paylaş

Şərh yaz