İlqar Kamil yazır- Bir dərdin dərmanı haqqında

0

Bu xalqa ən böyük xəyanəti onlar etdilər! Xalqı hər fürsətdə aşağılayan, xalqı “bizdən bir zibil çıxmaz” kompleksinə salan, azərbaycanlını yeri gəldi-gəlmədi rusla, erməniylə, gürcüylə yan-yana qoyub təhqir eləyən hoqqabazlar! Güldüyümüz lətifələrə baxın, siz Allah, birmənalı olaraq hamısında azərbaycanlı ən mənasız, ən qorxaq, ən gerizəkalı obraz kimi təqdim olunur – niyə, xeyir ola! Elə isə, bəs Çingiz Mustafayev hansı xalqın nümayəndəsidir? Bəs Allahverdi Bağırov kimdir! Bəs Ala Yaqub! Bəs Mübariz! Bəs Fərid!!!… Hər biri ayrı-ayrılıqda bir ümmətə bərabər kişilərdir onlar, a qardaş, nə danışırsız siz!

Tapmaq lazımdır – Azərbaycanlıdan əzik və məzlum xalq obrazı yaratmaq kimlərin işinə yarayır və yaramış! Təbliğat maşını o qədər güclü işləmiş ki, xeyli aqsaqqallar tanıyıram, erməni adı gələn kimi gözləri bərəlir: ağıllı xalqdılar!!! Yəni az qala hamımız səmimi-qəlbdən inanmışıq ki, ermənilər bizdən güclü, ağıllı, zəkalıdır.

Sizcə, bu təsadüfdür?

Xilas nədədir – bu xalqın əlindən tutub ayağa qaldırmaqda, ona özünə inamını geri qaytarmaqda – inandırmaqda ki, Məhəmməd Əmin, Əli bəy Hüseynzadə, Topçubaşov… kimi dahi ziyalılar yetişdirən xalq zəif, kiçik, məzlum xalq sayıla bilməz!

Psixologiyası dəyişdirilməlidr bu millətin!

Tək əldən səs çıxmazmış – kim deyir? Adlarını sadaladıqlarım dəfələrlə sübut ediblər ki, zalımın üzünə çırpılarsa tək əldən də səs çıxar, özü də nə səs! Məsələ budur – bir qrup hoqqabaz ziyalılıq adıyla o şilləni, cüzdanımızdan oğurluq etmək istəyən düşmənin haramxor əlinə deyil, öz xalqının ağıllı başına vurdular! Çırpdılar, çırpdılar, çırpdılar, dəli oldu bu xalq. Ona axmaqsan deyən bir başqası olsa hulğumunu üzərdi, amma özünküydü, öz ziyalısı, öz maarifçisi, öz yazıçısı… inandı ziyalısına xalq – böyüyüm beləyik deyirsə, demək ki, beləyik, dedi və sındı…

Bu xalqı əzən düşmən olmadı, özümüz olduq!

Bütün dünya öz dəlisinə ağıllısan deyə-deyə məclis başına keçirdiyi halda biz öz ağıllımıza ağıllı deməyə utandıq: azərbaycanlı və ağıllı?!

Çox əvvəllər baxdığım bir şedevr filmdən xatırlayıram: atasından döyüşməyi öyrənən 10 yaşlı uşaq nə billah edirsə atasını yıxa bilmir və atası açır ona uğursuzluğunun sirrini: oğlum, deyir, yadında saxla, özündən güclüylə döyüşdə xəyanət və hiyləsiz qalıb gəlmək imkansız!

Yəni nə?

Yəni bir Azərbaycanlının mübarizə meydanında qüsuru olsa-olsa bu olar – hiyləsizlik, dürüstlük, kişilik… ki, bu da qüsur deyil, böyüklükdür!

Eşq olsun, bu böyük xalqa! Elə bir xalq ki, əsgərinin başına silah belə dayasan düşmən qadınına təcavüz etməz, uşağa güllə atmaz!

Eşq olsun!

(c) İlqar Kamil

Paylaş

Şərh yaz