Yunis Qaraxanov Gülnarə İsrafilin bir şeiri haqda danışır: GƏNCLİYİN YUXUSU APARDI MƏNİ…

0

Bu xanımın şeirləri onun adının oxucuları tərəfindən tanınması üçün kifayətdir. Çağdaş ədəbiyyatımızda poetik düşüncəni özünəməxsus şəkildə oxucuların yaddaşına yazan, ədəbiyyatımıza yeni nəfəs gətirən gənc və istedadlı şairə Gülnarə İsrafildir.
Şairənin təmiz, ülvi və ilahi düşüncələrlə, bəşəri hislərlə yazılan, sonsuz məhəbbətlə tərənnüm olunan şeirlərindən oxucular sözün həqiqi mənasında böyük mənəvi zövq alırlar. Şeirlər insanları elə bil ki, ağuşuna alır, doğma Vətənə sevgi, ilahi məhəbbət barədə gözəl duyğular yaradır.
Gülnarə İsrafilin yazdığı şeirlərdən biri olan “Gəncliyin yuxusu apardı…” adlı şeiri məhz belə şeirlərdən biridir.
Bu qış da ömrümə nağıl danışdı,
Nağıl yaman doğma, yaman tanışdı,
Uşaq yuxularım dağılmamışdı,
Gəncliyin yuxusu apardı məni.-
-Gənclik insan həyatının ən enerjili, ən çılğın dövrüdür. Bu dövrü, adətən, “sevgi dövrü” adlandırırlar. Gülnarə İsrafil də məhz uşaqlıq dövrünün gözəl anlarının bitmədiyi dövrdə gəncliyin bir nağıl kimi başlamasını vurğulayır. Bu nağıl isə “sevgi nağılı”dır. Bu nağıl uşaqlığında, uzun qış gecələrində eşitdiyi nağıllardan fərqli bir nağıldır. Bəlkə də, ilk baxışdan yad olsa da, sonradan bir ömür doğma, tanış olan nağıldır. Amma bu nağılda bəzən gözəl, sevgi dolu anlar deyil, qısqanclıqlarla dolu, bəlkə də, xəyanət, göz yaşları, kədər-qəmlə dolu anlar da yaşanır. Bəzən sevgi nağılları yuxulara belə çevrilir. Bu yuxular isə qorxulu da olur, qorxusuz da…
Gülnarə İsrafil bütün bu nağılları öz şeirində poetik çalarlarla vermişdir:
İllərim, aylarım, fəsillərim çin,
Hər gecə, hər gündüz ömür bir əlçim,
Bulud arasında doğub göyərçin,
Yağış damlaları yapardı məni.

Nə qış axşamıydı, yaz axşamıydı,
Nə gün işığıydı, nə ağ şamıydı,
Bu ömür ömrümə heç oxşamırdı,
Ayılıb, ayılıb, tapardı məni.
Sonda gənc və istedadlı şairə Gülnarə İsrafilə başarlarının davamlı olmasını diləyirəm.

YUNİS QARAXANOV..
“Zim.az” saytının xüsusi müxbiri

Paylaş

Şərh yaz