Məryəm Sıla Abaslı yazır…- Havalar soyuyur… Ətrafinızdakı insanlardan muğayət olun… BİZİ QIŞDAN ÇIXARACAQ İNSANLAR..

0

Anasının əlindən tutub özünə qış üçün çəkmə seçməyə gəlmişdi, 4-5 yaşlı balaca qızcığaz.. Mağazada o baş bu başa qaçır, gah o, gah bu ayaqqabını anasına göstərib “ay naa baaa, buna baa” deyirdi. Anası isə çəkmələrin görünüşündən çox möhkəmliyinə baxır, yoxlayır, satıcıyla onun çox da anlaya bilmədiyi söhbətlər edirdi. Və nəhayət anası qərarını verdi. Bir çəkmə seçib “Pəriş, gəl geyin bax görəy ayağınadımı? ” deyə onu səslədi.. Amma o durduğu yerdən tərpənmirdi. Gözlərini çəhrayı rəngli, üstü rəngarəng süni daşlarla bəzənmiş bir tufliyə dikib qalmışdı.. gözləri parlayırdı, kim bilir o ayaqqabını geyinib hansı nağılda rəqs edirdi indi.. Anası yaxınlaşıb çiyninə toxundu, “Pəri, eşitmirsən?” Diksinib anasına döndü və ayaqqabılara qovuşma yolunu tapmış kimi sevinc və həyəcanla ” ana, baa zoyuşkanın akkabısınnan. Alağ da bunu” anası təmkinlə və sakitcə cavab verdi “yox, gözəlim sənə qış ayaqqabısı, çəkmə lazımdır. Bu axı yay üçündü. Gəl gör nə qəşəng çəkmə tapmışam sənə” Qızcığaz dediyindən dönmədi “yox istəmirəm onu, mən bunu istirəm” səsi həm yüksəldi, həm titrədi, dodağları büzüldü. “Olmaz qızım. Bunu yay gələndə alarıq. Amma indi çəkmə almalıyıq” anasının qətiyyətli səsi onun bütün ümidlərini qırdı. Və axrıncı silahına əl atdı. Var gücüylə qışqıraraq ağlamağa, hikkəylə atılıb düşməyə başladı.. anası hələ də təmkinini qoruyaraq onu yola gətirməyə çalışırdı ” mələyim, axı sən hər gün baxçaya gedirsən. Yağış yağır tez-tez, hələ birazdan qar da yağacaq.. axı bu ayaqqabıyla ayağın islanacaq,xəstələnəcəksən,heç qar yağanda dostlarınla qartopu da oynaya bilməyəcəksən.. sənə səni qışdan çıxarası ayaqqabı lazımdır. Gəl o çəkməni alaq, yayda hava isinəndə bunu alarıq”…

Balaca qız yola gəldimi, gəlmədimi bilmirəm.. anasının sözləri ona təsir etdimi, ya ümumiyyətlə o sözləri eşitdimi, eşitmədimi bilmirəm, amma bir cümlə məni əməlli silkələdi bax bunu dəqiq bilirəm.. “sənə səni qışdan çıxarası ayaqqabı lazımdır..” bir hədis, müdrik bir kəlam kimi səsləndi bu söz qulağımda.. doğurdan da yayı, yazı yola verməyə nə var ki, məsələ qışdan çıxara bilməkdi insanı..
Rəbbimlə münasibətimi xatırlatdı bu qızcığazın anasıyla münasibəti.. eynən onun kimi mən də gözümə xoş gələn , könlümə yatan bi şeylərdə, bi kəslərdə israr etmişəm zaman zaman.. xəyallar qurmuşam özümə görə..”məni qışdan çıxarıb çıxarmayacağını” düşünmədən illa olsun deyə israr etmişəm.. Rəbbimin mənim görmədiklərimi gördüyünü, bilmədiklərimi bildiyini və mənə qarşı o ananın o qızcığaza olan sevgi və mərhəmətindən çox-çox artıq mərhəmətli olduğunu hesaba qatmadan eyni o qız kimi “yox bunu isteyirəm ” deyib iddia etmişəm.. və yanılmışam.. ayaqlarım islanıb, üşümüşəm, xəstələnmişəm..Rəbbimsə o ananın təmkinindən daha böyük bir təmkinlə məni hər zaman xeyirlisinə səsləyib, ən gözəlinə razı salmağa çalışıb..

Və artıq dualarıma yeni bir dua əlavə olunub o gündən sonra : “Rəbbim bizləri, bizi qışdan çıxarası insanlarla rastlaşdırsın”

Amin …

Məryəm Sıla Abaslı

Paylaş

Şərh yaz