Gözəl qızıma- Miri Rəsulzadə

0

Səhv etmirəmsə Yaponlar insanın yaşını ana bətnindən başlayır hesablamağa. Yəni uşaq doğulanda artıq 9 aylıq olur.. sonra 10 ayı, 11 ayı tamam olur..

Mənim üçün bu hesablama daha doğmadı, daha realdı. Çünki kədərli taleyimə ən yaxını, ən uyğunu bu hesablamadı. 3 il əvvəl ilk övladım oldu, qızım oldu. İlk dəfə ata oldum. Ata olmaq mənə baha başa gəldi. Qızım yarımçıq doğuldu, mən isə yarımçıq ata oldum. Mənə ata olmağı, sevməyi qızım öyrətdi.. Onu da yarımçıq öyrətdi.. Paxıl qızım.
Dünyaya gəlməyən qızım. Bəlkə də bu ölkədə doğulmaq istəmədi.. Bəlkə də o balaca, işləməyən ürəyində dedi: necə yaşayırsıze bu həyatda?
Anasının bətnində xəstələnən qızım..
7 ay güclə yaşadı. Sonra həkimlər onu süni doğuşla dünyaya gətirdilər.
Ağıllı balam doğulanda heç ağlamadı da.. Bu dünyaya heç gözünün ucuyla da baxmadı..
Ağ kəfəndən özünə gəlinlik düzəltdi..
Evcik-evcik də oynamadı.. Doğuş stolundan anasını evə əliboş yola saldı insafsız qızım.. Anasına yazığı gəlmədi, anasının qolunda uzanmadı, südündən içmədi.. Dedi mən yerlər qızıyam, göylər qızıyam. Mən torpaq qızıyam.
Gözlərini birbaşa cənnətdə açdı qızım.
Yük olmadı anasına.. dedi sən yaşa mən sənin üçün öləcəm..

Bu dünyanın havası düşmədi mənim gözəl qızıma.. Yaşaya bilmədi mənim qızım.
Qüsl veriləndə gözünü məndən qaçırdırdı.. Amma mən üzünə, gözünə çoxlu-çoxlu baxdım. İlahi, mənə necə oxşayırdı.. Yumulu gözləri, dodaqları.. Eyni özüm idim. Bəlkə də özüm özümə heç elə oxşamıram. Sanki mələk idi.. Mən mələyin varlığına ondan sonra daha çox inanmağa başladım. Elə bil Allah işini-gücünü atıb bu qızın üstündə işləmişdi..

Səsini eşidirdim amma. Deyirdi mənə olan sevgini qardaşıma saxla. Onu ikiqat çox istə. Mən öz payımı ona verirəm.

Səxavətli qızım, ürəyi böyük qızım.. Dedim niyə belə tələsdin, gözəl qızım?
Heç olmasa saçların uzanana kimi, atan saçlarını hörənə kimi, sənə bantik alana kimi yaşayaydın da. Nolardı ki.. Qardaşın doğulana kimi anana yoldaşlıq edəydin.. Nə and-aman elədim razılaşmadı.

Mənə ata olmağı sən öyrətdin.

Ata olan bəndə sevinər, qızına pal-paltar alar, oyuncaq alar.. Mənim tədarükümə bax; 3-4 metr ağ bez (kəfən), sabun, salafan, qara torpaq, 1 ədəd baş daşı üçün qara daş..

Darıxanda qəbrinə gedirəm. Kim deyir körpələrin qəbri itir, yadda qalmır?
Kim deyir yalan deyir. İnanma belə şeylərə, qızım.

Mən qızımın qəbrini əzbər tanıyıram. Dünyanın ən balaca qəbri mənim qızımın qəbridi. Ətir saçan qəbirdi.. Məzarlığa girəndə gözəl ətri səni qəbrin yanına özü aparır.
Cehizi yarımçıq qalan qızım…
Atasını eşitməyən qızım…
Tərs qızım..
Niyə gəlmədin bizimlə?? Niyə evimizi bəyənmədin??

Xəstəxanadan qəbirstanlığa atasının maşınında getdi.. Qızım arxada uzanmışdı. Atası şəhəri gəzdirirdi.. Ölməsəydi dünyanı gəzdirərdi.. Yaşamağa ürək eləmədi, qorxdu ki, böyüyəndə anasından gözəl olar.. Qorxdu ki, birdən bunu anasından çox istəyərəm. Belə idi mənim qızım.

Bağışla məni səni bağçaya apara bilmədim, parkda gəzdirə bilmədim.. Məktəbli forması almadım..

Rəngli kağızı, plastilini olmadı qızımın.. Rəngli qələmlə divar kağızımızı yazmadı qızım.. Heç beşiyi də olmadı, tortu da, şarı da olmadı.. Çantası, darağı da olmadı. Saçlarını daramadı mənim qızım.. Doğumu, ölümü bir gündə oldu qızımın.

Heç bir təsəlli səni unutdurmadı, Şahzadəm, unutdurmayacaq da.. Çünki səni ürəyimə dəfn etmişəm..

Paylaş

Şərh yaz