Ölməyə vaxt tapmadı mənim atam- Miri Rəsulzadə

0

Bu gün bizim ailədə təqvimin çaş-baş qaldığı gündü. 21 sentyabr atamın ölən günü, həm də anamın doğum günüdü. Atam anamın ad günündə dünyasını dəyişib. Atam Rusiyada işləyirdi, ilin yarısını orda yarısını burda olurdu. Vladivostokda rəhmətə getmişdi. İndiyə kimi yadımdadı, süfrə açılıb anamın ad gününü qeyd edirik, qohumlar təbrik edir, qardaş bacı hədiyyə alır.. Axşam oldu hamı təbrik elədi qurtardı, təkcə atamdan başqa. Həmişə birinci təbrik edən adam nədənsə bu dəfə gecikdi, zəngi gəlmədi.. Anam həmin gün küsmüşdü, acıq eləmişdi, bərk incimişdi ki, niyə zəng vurmadı? Necə unuda bilər? Heç cür başa düşmürdü, düşmək istəmirdi. Çünki ilk dəfə idi. Belə şey olmamışdı. Hardan bilsin ki, onun idealı səhər saatlarında artıq gözlərini bu dünyaya əbədi yumub.😪

Anam sonradan bizə bir sirr açdı. Dedi, o vaxt atan mənə demişdi ki, nə vaxtsa sənin ad gününü təbrik etməsəm bil ki, mən bu dünyada yoxam, ölmüşəm.😔 Yəni mümkün deyil mən səni yaddan çıxardım.

Ölməyə vaxt tapmadı mənim atam. Anamın ad gününü seçdi. Ölümü də kreativ oldu. Surpriz eləməyi xoşlayırdı. Ürəyi burda qalmışdı. Anamın doğum gününə özünü belə çatdırdı mənim atam. Həyat yoldaşının ad gününə tabutla, kartejlə gələn neçə ər tanıyırsız bu dünyada?? Atamın ölümünə ölüm özü də məəttəl qalmışdı. Belə dəm-dəsgah ancaq atamdan çıxardı..

Bu gün sənsizliyin 15 yaşı tamam olur. 15 ildi “ata” demirəm, “ata” sözündən ötrü çoox darıxmışam. Sənsiz keçən illərimiz cəbhə xəttindəki kimi birə iki sayılır.
Yaşadığın 46 ildə bizə ancaq sevməyi öyrətdin. Biz bir təhər dözürük, bəs sən necə dözürsən bu ayrılığa? “Oğlum”, “qızım” sözü üçün heçmi darıxmırsan??

15 ildi axşamlar sevinclə qapıya, qabağına qaça bilmirəm. 15 ildi mənə heçnə almırsan, məni gəzdirmirsən, tərbiyəmlə maraqlanmırsan..
Qızın böyüdü, boyu anasını keçdi, məktəbi qurtardı, elçi düşdülər qızına.. Qızını babasından, dayısından istədilər.. Qızın ərə getdi, ay ata. İndi 3 uşağı var. Nəvələrinin sayı artır, gözün aydın. Balaca qardaşım səndən söz düşəndə heçnə danışa bilmir, üzümə baxır. Deyir mənə atamı anlat. Yadında çox da qalmamısan. Sən gedəndə onun 9 yaşı var idi. Tabutun altında gedirdi. Çox da başa düşmürdü amma ağlayırdı. Bəlkə də sənə görə ağlamırdı, anam ağladığı üçün ağlayırdı.

Tabutunu o qədər dar düzəltmişdilər ki, elə bil dünyada taxta qəhət idi. Geniş olsaydı mən də uzanardım yanına heç olmasa qəbirstanlığa qədər yoldaşlıq edərdim, ötürərdim səni..

Atam həm də yaxşı saz çalırdı. 13-14 yaşım olanda sazı verirdi mənə deyirdi ala, “aşıq Alının Türkiyə səfəri” dastanını danış. Bunu o vaxt Göyçəli aşıq Hacı danışardı. Mən də əzbərləmişdim bu dastanı. Atama görə Kəlbəcər şairlərinin xeyli şeirlərini öyrənmişdim. Sücaətdən, Bəhmandan şeirlər deyirdim xoşu gəlirdi. Daha 15 ildi heç kim məndən dastan zad soruşmur. 15 ildi səni “Orta sarıtel”də, “Ruhani”də, “Göyçəgülü”də axtarıram.. Sazın pərdələri də, simi də səni soruşur. Sazın həmin səsi vermir. Nə qədər kökləyirəm xeyri yoxdu. Mənim kimi onun da gözü səni axtarır.

Yadındadı, özün rəqs edə bilmirdin deyə məni milli rəqsə qoymuşdun? Toylarda deyirdin, çıx görüm.. Özün də kənardan əl çalırıdın. Həm də dostlarına gileylənirdin ki, camaatın oğlu karateyə gedəndə bizimki də rəqsə gedir.. Qohum-əqrəba soruşanda ki, Miri necə oxuyur? Deyirdin əməkdən, bir də nəğmədən 5 alır..

Bu yay məzarına ziyarətə gəldim. Hava çox isti idi, baş daşının kölgəsində sərinləndim. 15 ildi adını daşdan oxuyuram.
Özüm ata olsam da söykənməyə dayaq axtarıram.

Ay ata! Bu gün 15 ildi ağır depressiyada olan, ağır dərmanlarla yaşayan xanımının, həyat yoldaşının ad günüdü. Gözün aydın olsun. Narahat olma sənin adından da təbrik edəcəm. Onsuz da hər dəfə hədiyyəni sənin adından alıram. Deyirəm atam göndərib Rusiyadan. . O buketi bilirsən neçə ay saxlayır? Sənin adınla aldığım tortu bilirsən necə iştahla yeyir? Görmək lazımdı..
Amma ona sənin kimi baxa bilmirəm, məni bağışla. Bilirsən niyə bunları rahat yazıram? Çünki 2 institut bitirən sevgilin daha yaxşı oxuya bilmir, gözləri zəifləyib..😔

Ölümün mübarək, əziz atam!
Doğumun mübarək, gözəl anam!

21.09.2019

Paylaş

Şərh yaz