Bu gün “O olmasın, bu olsun” a təkrar baxdım. Bilirik ki, film 1956-cı ildə çəkilsə də, 1910-cu ildə Bakıda cərəyan edən hadisələri göstərir. İki gəncin – Sərvər və Gülnazın böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Filmdə diqqətimi bir nüans çəkdi. Həmin yerlər mənə bir az təzadlı göründü.
Yəqin yadınızdadır, film başlayan kimi fonda musiqi eşidilir. Bakı şəhəri boz, ümidsiz, darıxdırıcı şəkildə təsvir olunur və növbəti kadrlar Əli Zeynalovun səsi ilə filmi bizə açır; Bütün şərqdə olduğu kimi, bu şəhərdə də qadının heç bir hüququ yox idi. Şəriətin ağır qanunu atalarının, ərinin ünü həyat və səadət yollarını onlar üçün bağlamışdır. Ömürləri boyu onlar, qara çadranın dar pəncərəsindən insanlara gizli nəzərlərlə baxır və ümid gözləyirdilər. Gülnaz uşaq vaxtından anasını itirmişdir. Qulluqçu Sənəm ona analıq etmişdir və sairə.
Bunun ardınca, yəni filmin dördüncü dəqiqəsində Sərvər fit çala-çala Gülnazı səsləyir. Gülnaz da pəncərəyə çıxır, görür sevgilisi dostlarıyla bunların küçəsinə gəlib. Sonra dostlardan biri Molla Pənah Vaqifin şeirindən 2 bənd oxuyur:
Ala gözlü, sərvi boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax.
Gecə-gündüz fikrim-zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
Çox çəkər hicrini Vaqifi-xəstə,
Leylü-nahar, şamü-səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax!
Bu misralardan sonra qızılgül ərinmədən hasarın o üzündən özünü güclə çatdırıb şairin bu sözünə cavab verir.
Çox keçmir. Filmin 6-cı dəqiqəsi..
Artıq Sərvər Gülnazla əl-ələ tutub duet oxuyur. Təsəvvür edirsiz? Atası evində- Rüstəm bəyin evində. Demokratiyaya baxın, siz allah. Deməyim odur ki, film, əvvəldəki məzlum mənzərəylə heç uyğun gəlmir.
Buna baxmayaraq filmdə bizə doğma gələn o qədər səhnələr var ki, demək olar ki, sonuna qədər heyranlıqla oturub baxırsan. Ümumiyyətlə rejissor Hüseyn Seyidzadənin, operator Əlisəttar Atakişiyevin yer aldığı filmlər mənə həmişə doğma və maraqlı gəlib. Filmdəki aktyorlar da hamısı ustad sənətkarlardı.
Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olub.
Bununla belə xanəndə Xan Şuşinskinin qonaqlıq səhnəsində “Kürd-Şahnaz” muğamını ifa etməsi, yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərlinin qapının dəliyindən içəri baxarkən yerə yıxılmağı maraqlı məqamlardandı.
***
Bununla belə, yazırlar ki, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında “Müvəffəqiyyətsiz film” başlıqlı kəskin tənqidi resenziya dərc edilmiş, kinoşünaslar filmi tənqid etmişlər: “Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar… Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir”. Filmdə tamaşaçıların etirazına səbəb olan qüsurlar isə bu cür qeyd edirlər: kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar – bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır…
Miri Rəsulzadə