Bəşəriyyətin taleyini mətn (kontekst) həll edib, həll edir və həll edəcək. Mətnlə davranışı olmayan, yəni kontekstin canından mənanı çıxara bilməyən adamdan nə həqiqi demokrat, nə respublikaçı, nə liberal, nə dindar, nə də ateist çıxar.
İnsan günün mütləq əksəriyyətində emosional varlıqdır, məntiqi təfəkkür onun çox az halına təsadüf edir. O adətən hissi təmayüllüdür və əqli-məntiqi sürəcdən əziyyət çəkir. Bəli, insan belədir, emosionallıq onun varlığında ağıla nisbətən qeyri-iradidir. Buna görə iradəvi qərar və ona münasibət adama yorucu gəlir.
Bu hissi sürəcin ən bariz nümunələrindən biri də kontekstlə davranış mədəniyyəti, mətndən və ya nəticəni meydana gətirən müqəddimələrdən fikri çıxarıb müstəqil hadisə kimi təqdim etmək yanlışıdır; bu, insan zehninin “sürətli və yavaş düşünmə” problemi ilə əlaqədardır. Orada o qədər qəlibləşmiş, daşlaşmış, önfərziyyələr var ki, Eynşteyn təbirincə desək, onları dağıtmaq atomu parçalamaqdan daha çətindir. Bir dəfə yazmışdım, əgər mən filankəs qorxaq adam deyil deyirəmsə, bu, onun cəsarətli olması demək deyil, mən sadəcə qorxaqlığı ondan uzaqlaşdırıram, cəsarəti isə sizin zehniniz ona yükləyir. Çünki zehninizdəki daşlaşmış formalarda qorxaqlığın qarşılığı cəsarət kimi əks olunub. İnsan o qədər adət etdiyi yalnış formalara istinad edib nəticələr əldə edib ki, ona bənzər müqəddimə gördümü dərhal həmin mexanizm işə düşür.
Müasir idarəetmə mexanizmləri bu sayaq insanı “intellektual labaratoriya”larda əqli testlərlə elə gözəl çözüblər ki, istədikləri nəticəni almaq üçün öz tələblərini onun azad seçimi kimi emosional müqəddimələrlə məqsədli şəkildə diktə edirlər. Son ABŞ seçkiləri bunun bariz nümunəsi idi. Həmişə deyirəm, Daniel Kahnemanı həyatınızda heç olmasa bir dəfə oxuyun.
Məsələn, ötən yazımda verdiyim bir neçə müqəddimədən sonra zehninin sürətli nəticə çıxarma meyilliyinin qurbanına çevrilən oxucu, Kahnemanın dediyi kimi, “Linda problemi”nə düşür. Hələ hadisə onun həssas dönəminə təsadüf edirsə, ona “mən bunu deməmişəm” fikrini başa salmaq az qala-qeyri mümkün olur.
Hələ bu adamların bəziləri az qala bir dəfə də olsun paylaşımlarına təqdir yazmayan, ancaq tənqid yazan adamlardırsa, vəziyyət lap idarədən çıxır. ☺️
Məsələn, mən bir müqəddiməmdə deyirəm ki, guya istədiyimiz deputat seçilsə idi, nə baş verəcəkdi ki? Bu ki əksəriyyətimizin həyatında heç bir halda öz təsirini göstərmir. Tutaq ki, parlament legitim olsa idi, sənin üçün nə dəyişərdi?
O dərhal burada ilişib qalır, qalmasa belə mətnin davamını zehni yüklənmə ilə oxuyur və dərhal bu nəticəni çıxarır ki, sən qanunverici hakimiyyəti mənasız şey hesab edirsən. Hətta mənə parlamentin vacibliyinə dair kontitusiyadan maddə də gətirir.
Mən növbəti müqəddimədə məqsədli şəkildə bir az da irəli gedirəm, hansısa xüsusi bir layihən, idayen var idi? Bəlkə ölkə miqyaslı iş qurmaq istəyirdin? Digər bir adamın zehni yanlış yüklənmədən o qədər gərilir ki, dərhal bu nəticəni çıxardır: sən ölkədə qanunverici hakimiyyəti niyə sahibkarlıqla məhdudlaşdırırsan? Arqument kimi də başlayır mənə rüşvətdən danışmağa.
Digəri də müqayisə üçün, zehnindəki bu klassik formaya müraciət edir: birinin önəmi digərinin əhəmiyyətini aradan aparmır, istinadı da nə vaxtsa zehninə düşmüş müdafiə xarakterli bu fikirdir: “məscidə getməyin mənim kitab oxumağıma mane olmur”. Bununla da sürətli transfer baş verir: “mənim yaxşı təhsil almağım parlamentin vacibliyini aradan aparmır, bunlar ayrı-ayrı şeylərdir”.
Və s. Və ila axır.
Gələk izaha.
Konstitusiyanın 13-cü maddəsində yazılır ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Burada dayansaq, kontekstdən yanlış çıxarış olar. Sual, sən öz mülkiyyətində istənilən növ təsərrüfə maliksənmi? Deyilsən. Yalnız qanuna zidd olmayan istənilən hərəkəti etmək ixtiyarına maliksən. Bunu bilmək üçünsə, sən gərək kontekstdən sürətli çıxarış etməyib gedib Azərbaycan respublikasının mülkiyyət haqqında qanunun birinci maddəsinin ikinci bəndinə baxasan. Yəni həyətində çətənə kolu əkə bilməzsən ☺️
Və ya “mülk yalnız Allaha məxsusdur hökmünə istinad edib sizdən mülkünüzü alsam və desəm ki, ha səndə oldu, ha məndə, onsuz da Allahındır da… Necə olacaq? ☺️ Bu kontekstdən çıxarmaqdır.
Keçək mətləbə.
Gəlin ehtimal edək ki, parlament tam legitimdir. Hətta amerikan sayağı ”azad dünya” demokratiyasını bir anlıq düşünün ki, parlamentdə kürsüyə oturtmuşuq. Aha, sonra? Nə baş verdi?
Məsələn, əvvəlki quruluşda A sahibkar idi, B cərrah idi, C yazıçı, D fermer, E rüşvətxor məmur, F monopolist nazir, G isə hər şeyə deyinən tənbəl tip (mütləq çoxluq). Burada tənbəl deyəndə, heç nə etməyən demirəm, ruhi, emosional-psixoloji tənbəl tiplər, qane olan, barışan insanlardan danışıram, bu adamlar real işçidirlər, amma potensial olaraq onlar sadəcə əmək bazarında dəyəri çox aşağı olan deyingən adamlardır. Bizim hər birimizin ruhunda bu tip mağmınlıq yatır. Yaxşı ata, yaxşı ər, yaxşı dostluğun bura heç bir aidiyyəti yoxdur.
Sən tələbə vaxtı çayxanalarda, “game club”larda rahatına vaxt xərcləyəndə adam oxuyub, misal, ürək cərrahı olub. Bax bundan danışıram.
Quruluş dəyişdi, qanunverici hakimiyyət tam şəffaf işləməyə başladı. Yenə də A sahibkar, B cərrah, C yazıçı, D fermer qanunun aliliyinin tətbiq olunmasından istifadə edib daha yaxşı imkanlar əldə edəcəklər. Böyük ehtimalla rüşvətxor E və monopolist F bu quruluşda əvvəlki səlahiyyətlərə sahib olmayacaq, amma onların da çoxu qanunun imtiyazlarından istifadə edib, yenə də müəyyən imkanlara malik olacaqlar. Çünki çalışmaq müqabilində əldə etmək çox az istisnalar xaric, təbiətin qanunudur.
G tənbəl tip nə olacaq? Onun emosional-psixoloji tənbəllik mərəzi parlamentdə müzakirəyəmi çıxarılacaq? Ya amerikan sayağı demokratiya ona müstəsna imkanlarmı sunacaq? O daha çox mağmın olacaq, çünki bu təbii qanundur. Çünki onun başı hər dəfə hoppanmaq istəyəndə evinin tavanına dəyir, onun xəyal gücü o qədər məhduddur ki, hardan və necə başlayacağını nəinki bilmir, bu barədə düşünmək belə onda alınmır.
Bax bu üzdən deyirəm, sən dəyərli, mütərəqqi və axtarılan insan olmadıqdan sonra heç bir sistemdə sənə yer yoxdur. Sənin dəstək verdiyin namizəd parlamentdə təmsil olunduqdan sonra, lap iqtidara gəldikdən sonra gətirib qapına xurcunla pay-püş qoyacağını düşünürsənsə, əvvəl ədalət hissindən başlaya bilərsən.
P.s. Ümumilikdə milli məclisin vacibliyini danacaq qədər ağılsız, hazırkı parlamenti bu qədər biabırçılıqdan sonra legitim hesab edəcək qədər sadəlövh olduğumu düşünürsüzsə, sizi ancaq bağrıma basa bilərəm.
Azər Elşadoğlu