Nicat Həşimzadədən Əli Əkbərə sərt cavab

0

Əli Əkbərin “Erməni məsələmiz” adlı yazısını oxudum. Sadəcə dəhşətə gəldim. İlahi, insan özünü, öz qurduqları saytı niyə bu qədər üstün bilsin, bu qədər özündən razılığın səbəbi nədir?
Birincisi, körpə, ölüm, dəri soyulma səhnəsi Zori Balayanın kitabında deyil, bu məsələ David Xaçaturyanın kitabında yazılıb.

İkincisi, yazıda konkret ittiham var ki, Azərbaycanda bütün saytlar, mətbuat, yazarlar köhnə dillə danışır. AzLogos isə zamanını 20 il qabaqlayır. Bəxtimiz gətirib ki ermənilər də eyni gündədir. Bütün saytlar köhnə dildə, köhnə zehniyyətdə deyil.

Azərbaycanda istedadı, bacarığı, xarici dil bilgisi olan yetərincə adamlar var və bəzi saytlarda da yetərincə ciddi adamlar çalışır. Ermənilər də bizim günümüzdə deyil, əksinə bizdən daha öndədirlər. Bunu isbat etmək üçün sizə erməni tarixçilərinin, erməni rejissorlarının, erməni bilim adamlarının yaratdıqları əsərlər, fikirlər haqqında saatlarla danışa bilərəm. Nümunə kimi, Diana Angelsonun “Armenia , My Love”, Alec Mouhibian, Garin Hovannisian “1915” filmlərini göstərə bilərəm Lazım olsa, Hollivud standartlarına cavab verən erməni filmlərindən çox danışa bilərəm.
Axı niyə tutmusuz, Puşkinin erməni məsələsindən. Hörmətli Əli Əkbər bəy, mənə belə məlum oldu ki, siz Aleksandr Movsesyanın, Yeqişe Çarençin, Varqdes Petrosyanın, Robert Arakelovun fikirlərindən xəbərsizsiniz. Nəzərinizə çatdırım ki, sülh tərəfdarı olan erməni yazarlarını ermənilər öldürürdü. Biz isə sadəlövh xalq kimi hələ də mərhəmət göstəririk.
Ekozyantsı da araşdırsanız gözəl olar.

Üçüncü məsələ, deyirsiz ki, saytınız zamanı 20 il qabaqlayıb. Təki 100 il qabaqlasın, buna sözüm yox. Ancaq və lakin adını dünya azərbaycanlılarının intellektual platforması qoyduğunuz saytı əslində məhəllə zehniyyəti ilə idarə etmirsizmi? Ancaq özünüzün, öz dostlarınızın yazılarını yayınlayırsız.
Xahiş edirəm, gəlin ədalət hissimizi itirməyək.

Bayaq da gördüm ki, saytınızın fb səhifəsində camaatı bloka atmağın gözəl həzz olması haqqında paylaşım var. Sizin demokratiyaya gedən yolunuz budurmu?

Görəsən, günahkar kimdir?
Vətəninə, xalqına nifrət edən yazarlarmı, qondarma erməni soyqırımını tanıyan ölkələrdən qrant alıb sayt quranlarmı, yoxsa saf, avam, fırıldaq bacarmayan Azərbaycan xalqımı?

Bəlkə elə ən böyük günahkar mənəm?

Hər şeyə rəğmən sizin bəzi fikirlərini yetərincə mütərəqqi sayıram, sizə və sizin saytınıza qarşı da zərrəcə kinim, qəzəbim yoxdur, amma aşağıladığınız bu xalqın dilində yazdığınızı bəzən unudursuz.

Nicat Həşimzadə

Paylaş

Şərh yaz