Azad Müzəffərli. “Arzular qanadında” (hekayə)

0

Gördükləri ona yuxu kimi gəldi. Allah eləməsin, birdən doğrudan da bu yuxu olar, ha. Yox, bu yuxu deyildi. Hər ehtimala qarşı gözlərini ovxaladı. Bu dəfə zərrəcə şübhəsi qalmadı, lüks təmiri təzəcə başa çatan üçotaqlı şəxsi mənzillərinin kandarındaydı. Qəlbən Tanrıya pənah apardı; “Şükür kəramətinə, arada məzlumları da yada salmağın var, buna öz timsalımda bir daha əmin oldum. Şəhərin tən mərkəzində yerləşən bu mənzili onlara rəhmi gələn qohum-əqrəba, qonum-qonşu, tanış-biliş bir yerə yığışaraq hər kəsən gücü çatandan pul qoyub almışdılar.

          Yenidən içini didib-didişdirməyə başladı. Bu dəfə amacı başqaydı. Görəsən, dizayn şirkəti mənim istəyimi qədərincə yerinə yetirə bilib? Əli illərlə həsrətində olduğu mənzilinin dəstəyinə mıxlanmışdı. Onu başa düşmək olardı; ailə qurandan ömrü kirayələrdə çürüyən, ələlxüsus da, bu müddətin yarıdan çoxunu nəmiş zirzəmidə yerləşən ikiotaqlı “quş damında” olmazın əzablara qatlaşan qadınının indi keçirdiyi hisslər anlaşılandı. Qabaqlar gözünün işığı, ümid çırağı bir cüt balasını – qızı və oğulunun başını şirin yalanlara birtəhər qata bilirdilər, indi isə onlar da böyümüşdülər, bu gün- sabah orta məktəbi bitirəsiydilər deyə hər şeyi yaxşı başa düşürdülər. Xeyli vaxtdı nə əri, nə də özü diri gözlə övladlarının üzünə çıxa bilmirdilər. Daban dabana sıralanan suallar dəryasında çapalamaqdaydı. Görəsən, dizaynerlər klassik üslubla elit, modern və avanqard üslubları mən təsəvvür elədiyim şəkildə bir araya gətirə biliblər? Yoxsa, mən bu təklifi verməkdə yanıldım? Axı, yadımdadı, mən bunu dilə gətirəndə öncə onlar necə karıxdılar, indiki kimi gözümün önündədir? Bəlkə, doğrudan da görməmişlik elədim? Məni də başa düşmək lazımdır, axı, mən də insanam, mənim də ürəyimcə yaşamaq haqqım var? Bu təklifimlə bir kərəyə ötən illərdə itirdiklərimizin heyfını çıxmaq istədim, bir də bu mənzili lazımınca təmir elətdirmək bizə müəyyəsər olacaq, ya yox, çətinki, buna nə elə bir pul-paramız, nə də ömrümüz qalmayıb? Yenidən təşviş onu caynaqlarına aldı; işdi təmir mən istədiyim kimi alınmasa, ərimin üzünə necə baxacam, axı, o, yalnız klassik üslubla kifayətlənməyi məsləhət bilmişdi? Bu hələ harasıdır, həmin dəmdə yadına salanda ki, ötən məşəqqətli illərdə boğazlarından kəsib mənzil almaq üçün qəpik-qəpik yığdıqları pulun əksər hissəsini təmirə xərcləyiblər, dil-dodağı lap qurudu? Tərslikdən, ərinin vacib işi olduğundan təmirin necə aparıldığını da təkbaşına dəyərləndirməliydi.

       Amansız suallardan qurtulmaq üçün bədahətən özündə güc tapıb bir göz qırpımında qapının dəstəyini hərəkətə gətirdi.  Ayağını mənzilinə basmağı ilə sanki cənnətə düşdü. Hündürlüyü üç metri üstələyən, genişliyi və müxtəlif üslubların ustalıqla uzlaşmasını özündə qabarıq təcəssüm etdirən mənzilinə elə ilk baxışdan hayıl-mayıl oldu. Ayaqqabılarını soyunub ayağını bahalı laminat döşəməyə basmağı ilə canına illərdi həsrətində olduğu istilik yayıldı. Xəyalında ulu babalarımızın “mart çıxdı, dərd çıxdı” kəlamını yüzə-yüz təsdiqləyən kirayə mənzillərin buz təkin soyuq döşəmələri düşdü. “Oxxay” deyərək ayaqlarını yeni mənzilinin qızdırılan döşəməsinə pərçimlədi. Hər tərəfdən zənginlik, azadlıq yağırdı, bir-birindən üstün ideyalar, təkrarsız interyer, tavanın nəfəsi kəsən konfiqurasiyası, nəcib və digər fərqli tonlar insanı məftun edirdi. Dekorativ suvaqlı divarların üzəri incə zövqlə işlənmişdi. Arkalı sütunlar, müxtəlif bəzək elementləri, antik üslubda qəliblər, daxili arakəsmələr, tağlar, çoxsəviyyəli tavanların işıqlandırma sistemi, teksturalı divar kağızları, çərçivəsi bürünc naxışlı güzgülər və daha nə bilim nələr həsəd doğururdu. Ən yüksək keyfiyyətli materiallardan hazırlanmış, mahir əl işi olan mebellər, ev teatrı, videonəzarət, kondinsioner və havalandırma sistemləri, nadir rəsmlər, tablolar, nəfis çini qablar, az qala insanın huşunu əlindən alan çilçıraqlar, gül çələngləri, orijinal zövqün məhsulu olan pərdələr qeyri-adi, bənzərsiz düşüncənin bariz güzgüsüydü. Ucsuz-bucaqsız mətbəx, hamam və sanitar qovşaqlar da sözlə dilə gələsi deyildi. Ən əsası, uşaqların otağı da nağıllar aləmini andırırdı… Bayaqdan hənirlərini də çıxarmayan, bütün varlıqları ilə onun sevincinə şərik olan dizayn şirkətinin əməkdaşlarına necə minnətdarlıq edəcəkdi, bunu axıra qədər kəsdirə bilmirdi. Şahidi olduqlarından az qala dili tutula, göylərdə cövlan edirdi…

        Saatın ara verməyən zəngindən dik atıldı. Yatağında dəlicəsinə o tərəf-bu tərəfə qurcuxdu. Mat-məəttəl ətrafına boylandı. Kirayə qaldıqları mənzildəydi. Karıxdı. Bu dəfə həqiqətən az qala başına hava gələ, doğrudan da dili tutula. Saat səkkiz tamamı göstərirdi. İçdən heyifsiləndi, yuxuda da olsa, bir az əvvəl yaşadığı xoşbəxtliyə kəskin ehtiyacı vardı. Di gəl, işə tələsməliydi, bir saatdan sonra dərs başlanırdı. Əlacsızdı. Ovqatı tamam təlx oldu. İlk dəfəydi universitetə yollanmaq belə istəmədi. Fikirləşdi ki, kaş, bu gün martın 7-si yox, 8-i olaydı, evdə qalaydı. Cəhənnəmə, heç olmasa, barı bircə gün də şirin xəyalların qanadında süzəydi, “üçotaqlı mənzilinin” həzzini qiyabi də olsa doyunca çıxaraydı. İndiki vəziyyətdə bunu da qənimət bilərdi. Sədd heyif, dərsə tələsməliydi. Könülsüzcəsinə yatağından qalxdı.

      Yolboyunca da iztirabları ona sakitlik vermədi; “Bəsdi, yetər, yoruldum ölçülü-biçili yaşamaqdan, axı, mən də Tanrı bəndəsiyəm? Nədi mənim günahım, nə vaxta qədər kirayə mənzillərin küncünə qısılmalıyam?”. Suallar labirintində çapalaya-çapalaya universitetə yaxınlaşmaqdaykən qəfil qarşısında ən sevimli tələbələrindən biri – Aişə peyda oldu. Özünü o yerə qoymasa da, bir az diksindi də, axı, ətraf aləmdən tamamən qopmuşdu.

–      Salam, Jalə xanım, necəsiniz, lap darıxdım sizdən ötəri?

–      Sağ ol, canım, cəmi bircə gün ötüb, dünən dərsimiz vardı, axı?

–      Sizi çox istəyirəm müəllimə, lap çox, bütün tələbələr kimi, yəqinki, bir az da artıq…

–      Minnətdaram, mən də səni doğma balalarımdan ayırmıram, özün yaxşı bilirsən…

–      Müəllimə sizin mənə elədiyiniz təmənnasız yaxşılıqları heç vaxt unutmaram, hətta, kasıb ailədən olduğumu bildiyinizdən bir neçə dəfə çətin anlarımda ailə büdcənizdən kəsib mənə yardım da etdiyinizi necə unuda bilərəm…

–      Bu mənim insanlıq borcumdur, Aişə, burada şişirdiləsi heç nə yoxdu…

–      Hə, müəllimə, az qala unudacaqdım, sizi qarşıdan gələn 8 Mart-qadınlar bayramı günü münasibətilə qəlbən təbrik edirəm. Rica edirəm, məni qırmayasınız sizə kiçik hədiyyəm də var…

–      Aişə, axı, sən də, bütün tələbələr də yaxşı bilirsiniz ki, mən indiyə qədər kimsədən hədiyyə qəbul etməmişəm, eləcə də, rüşvətin də nə mənə, nə də mənimlə bir yerdə çalışan həyat yoldaşıma qətiyyən aidiyyəti olmayıb. Ona görə üzürlü say…

–      Müəllimə mən özgəsi deyiləm, sizi doğma bilməsəydim, mənə arada elədiyiniz maddi yardımlarınıza qətiyyən yaxın durmazdım… Siz də məni başa düşün… Qadınlar bayramı münasibətilə buraxılan lotereyalardan üç dənəsini sizə hədiyyə almışam… Uduşda iki, üç və dördotaqlı mənzillər var, özü də super təmirli… Dedim, bəlkə, əlim yüngül ola… Düzünü deyim ki, indiyə qədər büruzə verməsəm də, sizin Biləcəri qəsəbəsində xalamgilin qonşuluğunda kirayədə qaldığınızı çoxdan bilirəm…  Bu sizə qətiyyən yaraşmır, təəssüflər…

–      Tanrı qəlbincə versin… Eh, haradadı məndə o bəxt? İndiyəcən yoldaşımla bəlkə də bir vaqon lotoreya almışıq, di gəl, nə faydası…

–      Müəllimə, ürəyimə damıb, bu dəfə hər şey ürəyinizcə olacaq… Özü də lotereyaların birini rayonumuzdan, birini yaşadığım Sumqayıtdan, o birini isə Bakıdan aldım ki, şans daha çox olsun… –deyə Aişə lotereya biletlərini ərklə müəlliməsinə verdi.

    Səhərisi ikisi də televizorun qarşısını kəsdirmişdilər. Həyatın bütün üzünü görmüş müəlliməsindən fərqli olaraq Aişənin gözünə gecə də yuxu getməmişdi. Səksəkədəydi, ötən müddətdə duaları bir an da olsun səngiməmişdi. Allah eləməsin, işdi birdən uduş olmasa, haranın külünü başına tökəcəkdi, müəlliməsinin yanında üzü qara olacağından bərk narahatdı. Jalənin pak insan olduğunu bilsə də, bu boyda gen dünyada özünə yer tapa bilmirdi. Elə istəyirdi ki, heç olmasa, ikiotaqlı mənzillərin biri müəlliminə qismət olaydı. Özləri ikiotaqlı daxmada birtəhər keçinsələr də, Jalə müəllimənin ailəvi kirayədə qalması ilə heç cür barışmaq istəmirdi.

      Nəhayət ki, lototron hərəkətə gəldi. Aişə müəlliməsinə hədiyyə etdiyi biletlərin nömrələrini kəmhövsələlik göstərərək dəftərçəsinə yazmışdı, hətta, dəfələrlə baxdığından nömrələrini də əzbərləmişdi. İç dünyasında bundan xəcalət də çəkirdi, sanki, müəlliməsinə qarşı haqsızlıq etmişdi, onun qənaətincə buna mənəvi haqqı yoxdu.  Artıq neyləmək olardı, iş işdən keçmişdi. Nəzərlərini ekrana zillədi. Azca keçmiş hayqırtısına anası dik atıldı, onun otağına yüyürdü. Tezcənə özünü yığışdırıb, heç nə olmayıbmış kimi diqqətini yenə də televizora yönəltdi.  İş ondaydı ki, müəlliməsinə lotereya biletləri hədiyyə etdiyini doğmaca anasından da gizli saxlamışdı, beləcə tərbiyə olunmuşdu. Heç nə baş vermədiyinə arxayın olan anası otağına çəkilən kimi hər ehtimala qarşı birnəfəsə dəftərçəsinə sarı götürüldü. Yanılmamışdı, dördotaqlı mənzilin biri artıq Jalə müəllimənin idi. Sevinci ərşə bülənd oldu. Bu dəfə təbrik üçün cəld mobil telefonuna əl atdı. Müəlliməsinin nömrəsini yığıb qoşulmaq düyməsini bashabasda sanki yuxudan ayıldı; ey dili qafil, axı, bu lap biabırçılıq olardı. Hədiyyə etdiyi lotereya biletlərinin nömrələrini götürdüyünü müəlliməsi bilsəydi, əmindi, buna çox pis baxardı. Jalənin xarakterinə bələddi, təmənnalıq ona yaddı, tələbələrinə də bunu təkrarlamaqdan yorulmazdı. Əlinin arxasıyla alnını basan soyuq tərini silib yenidən televizorun qarşısında lövbər saldı. Sevinci sərhəd tanımadığı bir məqamda növbəti möcüzə baş verdi. Müəlliməsinin daha bir lotereya bileti uduşa düşdü, üçotaqlı mənzillərdən biri də artıq onun ixtiyarındaydı. Jalənin halətini təsəvvüründə canlandırmağa çalışdı; yarımzirzəmi şəraitində kirayə mənzildə birdən-birə tam təmirli üç və dördotaqlı iki mənzilin sahibi olursan, özü də bircə qəpik də olsun xərc çəkmədən.  Allah eləməsin, adamın başına lap hava gələr. Mobil telefonunu sinəsinə sıxdı. İnanırdı ki, indicə müəlliməsi qiyabi də olsa, onu bağrına basacaq. Dəqiqələr ötsə də, Jalədən xəbər çıxmadı. Bunu Aişə heç cür ağlına sığışdıra bilmirdi, ola bilməz, bəlkə, nəsə müəlliməsinin başına iş gəlib. Bu dəfə birtəhər özünü ələ alıb səbr eləməyə üstünlük verdi. Müəlliməsi haqda nəsə pis fikirləşməyi heç ağlının ucundan belə keçirmədi, baxmayaraq ki, iç dünyasında dəfələrlə belə səda baş qaldırsa da.

      Uduşdan iki gün ötsə də, hələki Jalə müəllimədən səs-soraq yoxdu, ərşə çəkilmişdi. Heç dərsə də gəlmirdi, onu başqa müəllimlər əvəzləyirdilər. Jalənin həyat yoldaşı Musa müəllim ara-sıra gözə dəysə də, onda da elə bir dəyişiklik hiss olunmurdu. Aişə lap çaşıb qalmışdı. Doğrudanmı, Jalə müəllimə də dəyişərmiş, mal-mülk insanı bir anın içində başqalaşdıra bilərmiş. Aişənin buna inanmağı gəlməsə də, suallar qatarında vaqonbavaqon gəzişərək müəlliməsini arayırdı, hal-əhval tutub həqiqəti üzə çıxarmağa tələsirdi.

     Nəhayət, iki gündən sonra dərsləri yenicə başa çatmışdı ki, Jalədən ona səbirsizliklə gözlədiyi zəng gəldi. İlk növbədə şükür elədi ki, müəlliməsi sağ-salamatdır. Sonrası artıq üzülməkdə olan ümidinə sarıldı, hələ də Jalə müəllimənin üçyüz altmış dərəcə dəyişəcəyinə qəlbinin dərinliyində inanmağı gəlmirdi. Yoxsa, mənəvi meyarlar onun üçün də alt-üst olardı.

        – Salam, gözəlim. İndicə Musa müəllim sənə zəng eləyəcək, o səni universitetdən avtomobillə bizə Biləcəriyə gətirəcək. Mənə bir-iki saatlığına köməyin lazımdı, inanıram ki, əsirgəməzsən. Söz verirəm ki, sonra da sağ-salamat səni düz qapınıza çatdıracağıq.

         – Baş üstə, müəllimə…- deyə qafasını yellədi. Jalənin uduşlar barədə bir kəlmə də söz salmaması ona yaman toxundu. Ürəyindən keçdi ki, bəlkə, nahaq yerə asıb-kəsirəm, ola bilər o heç tirajın gedişini izləməyib, uduşdan xəbəri yoxdu. Yox, əgər, varsa, öz aləmində bunu məndən gizləyib büruzə vermək istəmirsə, hələ üstəlik məni evində yəqinki yır-yığışa köməyə də çağırırsa, buna nə ad vermək olar, bax, bu əməlli-başlı müəmmadır, heç fələk də baş aça bilməz.

          Musa müəllimin babat avtomobili özü idarə etməsi də onu karıxdırdı. İlk baxışdan bəlliydi, nömrəsi də təzəydi. Yəqinki, özünündü, ömründə o başqasının maşınının sükanı arxasına keçməz. Az da olsa, ona da bələddi. Jalə müəlliməgilin indiyəcən şəxsi avtomobili olmadığını dəqiq bilirdi. Hardan ağlına gələydi ki, illərdi boğazlarından kəsərək mənzil üçün qırtıqları pulun bir hissəsinə dünən alınmışdı bu maşın.  Bunlara bax, ha, bir günün içində iki mənzilə sahib olurlar, yeni avtomobil alırlar, amma səs-səmirlərini çıxarmaq belə istəmirlər. Üstəgəl, məni – bunlara gün ağalayan birisini pulsuz hambal kimi evlərinə işləməyə də aparırlar. Dilinə gəlməsə də, az qala içindən keçə ki, qudurasan qurbağa. Bu məqamda daxili dünyasından qaynaqlanan başqa bir ün onu yerində dimdik oturdu; çaşma bala, həqiqəti axıra qədər bilmədən qəti qərar vermək olmaz.

          Bir də Jalə müəllimənin ağuşunda ayıldı. Balaları ilə birgə onu bal kimi yalayırdılar, bağırlarına pərçim eləmişdilər. Kirayə qaldıqları evin girişindəcə müəlliməsi onu qucağına alıb yeni avtomobillərinə dürtdü.

–      Getdik, sənə sürprizimiz var, hələki heç nə soruşdu yoxdu…  Sür Musa, Ya Tanrım bu qızdan kəramətini əsirgəmə!

         Aişənin əti ürpəşsə də, ötən iki gündəki solaxay düşüncələrini, bir də ki ən əsası uduşlardan tam xəbərdar olduğunu büruzə verməməyə çalışdı.

         Azca ötmüş paytaxtın tən mərkəzində həyəti, bağ-baxçası göz oxşayan hündürmərtəbəli bir binanın qənşərində avtomobildən endilər. Əsl vur-çatlasın da elə bundan sonra başlandı.

–      Yeni dördotaqlı mənzilinə xoş gəlmisən, düşərli olsun… –deyə Jalə müəllimə açarları ona uzatdı.

         Aişə yerindəcə donub qalmışdı. İmtina etməyə ona imkan belə vermədilər, Musa ilə Jalə hərəsi bir əlindən tutub yeni qapıbir qonşularını mənzilinə çatdırdılar. Yeddinci mərtəbədə eyvanları dənizə açılan üç və dördotaqlı iki mənzilin sakinləri bitib-tükənməyən sevinclərindən qanad qanada verərək Xəzərə sarı yol aldılar.

  P.S: Məmləkətimizdə başının üstə şəxsi damı olmayanların bu ümdə arzusunun çin olması diləyi ilə

   Azad Müzəffərli

Paylaş

Şərh yaz