Demə kino saat 9-dan qabaq başlayıbmış – Vaqif Quliyev yazır

0

Səs küylü həyat

Park sinema “Flame Towers” filialında dördüncü mərtəbəyə qalxdıqda gurultulu DJ bütün foyeni bürümüşdü. Bir tərəfdə kofe, çay və şirniyyat qonaqlara ismarlayırlar, qonaqlar yavaş-yavaş Apatiya filmini izləmək üçün yığışırdılar. İki-iki, üç-üç və bəzən dəstə-dəstə dayanıb söhbətləşir, deyir-gülürlər. Əhval ruhiyyə çox yaxşıdır. Söz-sözə, səs-səsə qarışıb. Ümumiyyətlə hər şey yaxşı görünür.

Apatiyanı izləmək üçün, izləmə zalına girişin hansı saatda olacağını soruşdum. “Çəkər, haradasa  bir saat və hətta saat yarım sonra filmi izləmək üçün zalın qapıları açılacaq”- dedilər. Baxışlarımdan nə sual verəcəyimi hiss edən köməkçi “indi isə hamı filmin rejissoru Hikmətlə və aktyorlarla şəkil çəkdirir”- deyib vermək istədiyim suala cavab verdi.

Bir az gəzişdim, ətrafa baxdım və bir guşədə dayanıb izləməyə başladım. Vallah nə deyim, fikirləri cilovlamaq olmur deyə, belə bir sual fikrimə girdi ki, görəsən Hikmət, Apatiyaya baxıb filmi ərsəyə gətirib, yoxsa apatiyanı görüb Apatiya çəkmişdi. Bir az gülməli olsa da düşünəndə maraqlı gəlir. Uşaqlıqdan belə bir sirkulyar sual verirdilər ki, görəsən birinci, toyuq yaranıb, sonra yumurta yoxsa ən əvvəl yumurta olub sonra toyuq?

Filmi izləməyə gəldiyim üçün, ən əvvəl həmən kinoteatrda yayımlanacaq filmlərin qısa məlumatı haqqına olan monitora baxdım və düşünürdüm ki, filmi izlədikdən sonra daha da təfsilatı ilə məsələdən hali olaram. Nə deyim, filmin məzmunu haqqında oxuduqda fikirləşidim ki, bunun bizə, cəmiyyətimizə və əsasən burdakı insanlara aidiyyəti ola bilməz. Görəsən bu ssenarini Hikmət nəyin əsasında yaradıb? Yenə də bir az qabaq, fikrimdə yaranan sual canlandı və deyəsən bu dəfə cavabı tapmışdım ki, əşi bu ssenarinin bizə aidiyyəti yoxdur. Yəqin ki, ən əvvəl belə bir film olub və Hikmət filmə əsasən yenidən yaradıcılıq edib. Görəsən bu ssenarini hansı coğrafiya və ya insana aid edir? Belə bir ailə varmı, belə bir insanlar varmı, belə bir cəmiyyət varmı kimi suallar hələ də tam cavabını tapmamışdı. Sualların cavabını bəlkə də filmi izlədikdən sonra tapa bilərdim.

Deyəsən çox dərinə gedirəm. Film izləməyə gəlmisən yoxsa fəlsəfə uydurmağa? Amma fəlsəfə axı uydurmaq deyil, Yaspersin sözü olmasın “fəlsəfə uydurmaq deyil, doğru izləməkdir.” Nə bilim! Hərdən foyeni gəzişirəm, o yan bu yana gedirəm, tanıdığım gözəl insanları görür və nədənsə elə bil hiss edirəm ki, onlar da izləməyə çalışırlar. Hər halda, nəzərə çarpan çoxluq tamaşaçıdır ta izləyən. Belə düşünürəm ki, bəziləri heç filmə görə deyil, sadəcə gəlib ki, Hikməti görsün, onunla şəkil çəkdirsin, aktyorlarla bir yerdə olsun. Azından bir şəkil çəkdirib statusa qoyar, video çəkib instaqramda paylaşar.

Ən maraqlısı insanların bir-birinə olan gülüşləri, sayğıları, görüşmələri və öpüşmələrini gördükdə yəqin etdim ki, Hikmət haradasa belə bir film görüb, xoşuna gəlib oxşarını yaratmaq istəyib. Hər kəs bir-birinə simpatiyada bulunur, empatik görünmək istəyir və apatiyadan əsər əlamət görünmürdü ilk növbədə. Doğrudan bunu da deyim ki, ilk əvvəl Apatiya sözünü görəndə mənası haqqında düşündüm nəhayət “A” prefiksini sözün əvvəlindən götürdükdə oxşar sözlər yadıma düşdü. Simpatiya, empatiya sözləri yadıma düşdükdə elə bil məsələyə azca da olsa agah oldum. Empatiya başqasına onun pəncərəsindən baxa bilməkdir. Simpatiya isə yaxşı və yaman gündə başqasının yanında olmağa çalışmaqdır. Buna görədir ki, empatiyada dialoq reallaşır və qarşılıqlı anlaşmaya yer açılır, eqosentrizm  səhnədən uzaqlaşır. Bu izaha görə şübhəsiz, Apatiya laqeydlik və durğunluğun tam eynisidir. Dəyərlərin minimum həddə enməsi, hətta sıfırlanması və hər bir şeyi minimum dəyərlərə görə tənzimləmək, Apatiyadır. Bu təbii ki, fərddə, ailədə və cəmiyyətdə baş verə bilər. Nə isə qayıdaq film öncəsi foyeyə, yenə DJ məşğuldur. Fikirlər, sözlər və cümlələrdən yaranan hissləri üstələyən səs-küy içində hər kəs bir təhər hisslərini bir-birinə göstərir. Rəngarəngliklə, geyimlə, üz cizgiləri ilə, baş sirkələməklə, əl görüşməsi və öpüşlərlə. İfadələr içində sezilən cümlələr də bu olurdu ki, “sizi çox sevirəm”, “siz narahat olmayın verin çayınızı sizin üçün tutum”, “siz mükəmməlsiz”, “sizdən yoxdur”, “gözəl geyinmisiz”, “gözəl görünürsüz.” Tam empatik olmasa da simpatiyanı nümayiş etdirməyə hər kəs çalışırdı.

Nə isə saat 9 və biz filmi izləmək üçün izləmə zalına daxil olduq. Ən əvvəl filmin rejissoru Hikmət, sakit bir aurada tamaşaçıları salamladı və cümlələri arasında bir hikmətli cümlə yadımda qaldı ki, “biz yoldayıq, bu son deyil”. Film səssiz başladı yəni, müəyyən cümlələr deyil, məsum uşağın divara çəkdiyi rəsmlə başladı. Görəsən rejissorun bunda qəsdimi var idi? İzləyək, baxaq və görək axı bu nə filimdi belə, hamı hay küylə gəlib, izləməyə can atır. Nə yalan deyim izlədikcə həyəcanım artır, bəzən o tərəf bu tərəfə baxırdım ki, görəsən başqaları da həyəcanlıdır?!

Küskün və param-parça olmuş bir neçə nəfərdən ibarət adam, bir dam altında yaşayan tək-tək düz qamətli iki ayaqlılar, dəyəri puldan-paradan ibarət olan fikirlər, kin və nifrət dolu ürəklər, pulu ilə özünü xoşbəxt hiss edib buna görə hər şeyə, hətta dəfələrlə yaşda kiçik yaşda qıza sahib olmaq istəyən sahibkar və sevgi-məhəbbəti həqiqi həyatdan və özündən deyil, teatral şou səhnəsindən təlimlənən başlar və həqiqəti istədiyi kimi yozmaq istəyən bulanıq baxışlar. Vay-vay çox ağır filmdir. Bunları gördükcə elə bil qərara gəlirdim ki, Hikmət, filmi real həyat foyesində tamaşa edib. Deməli film, həqiqət əsasında yaradılıb. Şübhəsiz bu, əsərin, əsərin müəllifinin və rejissorun daha da dəqiq və dəyərli olmasını göstərir. Platon demişkən, “hər hansı bir incəsənət əsəri, mükəmməl əsər olması üçün sıfırdan başlaya bilməz və ya başqa incəsənət əsəri üzərindən kopyalana bilməz, lakin mövcud həqiqətlər və “Aydos”-un güzgüsü olarsa gözəl və təsirlidir.”

Gəlin qaranlıqlarda işığı da görməyi bacaraq. Filmdəki bütün bu apatik həyata baxdıqca elə bil bir şey bu həyəcanıma su səpirdi, o da bu bataqlıqda məsum birinin dil ilə deyil, təsviri ilə reallığı və həqiqəti əks etdirməsi idi. Bu təsvir, dam altında düz qamətli iki ayaqlıların səs-küyünü və şoudan gələn minimum dəyərləri aşılayan həyat tövsiyələrini üstələyirdi. Danışmasa da rəftarı ilə çirkinliklərdən qaçır, aludə olmasın deyə gizlənir, lakin təcrid olmur, baxışları ilə aram musiqi çalır, təsviri ilə şer oxuyur, həm dərdi göstərir, həm də dərdə məlhəm qoyurdu. Anladırdı ki, aləm dillə məhdudlanmır, aləmin sərhədləri dil sərhədlərindən genişdir. Həyatının ikinci dövrünü yaşayan Vitgenişteynin cümləsi yadıma düşdü: “Deyilənləri şəffaflığı ilə deməliyik, deyilə bilməyənlər barədə isə sakit durmalıyıq”. İslam filosofu Əbu Əli Sinanın da bir cümləsini xatırladım ki, “ağıla zidd olmayan hər bir şeyi, əksinə dəlil tapmayana qədər, mümkün hesab et.”

Çox maraqlıdır! Filmin sonu da səssiz qurtardı. Bundan sonra bizə qalır, fikirləşib, düşünüb suallara cavab tapmaq lazımdır.

Bir dəqiqə! Gedərkən gördüm ki, elə bil bəziləri ““mənə” yer və söz verməyiblər”- deyə incikdir. Bəs nə oldu, axı gözəl geyinmişdik, gülürdük, səs səsə qarışmışdı. Elə bil heç kim heç kimdən inciməyəcək kimi, hər kəs digərini başa düşəcəkmiş kimi. Tamaşaçılar zalı tərk edir və hər kəs elə bil apatiyanın ağırlığını hiss edib, düşünmək istəyir. Görəsən bu düşüncə istəyi davam edəcəkmi? Yoxsa yenə gözəl əlbisələr, rəngarəng çöhrələr, görüşmələr, öpüşmələr və fikir ifadəsi olmadan söz oyunları?!

Demə kino saat 9-dan qabaq başlayıbmış.

Paylaş

Şərh yaz