“Dekorasya məsələsi”

0

Bəzən əşyaların dekorasiyası (qoyuluş tərzi, yeri) düz olmaz deyə otağımız belə pinti-pələş, darısqal görünər. Bu işin mütəxəssisi cəmi 2-3 dəyişikliklə, məsələn, mebelin yerini ayna ilə, divanın yerini masa ilə dəyişərək, otağı elə genişləndirər, gözəl hala salar ki, əlimiz ağzımızda qalar: ilahi, bu ki tamam başqa otaqdı, yep-yenidi. Halbuki yox, sadəcə dekorasiyası dəyişdirilib.

Gəlin bu yazının adını elə “dekorasiya məsələsi” qoyaq.

Məsələn, tənhalıq, təklik, darıxmaq, sıxıntı… məsələn, ətrafımızdakı insanlar; bəzən naratahatlıq onların çox ya azlığı deyil, miqdar kafidir, sadəcə düzgün “dekorasiya” olunmayıblar; sənə çox yaxın olmalı olan çox uzaqda, uzaqda dayanmalı olan çox yaxındadı; sağında olması gərəkən solunda, qarşında olması gərəkən arxandadı… təsəvvür elə həyatını bir mütəxəssisə göstərirsən, o da vəziyyəti incələyib belə deyir: “Oğlum, problemin kökünü tapdım, bax, bu adam var e bu adam, onu burdan götür, çək, çək, çək… bir az araxaya qoy, bunu həyatının tən ortasına qoymusan deyə aləm qarışıb bir-birinə”. Sən də təəccüblənirsən: “Bıyy, müəllim, elə bu?” O da cavab verir: “Bəli, bəzən bircə manevr belə hər şeyi yoluna qoya bilir”.

Və ya mütəxəssis bir başqasının həyatına baxır və belə deyir: “A kişi, bu nədi? Bu dəyərdə, bu gözəllikdə olan bir adamı həyatın görsənməyən küncündə gizlədərlər heç? Sənin başına hava gəlib? Tez ol, çək, çək onu, çək gətir bura – mərkəzə”. Bəli, məncə, məsələ budur, əzizlər- ətrafımızdakıların düzgün “dekorasiyası”. Otaqda hər şey var, nə kənardan yeni bir şey alınmalı, nə hansısa əşya çölə atılmalı. Sadəcə düzgün dekor olunmalı, dekor, vəssəlam. Sizə düzünü deyirəm, çox vaxt dekorasiyanın mütənasibsizliyidi bizi tənha hiss etdirən. Şair nə deyirdi, dünyada bu qədər yalnız varkən, niyə dünyada bu qədər yalnız var? Niyə də niyə? Çünki dünyamızın dekorasiyası düzgün qurulmayıb.

Lap olsun dəyərlərin düzülüşü; əcəba hansı dəyər bizim həyatımızda birincilik təşkil edir? Hansı dəyər həyatımızın harasına qoyulub? Hansı dəyər ən əsasdır? Bax, bunları bitdə-bitdə araşdırmaq lazım. Ana, ata, bacı, qardaş, sevgili, həyat yoldaşı, övlad, vətən, torpaq, haqq, həqiqət, dünya, axirət… bunlar hamısı həyatımızdakı dəyərlərdi, fəqət hansı hara qoyulub? Hərəsi öz yerindədirmi, yoxsa darmadağın, bir-birinin üstündə? Məsələn, “Ana” və “həyat yoldaşı”. Bu iki dəyər üst-üstə qalaqlananda söz-söhbət başlayır, vəziyyət ta boşanmaya qədər gəlib çıxır və bəzən də nə ana qalır, nə həyat yoldaşı…

B.Rasselin “infraqırmızı göz” adlı fantastik hekayəsində Ledi Millisen əri xatirinə böyük bir cinayətə həmkarlıq etmiş qadındı. Bəli, bəli, məhz əri xatirinə! Lakin, buna fədakarlıq demək olarmı? İndi isə o ya danışıb cinayətin üstünü açmalı, ya da kötük kimi susub ərini qorumalıdır, necə etsin? Ledi öz qarmaqarışıq halını elə ağrılı izah edir ki…

“Ah, cənab, heç bilmirəm nə deyim? Mən evli olduğumçün ərimin qarşısında sorumluyam. İnsan olduğum üçün insanlığın qarşısında. Bax indi baş aça bilmirəm: onlardan hansını atıb, hansını tutmalıyam?”

Bəs necə, əzizim, bəzən bu seçim o qədər çətin olur ki…

Məsələn, dünyada Allahsız insan az tapmaq olar, lakin əsas sual budur: Allah onların həyatında hardadı? Mətndəmi, haşiyədəmi? “Ən böyük günahım insanlardan Tanrı ilə müqayisədə daha çox qorxmağım olub”- deyirdi İsaak Nyuton. Yenə dekorasiya məsələsi. Yəni, əlbəttə, insanları da hardasa, necəsə nəzərə almaq olar, niyə olmasın ki? Yalnız türklər demiş, “əvəl Allah” olmalı. Bu “əvvəl-sonra”-nın yeri dəyişik düşəndə dekorasiya pozulur deyə it yiyəsini tanımır.

Bunu isə lap diqqətlə oxuyaq. İslam dininin bu qədər mütərəqqi təlimləri varsa, gerçəkdən də varsa bəs niyə müsəlman bu gündədi? Sizcə niyə? Məncə yenə, yenə dekorasiya məsələsi; beləki bu təlimlər var, bəli, amma düzülüşü yanlışdı: birinci olmalı olan sonuncu, sonuncu olmalı olan birincidir. Məsələn, elm, təhsil. Allah öz kitabını “oxu”yla başlayıb, a qardaş, bundan artıq necə anlatsın elmin ən birinciliyini? Yaxşı, bəs “oxu” müsəlmanın həyatında hardadı? Neçənci yerdə? Görürsüz? Məsələ budur. Təlimlərin var olması kifayət deyil, düzülüşləri yanlışsa, nə fərqi? Dekorasiyası düzgün deyilsə ən ali təlimlər belə yox kimi bir şey olacaq. Dərd budur.

Ədalət prinsipi qədər ikinci vacib bir prinsip varmı əziz İslamımızda? Amma müsəlmanın həyatında haqrdadı o? Ədalət deyirəm e sizə, ədalət! Neçənci yerdədi? Müsəlmanı elə mağmun hala salıblar ki, bütün, bütün, bütün ömrünü, gününü, enerjisini yalnız namazının sözlərini düz deməyə həsr edir. Bəzən elə yekə adamlar görürəm ki, namazda filan hərfi filan yerdə düz tələffüz etmək üçün illərini həsr edir, narahatdı, nigarandı, olsun, amma həyatına baxırsan… ehh, nə isə. Sözüm bu ki, ədalət – hər şeyin öz layiqli yerində olması deməksə, müsəlman dünyasında ən böyük ədalətsizlik elə ədalətin özünə olunub. İslamda reforma gərək varmı? Xeyr. Dekorasiyaya gərək var. Mən o islahatçının əlini öpəcəm ki, gəlsin və təlimlərin dekorasiyasını düzəltsin, gerisi öz-özünə düzələcək.

Bu xırda hissə isə qədim bir romandandı:

– Şah! Amma… – Ustad son gedişi ilə məni şah edib, bayaqkı sözlərinin davamını gətirdi, – …amma bir şeyi yadda saxlamaq lazım ki, oğlum, kamil insanın bir şah eşqi var – Allaha olan eşqi! O, valideyinlərini də, ailəsini də, sevgilisini də, dostunu da, bacı-qardaşını da, vətənini də, millətini də sevə bilər, sevməlidir hətta, amma onun şah eşqi əvvəlinə, axırına, mənşəyinə, məadına… yəni, Allahına olan eşqidir.

Mat-mat baxdığımı, üstəlik, artıq “mat” da olduğumu görüb gülə-gülə masanın küncündəki xırda Quranı əlinə götürdü. Vərəqləyib istədiyi ayəni tapdıqdan sonra mənim üçün kəlmə bə kəlmə oxudu:

“İman əhlinin ən şiddətli eşqi Allahadır”.

İlqar Kamil

Paylaş

Şərh yaz