“Ey Oğul!” Neo-Təsəvvüf- Miri Rəsulzadə

0

Ey oğul! Bu cəmiyyətin hafizəsi çox zəifdir.. Sən bu millətin Əkrəmləşən ədəbiyyatını və tarixini yenidən araşdır! Heç vaxt tarixdə baş vermiş hadisələrə bu günün, mənsub olduğun sinfin, siyasi partiyanın ideoloji hisslərini, duyğularını, düşüncələrini qatma! Tarixi olduğu kimi nəql elə! Əgər ona azacıq, zərrə qədər də olsun subyektiv fikir, münasibət qatsan, o, tarix olmaqdan çıxıb tarixin ədəbiyyatı olar.

Ey oğul! Unutma ki, siyasi iqtidarlar tarix və ədəbiyyatı heç kəsə həvalə etməmişlər və etməzlər də. Tarixə ədəbi baxışı da öz nəzarətində saxlayar, kimə hansı rəngi vuracağını yalnız onlar müəyyən edər. Yazıçı və şairə düşən isə qələmi əlinə alıb artıq yüksək kabinetlərdə və ən geniş, mötəbər iclas salonlarında müəyyən edilmiş ideologiyanın rənglərini vurmaqdır. Kim bunu daha ustalıqla edə bilirsə, dövlətin, yaxud onu bəsləyənlərin imtiyazlarından (Oskar’larından, qrant’larından və s.) bol-bol istifadə edə bilər.

Ey oğul! Bu ölkənin gözqamaşdıran demokratiyası, körpüləri, dəb-dəbəli qocalar evləri, şadlıq sarayları səni aldatmasın. Çünki müstəqillik sözdə deyil, işdə olmaldır, işdə olması üçün şüurda yetişməlidir, sonra öz varlığını göstərməlidir. Şüurda yetişməyən müstəqillik olsa-olsa illuziyadır…

Ey oğul! Bu ölkənin hava proqnozundan başqa hər şeyi yalandır; yası da, toyu da, sevinci də, kədəri də, gözyaşı da hətta qorxusu da riyakarlıq üzərində qurulub… Biz əqidəmizi, mənəviyyatımızı, tariximizi formalaşdımaq əvəzinə, ləyaqəti, vicdanı saxtalaşdırırıq..

Ey oğul! Adam lap başını itirir; tarixçi əsli, soyu,kökü bizdən olmayan birisini xalq qəhrəmanı kimi təqdim edir, hadisələri yorumlarla şişirdir, sonra ədib həmin uydurma qəhrəmanın həyatına dair qalın bir roman yazır və bunu tarixi faktlara istinadən yazdığını iddia edir. İndi gəl, nəyin nə, kimin kim olduğundan baş çıxart görüm..!

Ey oğul! Adını köhnə azərbaycanlı qoyanların tarix adına təqdim etdiyi bayağı-müxalif fikirlər və faktlar səni aldatmasın! Bir də bizim kanalların Qulp’undan yapışmayasan haaa…!

Ey oğul! Heç vaxt mərhəmət hissini Xoşqədəmin verilişi üzərində kökləmə.

Ey oğul! Şəhərdə marketlərin sayı qədər apteklər var. Bu gün modern Azəri (?) səhər evdən çıxanda gördüyü hər şeyə ifrat dərəcədə  sahib olmaq istəyir: Qadın, pul, maşın, karyera, güc, məqam… Çünki bunların nəfsi özlərindən xeyli ağırdı. Sən onlara oxşama. Sən əsl Azərbaycanlı ol! Mərdliyinlə, səxavətinlə, qayğı çəkməyinlə, diqqətinlə, şəfqətinlə bir sözlə dininin sənə verdiyi özəlliklərlə tanın!

Ey oğul! Onu da bil ki, içində öküz kimi böyüyən nəfsinə “DUR” deməyən məmurlarla + vicdanı səcdə görməyən müxalifət bu cəmiyyətə həqiqi xoşbəxtlik bəxş edə bilməzlər.

Ey oğul! Bakımızda mənzərə dəhşətli, dəhşətli olduğu qədər təəssüfverici, təəssüfverici olduğu qədər də utandırıcıdı. İnsanlıq 3 “Ş”- Şan, Şöhrət və Şəhvət üçbucağının burulğanında əsir, əsl mahiyyət və qayəsindən məhrumdur. Hər kəs dünyadan və ya Əmlak komitəsindən özünə bir pay qoparmaq, Mc.Donald’sda, KFC-də yedikcə yemək, içdikcə içmək istəyir, fəqət doymaq bilmir… Sən onlar kimi olma!

Ey oğul! DYP-nin kameraları səni qorxutmasın.Onsuz da bir gün bu ölkənin Neft kəmərini belinə bağlayan məmurlar səhnədən silinəcək. Ardı var…

Miri Rəsulzadə

Paylaş

Şərh yaz