Kitab oxuma sevgim əqidə baxışımla başladı. 2012-ci ildə Allaha inanmadığımın fərqinə vardıqda, dərhal “dahilik sindromu” dediyim psixoloji xəstəliyə tutuldum. “Hamı inanır mən inanmıram, deməli daha ağıllıyam” düşüncəsiylə, bütün ibtidai ateistlər kimi mən də bu illuziyaya qapdırdım özümü. Sonra Facebook’da “Science or Religion” (Elm yoxsa din) adlı səhifə açdım. O dönəmlərdə dindarlarla müzakirələrimdə daha ağıllı və qalib görünmək üçün oxumağı qərara aldım.
Aldığım ilk kitab Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı oldu. O dönəmlərdə Türkiyədən kitab gətirən tək səhifə “Yeraltından kitablar” idi, mən də kitabı oradan sifariş verdim. Bakını yaxşı tanımadığım üçün ünvana çatdırmalarını istədim və səhifənin rəhbəri Etibar bəy kitabı Əhmədliyə gətirdi. 17 azn ödədim. Evə qayıdarkən ilk kitabın sevincini yaşayırdım.
Ardınca Nitsşenin “Zərdüşt belə buyurdu” kitabını aldım. Kitab eşqim artmağa başlayır, pulumun böyük hissəsini kitablara verirdim.
Növbəti dəfə isə aldadıldım. Əhmədlidə bir kitab mağazasına girdim və Nitsşedən kitab varmı deyə soruşdum. Satıcı da olduğunu deyib, mənə “Möcüzəsiz möcüzə” adlı kitab verdi. Evə gələndə bildim ki, bu filosof Nitsşe yox, həkim Nişinin kitabı imiş. Daha sonra həmən mağaza mənə “Səfillər” adı ilə Hüqonun 3 cildlik əsərinin 3-cü cildini satdı və yenə evə gəlib anladım ki, bu Səfillərin son hissəsidi. Əvvəli digər kitablarda qalıb.
O zamanlar Qanun nəşriyyat 2 manatlıq kitablar yarmarkası keçirirdi. Oradan Aristotel, Nils Gilye, Qandi və.s müəlliflərdən gözəl əsərlər əldə etdim. Kitabxanam artmağa davam etdikcə, qidalarım, geyimim azalırdı. Əvvəllər geyimə xüsusi önəm versəm də, artıq vecimə deyildi.
Kitab oxuma eşqi yaranandan bəri oxumaq üçün yanıb tutuşduğu. 3 əsər var idi. Səfillər, Hərb və Sülh, Cinayət və Cəza. Hər üçünü əldə etsəm də, ikisini oxuyub, birini hələ də gözlədirəm, Səfilləri.
Hər yay rayona getdiyim zaman qutularla kitab aparırdım. Kitablarım üçün xüsusi maşın tuturdum.
Kitab oxuma eşqim nə qədər yüksək olsa da, dindar müəllifləri cahil sayır, kitablarına yaxın belə getmirdim. Bir gün otaq yoldaşım mənə dedi ki, “Ziya, mənə bir kitab veriblər, müəllif şiədi mən də sünni, oxumayacam. İstəsən satım sənə.” Bəlkə də həyatımın ən doğru qərarını o gün verdim və 3 manata kitabı aldım. Mürtəza Mütəhhərinin “Kamil İnsan” kitabı. Kitabı vərəqlədikcə “Bir dindar necə belə bir kitab yazıb?” deyə özümə sual edirdim.
Mütəhhəri fenomeni mənim bütün ön mühakimələrimi qırdı. Artıq mütaliələrimin bir qismini məhz ona ayırmışdım. Sonra İmam Xomeynilə tanışlığım yenə də məni heyran etdi. Müsəlman müəllifləri ateistlərlə paralel oxuduqca, bütün düşüncələrim darmadağın olurdu.
Əlqərəz, Darvinlə başlayan kitab dünyam məni elə yerə gətirdi ki, adını oxuya bilmədiyim insanların fəlsəfi fikirlərinə hakim oldum. Platondan Aristotelə, Akvinskidən Boetyusa, Buddadan Dalay Lamaya, Qəzzalidən Mütəhhəriyə, Şopenhauerdən Nitsşeyə, Dokinzdən Stencerə onlarla müəllifi oxudum.
Fəlsəfə, elm və din əsas maraq dairəm olsa da, etiraf etməliyəm ki, Tolstoy qədər, xüsusən də Tolstoyun “İblis” povesti qədər heç nəyin təsirində qalmamışam. Tolstoyu da Qandinin kitablarından sevməyə başlamışdım, oxuduqca heyran oldum.
Sizə əsas məsləhətim odur ki, oxuyun, hamıdan oxuyun. Bir ayda ən azı 5 kitab alın. Yemək pulundan, geyim pulundan, siqaret, kafe və başqa pullardan kəsib, kitab üçün toplayın. Əmin olun ki, həyatda oxumaqdan gözəl heç nə yoxdur. Oxumaq o qədər gözəldir ki, Allahu Təala Quranda bizə ilk xitabındaca “Oxu” deyir.
“İqra bismi rabbikə”