Sədaqət və Xəyanət- Nəcəf Əsgərzadə yazır…

0

S: Get-gedə insanlardan uzaq düşürəm
X: Sənə demişdim. Gülürdün sözlərimə
S: Demişdin. Amma mən mübarizə aparırdım və yenə də mübarizəmə davam edəcəm.
X: Səni başa düşmürəm. Zəif olduğunu qəbul et. Mən səndən qat-qat güclüyəm.
S: Təbii ki, güclüsən. Bunu inkar etmirəm.
X: Hə. Görürsən mən deyənə gəldin. İnsanlar məni seçirlər. Gələcəkdə də belə olacaq.
S: Buna tam əminsən?
X: Tamamilə.
S: Səhv edirsən. İnsanlar səni seçə bilərlər, amma həmişə məni seçən insanların paxıllığını çəkirlər.
X: Bu özünü aldatmaqdan başqa bir şey deyil.
S: Sənə bu dediklərim qeyri-real görünür indi. Çünki sən zirvədəsən. Zirvədən isə baxanda hər şey kiçik nöqtə kimi görünür.
X: Kiçik nöqtə… Kiçik şeyləri böyüklər həmişə ayağını basaraq əzib keçiblər.
S: Böyüklük heç də kiçikləri əzib, yox etmək deyil. Böyüklük qarşıdakına nəyə layiqsə onu verməkdir.
X: Gücə sitayiş edirlər. Gücün bütün təzahürləri də məndə birləşib.
S: Gücün nə olduğunu hələ bilmirsən. Güc heç də maddi nəsnələr ibarət deyil.
X: Bəs nədədir?
S: Güc insanın daxilində yatan tumurcuqdur. Bunun fərqinə vardığımız zaman həmin tumurcuq yavaş-yavaş inkişaf edir.
X: Sən həmdəm – xəyalsan. Həyata gərək real gözlərlə baxmalısan.
S: Reallığın kökü belə xəyaldan başlayır. Bir vaxtlar xəyal olanlar indi reala çevrilib.
X: Reallıq maddiyatla bağlıdır. Güc puldadır.
S: Güc heç də pul da deyil. Güc ideaya da cəmləşib. Pulun yaranması belə ideyaya əsaslanır.
X: Belə izahlar verirsən. Amma fakt budur ki, reallıq həmişə xəyallara qabil gəlir.
S: Reallığın qələbəsi müvəqqətidir.
X: Bəsdi boş-boş gəvəzələdin. Bir insanı belə inandıra bilməyəndən sonra hansı xəyallardan dəm vurursan.
S: Nə bilirsən ki, kim mənə inanır, kim mənə inanmır?
X: Ətrafında kimlərsə olardı. Bayaq gücdən danışırdın. Görürsən mənim ətrafında nə qədər insan var. Bu güc deyil bəs nədir?
S: Bu güc deyil. Gücün kserokopiyasıdır.
X: Sənin deyəsən gözlərin də zəifləyib. Bir həkimə get yoxlat.
S: Düzdü. Ətrafında bu qədər insan cəmləşib. Amma nə bilirsən bu gün birini satan, sabah səni satmayacaq.
X: Heç vaxt onlar məni sata bilməzlər. Mən onlara öyrətmişəm hər şeyi. Onlara pul, ev, maşın vermişəm.
S: Bəlkə sabah səndən güclü biri gəldi dedi ki, onlara “sizə ondan da artığını” verirəm. Səni satmazlar?
X: Məni sata bilməzlər. Bilirlər ki, məni satan özünü ölmüş biləcək.
S: Sən özün belə xəyanəti həzm edə bilmirsən.
X: Mən sonuncu sərhəddəm. Bundan o yanası yoxdur. Məni satıb nə qazana bilərlər?
S: Heç vaxt son hədd deyə bir nöqtə yoxdur. Hər yeni gələn nəsil sərhədləri genişləndirir.
X: Sözünün canı nədi? Onu de.
S: Yəni deyirəm ki, ətrafına yığdığın insanlara çox da güvənmə. Xəyanət epidemiya kimidir. O, doymaq bilmir.
S: Yaxşı saxla. Bəsdir məndən danışdıq. Biraz da səndən danışaq.
S: Özümdən danışmağı sevmirəm.
X: Danışmasan necə ətrafına kütlə toplayacaqsan?
S: Mən demədim axı ümumiyyətlə danışmayacam. Yeri gələndə danışacam.
X: Yeri gəlib artıq. Danışmaq vaxtıdır.
S: Danışmaq çox asandır. İş gəlib əmələ çatanda hamı susur.
X: Mənim işim susanların dilini açmaqdı da.
S: Özündən uydurma. Sənə uyanların çoxu çox danışan, az iş görənlərdir.
X: Susanlar da məni seçir. Hətta axır vaxtlar komandamda susanlar çoxalıb.
S: Onlar susan deyil. Onlar doğru zamanı gözləyən xəyanətkarlardır.
X: Sənin hər şeyə bir bəhanən var da.
S: Bu bəhanə deyil. Bəli səni seçirlər. Amma məni seçənlər də olacaq. Hətta seçməsələr belə tək olaraq mübarizəmə davam edəcəm.
X: Bu nə pafoslu çıxışdır belə.
S: İndi sənə pafoslu kimi görünür. Vaxt gələndə kimin pafoslu çıxış etdiyini sənə xatırladacam.
X: Yaxşı hirslənmə. Deyək ki, təksən kimə sədaqətini göstərəcəksən?
S: İdeyama. Yoluma.
X: Yenə pafos. Bunlar ki, qeyri-real şeylərdir.
S: Ən çətini də qeyri-real şeylərə sədaqət göstərməkdir.
X: Sənin ağlın çaşıb. Özünü məhv edəcəksən. Gəl mənə qoşul həyatını yaşa.
S: Mən yoluma xəyanət edə bilmərəm. Sədaqət elə təklikdən başlayır.
X: Necə yəni təklikdən?
S: Belə ki, insan sədaqətli olduqca çox zaman onu başa düşmürlər. Və həmin anda sən təhnalığa çəkilirsən. Hətta daha betəri var. Dibə düşmək. Bax ən çətini də dibə düşüb də sədaqətli qalmaqdır.
X: Bu başdan-ayağa özünə zülmdür. Cana qəsddir.
S: Bəli sədaqət cəsarət göstərməkdir. Yalnız cəsurlar sədaqət yolunu seçə bilərlər.
X: Maddi heç nə olmadan sədaqət nəyə yarar?
S: Sədaqət maddi şeyi özü yaradır. Buna cəhd edir. Amma düz yolla. Xəyanət etmədən. Sədaqət beş insanı birləşdirib onların xırda maddiyyatıyla nələrsə yaratmaqdır.
X: Bununla haracan getməyi düşünürsən. Deyirəm gəl mən qoşul. Sənin qarşında gör nələr sərirəm.
S: Çox sağ ol. Belə şeyi qəbul etmərəm. Bu təbiətimə xəyanət olar. Həyatda həşəratın öz yeri, şirin öz yeri var. Sürünmək üçün yarananlar, uçmağı bacarmazlar.
X: Danışırsan da yenə. Bax. Ətrafına göz gəzdir. Görürük uçmaq istəyənləri. Heç ayaqlarını yerdən üzə bilməyiblər. Əllərində heç nə yoxdur. Sürünənləri görürsən hər şeyə sahibdirlər. Çünki əllərinə düşən fürsəti maksimum dəyərləndiriblər.
S: Ona görə deyirəm də sürünmək üçün yarananlar, uça bilməz).
X: Yaman tərslik edirsən. Bilirsən ki, sürünənlər olmasa idi, uçanlar da olmazdı.
S: Özün etiraf etdin bunu. İkisi də bir-birinindən asılıdır. Əgər sürünənlər olmasa idi biz daha yüksəyə qalxmağı hədəfləməzdik.
X: Birdən uçan yerdə qanadın qırıldı. Nə edəcəksən?
S: Yerə çırpılacam. Əziləcəm. Qolum-qıçım sınacaq. Amma yenə davam edəcəm. Öz-özümü sıfırdan inşa etməyə başlayacam.
X: Bir məsəl var e. Ağıllı düşünəcən, dəli basıb çayı keçdi. Səninki o məsələ)
S: Dəli çayı keçə bilər. Amma çaydan o yanası da var. Bəs ondan sonra nə edəcək. Dəli sadəcə çayı keçir. Ağıllı isə çaydan o tərəfini fikirləşir.
X: Nəysə səninlə mübahisə etməyə dəyməz. Mənim daha vacib işlərim var. Özümə yeni komanda qurmalıyam.
S: Başa düşürəm. Yolundan qalma. Mənim də görəsi işlərim var.
X: Görürsən paxıllıq edirsən mənə.
S:. Paxıllıq mərhələsini adlayıb keçdiyimi düşünürəm.
X: Səninlə söz güləşdirməyəcəm. Sağlıqla qal.
S: Sağ ol. Haçan darıxsan gəl. Burda olacam.

Nəcəf Əsgərzadə

Paylaş

Şərh yaz