Adam bilmir hardan başlasın, filmin rejissorundanmı, filmin adındanmı, filmin təsirindənmi və ya filmin təqdimat günündənmi. Onu deyim ki, ilk dəfədir belə hala şahid olurdum. Dövrümüzün ədəbi mühitinin qaymaqlarının iştirakı ilə film nümayiş olunurdu. Buna görə təşkilatçıları təbrik edirəm, xüsusilə koordinasiya məsələsini öz üzərinə götürən Miri Rəsulzadəyə minnətdaram, qələm adamlarını bir araya toplaya bildi. “Apatiya” laqeydlik halının ən ifrat formasıdı. Filmdəki bütün obrazlar Apatiyaya bürünmüşlərdi. Ailəsinə, uşağına, özünə, vəzifəsinə nə qədər laqeyd adam var hamısı filmin baş qəhrəmanı idi. Təkcə bu hadisələri filmə çevirən rejissordan başqa. Fərdin kim olduğunu bilmək üçün fürsətlərdən necə istifadə etməsinə baxmağın kifayətdir. Hikmət rejissor kimi əlinə düşən iki fürsətin hər ikisində dürüst olduğunu göstərdi. Daha əvvəl çəkdiyi “Çılpaq”filmində və haqqında danışdığım “Apatiya”da. İndiyə qədər danışdıqlarını əməlində də göstərdi. Sırf maliyyə əldə etsin deyə film çəkə bilməzdimi? Bilərdi! Niyə məhz “Apatiya”? Niyə bu ağırlıqda mövzu? Niyə sonu tamaşaçı ixtiyarında qalan sosial dram? Mən də bu cümləni filmin sonu kimi yarıda saxlayıram… Apatiya filminin obrazları realdı, var! Ətrafımızda, içimizdə var-gəl edirlər. Hər gün onlarla avtobusda, metroda üz-üzə gəlirik. Bu qəhrəmanlarla hər gün işdə, məktəbdə qarşılaşırıq. Bəlkə də özümüzük! Bu milləti, bu coğrafiyanın adamını aldatmadığın üçün sənə minnətdaram, Rəhimov. Zatən bizi yaxın keçmişdən başlayaraq, Hindistan, daha sonra Mərakeş, Brazilya dramları ilə aldatmışdılar. Ayılan kimi də Türk dramları ilə yenidən aldadılmağa başladıq. Digər aldadılmış yerli rejissorlarımızın kinoteatrlar üçün hazırladığı dram filmlərinə baxanda bunu anlamaq çox asandı. Həmin filmlər insanlarımızı zaman-zaman Xoşqədəmlərin və Elgizlərin izləyicilərinə çevirməyi bacardılar. Yeri gəlmişkən, filmin təqdimatından dərhal sonra Bəhram Bağırzadənin ucadan səsləndirdiyi ironiya ilə də razıyam. Gərək baş rol ifaçılarını da təqdimata çağırardın. Təbii ki, bu film də səhvsiz deyil. Birini mən deyim. Gecə hamı yatandan sonra efirdə Xoşqədəmin verlişi davam edir. Bu səhvi mənə yanımda əyləşən bir nəfər dedi. Ki, gecələr Xoşqədəmin efiri olmur. Mən də dedim, bu, rejissorun səhvi deyil, üstünlüyüdür. Nə yaxşı ki, rejissor Xoşqədəmə heç vaxt baxmayıb, bilmir, sadəcə onda elə təəssürat var ki, Xoşqədəmin verilişi həmişə var, televizoru nə vaxt yandırsam veriliş gedəcək. Əcəldən qaça bilmədiyimiz kimi. Apatiyada göstərilən problemlər də düzdü, var, bunu heç kim inkar edə bilməz. Ola bilər bu filmdən sonra sənə daş atanlar olsun. Deyərdim ki, qoy atsınlar, amma bir şərtlə, daş atanların içində həyatda filmin obrazları olmayan şəxslər olsun. İnan ki, sənə atılan daşla heç evinin kənarına hasar belə tikə bilmərsən. Hikmət, sənə ayıb olsun…. İnanıram belə deyən də olacaq, xahiş edirəm, bağrına bas, bərk-bərk qucaqla. Bəlkə də onu deyən belə ailələrdə böyüyən Akiflərdi! Bunu mən sənə bir Akif kimi deyirəm!
Hikmət Rəhimov, sənə ayıb olsun! – Elvin Paşa yazır
0
Paylaş