“Vətən tanıtdırdığın qədər böyükdür”
Əvəz Qurbanlı
Bu qəhrəmanlığa gərək romanlar yazılsın, şeirlər deyilsin. Yetər artıq xarici “qəhrəman”ları ədəbiyyatımıza gətirdik. Bizə dastan , əfsanə, mif lazım deyil. Bizə canlı örnəklər lazımdır. Şəhidlərimiz haqqında kitab yazmaq ədəbiyyatımızın, teatrlarda tamaşaya qoymaq incəsənətimizin, onu təbliğ etmək isə hamımızın borcudur. Bütün bunları qələmə almaq, ürəklərə yazmaq ədəbiyyatımızın borcudur.
Şəhidlərimizin məkanları okeanlar qədər böyük, əcirləri sonsuz mavi göy olsun. Eşq olsun!
Onlar isti yataqlarından qalxıb, geridə uşaqlarını, yoldaşlarını, ailələrini, məqamlarını buraxıb getdilər… Onlar gələcəklərini qoyub getdilər… Şəhərlərini bizə tapşırdılar… Şəhid oldular, əziyyət çəkdilər, Allah yolunda toza bələndilər, yaralandılar, daha nə olsun! Min kərə, milyon dəfə halal olsun! Gəlin, bir Fatihə oxuyaq, biz ölülərdən dirilərə salam olsun. Uca Yaradan müsəlman olandan da, olmayandan da razı olsun, hidayət nəsib etsin, şəhidlərimizin bərəkətiylə çoxalsınlar inşallah..
Fraqman:
İstər real həyatda, istərsə də virtual aləmdə…
Oxunulan bütün rəhmət və duaların, ürək yanğısıyla verilən baş sağlıqlarının, vətənpərvər çıxışların, “like”ların, “comment”lərin, “Amin”lərin, bayrağa boyanmış profillərin, qərənfillərin, ağır söhbətlərin… Daha nələrin dəb xatirinə olub-olmadığını şəhidlərimizin ili çıxandan sonra biləcəyik.. Onları unudub-unutmadığımız, yaşadıb- yaşatmadığımız, səmimiyyətimiz, xalis niyyətimiz sonra bəlli olacaq… sonra…
Yoxsa, mövsümə uyğun statuslar, pafoslu paylaşımlar bizi cənnətə aparmayacaq.. Etsə etsə bizi riyakarlıqdan uzaq davranışlarımız (ixlasımız) və əməllərimiz xilas edəcək.
Miri Rəsulzadə