Bir çimdik yalan- İlqar Kamil yazır

0

Əlini atırsan ki, nəsə bir yazı yazıb paylaşasan, hiss edirsən, ekranın o tayından, problemlərdən təngə gəlmiş yüzlərlərlə yorğun, dərdli baxış zillənib üstünə: “Ax, əziz qardaş, biz nə hayda, sən nə hayda?” Əlin-qolub qırılıb yanına düşür. Gərək elə bir şey yazmağı öyrənəsən ki, yazın ya bir başa, ya dolayısıyla oxucunun süfrəsinə (dolanışığına, iqtisadiyyatına) təsir etsin. İsfəndiyar müəllim ona görə deyirdi də, ən böyük günah acından əzab çəkən adama dindən, poeziyadan, nə bilim nədən danışmaqdı…
Amma biz yenə də üzümüzə basıb yazırıq… Çünki mən bu əqidədəyəm: Ədəbiyyat inanc kimidir, qarın doyurmur bəlkə, amma həyata duz qatır, dad qatır.
Dad demişkən, aydın məsələdir ki, izlədiyimiz filmdən (tamaşadan) tam həzz ala bilmək üçün film boyu onun film olduğunu, sujetdəki həyəcanların, sevinclərin, gözyaşlarının sadəcə çəkiliş üçün olduğunu unutmalıyıq, (buna “iradəvi unutqanlıq” deyirlər) filmin içinə dalıb onu elə izləməliyik ki, sanki gerçək bir həyat hekayəsinə canlı şahidlik edirik. Bəs necə! Özümüzdən bir damcı inam qatmasaq, gözlərimizi həqiqətlərin üzünə azca qapamasaq hər şeydə, inanın, hər kəsdə nəsə bir sünilik, saxtalıq, yalan tapmaq olar, fəqət belə şübhə dolu həyat kimə lazımdı?
Bu konteksdən yanaşanda adam az qala yalana sayqı duymağa başlayır, axı o, acı həqiqətdən şirindir və bu şirinlik həyat üçün həyati əhəmiyyət daşıyır… beləliklə, razılaşın ki, intihar həm də həqiqətə bir çimdik yalan qata bilməmə bacarıqsızlığından doğur.
Söhbətin bu dolam-dolaşıq yerində uzaqdan bizə belə bir sual qaş-göz eləsə haqqı var: yalnız acı həqiqətlərdən ibarət bir dünyada yaşamaq olardımı?
Odur ki, ailə həyatı qurmağa hazırlaşan dostlarıma belə deyirəm: “Evləndikdən əvvəl gözlərini (düzgün seçim etmək üçün) yaxşı-yaxşı aç, evləndikdən sonra isə onları azca qapa”. Kişi də, qadın da, böyük də, rəhbər də, ağsaqqal da, ağbirçək də gözlərini azca qapamağı bacarmasa işlər korlanacaq.
Rəhbər dedim, dostumun danışdığı maraqlı bir əhvalat düşdü yadıma. Xeyli əvvəl mədrəsədə oxuyurmuşlar, 5-6 nəfərdən ibarət xırda, söz dinləməz, nadinc bir qrupmuşlar. Müdiriyyət onlara siqareti tərgitdirmək üçün dəridən-qabıqdan çıxır – güdükçülük edir, suç üstdə tutur, danlayır, cəza kəsir… olmur, uşaqlar siqaretdən əl çəkmir ki çəkmir. Yeni müdir təyin olunur, nur üzlü, xoş xasiyyətli bir Seyyiddir. Bir az keçir, işçilər ona da bu uşaqlardan şikayətlənirlər, Seyyidsə razılaşmır: – onlar belə iş tutmazlar, deyir, – mən tanıyıram o gəncləri, onlar mədrəsəmizə bu hörmətsizliyi etməzlər, siz yanılırsız, yəqin səhv görmüsünüz… Dostum danışır ki, Seyyid hətta evinə gedəndə də yolunu başqa tərəfdən salırmış ki, tində dayanıb siqaret sümürən bu gəncləri görməsin, bəli, və onun məhz bu alicənablığı gənclərin vicdanını oyadır, bir gün öz ayaqlarıyla gəlib Seyyidə siqaret etirafı edir, söz verirlər ki, bir daha olmayacaq.
Gerçəkdən də, gözü azca qapaya bilmək – böyük insanların bacarığıdır, və imam Əli deyir ki, idarəçiliyin təməl prinsipi də məhz budur. Siz bu haqda düşünün, mənsə öz sözümün üstündə dururam:
İntihar həm də həqiqətə bir çimdik yalan qata bilməmə bacarıqsızlığından doğur.

İlqar Kamil

Paylaş

Şərh yaz