İddia edirəm: əgər tam 20 il bundan qabaq o küləkli, yağışlı oktyabr ayında dayanacaqdakı kefsiz oğlana baxıb xoş bir təbəssüm etmiş olsaydım, indi dünyanın istiqaməti tamam başqa yöndə getmişdi; məsələn, bəlkə də Mədinə xala ölməzdi, İsmayıl kişi müflis olmazdı, İŞİD yaranmazdı, Türkiyə dövləti Rusiya qırıcısını vurmazdı, Tramp prezident seçilməzdi… Allah məni bildiyi kimi eləsin, kaş təbəssümümü əsirgəməyəydim…
Nələr danışırsan, a kişi? Özü də adicə xoş bir təbəssümə görə? Yaxşı da, daha ağ eləmə.
Yox, iddiam boş deyil. Böyük bir su hovuzunu təsəvvür edin, siz onun tən ortasına xırda bir daş atırsınız, hovuzdakı bütün… bütün… bütün su boyunca dalğalar yaranır… Dünya nəhəng bir hovuzsa, insan xırda bir daş qədər də ola bilməzmi?
Gənc kefsiz idi, intihar etməyə qərar vermişdi. Mənim təbəssümüm, hiss edirdim, sehirli çubuq olub onu qərarından döndərəcəkdi, çox olur axı belə hallar; o yaşayacaqdı, oxuyacaqdı, dürüst alim olacaqdı, yaxşılıqlar edəcəkdi, onun təsir etdyi insanlar da silsilə kimi bir-birilərinə hansısa yaxşlıqlar edəcəkdilər, onlar da o birilərə, o birilər də digərlərinə… beləliklə, adi bir təbəssüm görün nələrə, bəlkə də eynən yuxarıda yazdıqlarım şeylərə səbəb olacaqdı.
Bəlkə biz özümüz də hansısa adamın, hansısa xəfif bir təbəsümünün nəticəsiyik, nə bilmək olar. Kainat dəryanın suları kimi bir-birinə yapışıq bütün bir varlıqsa, insanları dikinə və sıx düzülən domino daşları kimi təsəvvür edin, ən sondakı daşa xırda bir toxunuş sırayla hamısını aşırmayacaqmı?
Səhər-səhər oxuyuram. Proqnozlaşma modelinin yaradıcısı Edvard Lorens hesablamalarındakı xeyli yanılmalarından sonra birdən birə dərk edir ki, onun modeli yalnız bir şeyi dəqiq proqnoz edə bilər: o da nəyisə proqnoz etməyin qeyri mümkünlüyüdür. Niyə? Çünki istənilən bir dəqiq sistemdə müəyyən xırda xətalar olur və adətən onlar çox əhəmiyyətsiz hesab edilir. Lakin məhz o xırda xətalar heç kəsin güman etmədiyi qlobal xaosa gətirib çıxarır. İl 1963, Lorens bütün elm dünyasını unikal bir fenomenin mövcudluğu ilə lərzəyə salır:
Kəpənək effekti!
Onun irəli sürdüyü fikirə baxın: “Sinqapurda hər hansı bir kəpənəyin qanad çalması, Filadelfiyada çox güclü bir tornadoya səbəb ola bilər”. Fantastik səslənir, deyilmi? Rey Bredberinin “ Və şimşək çaxdı…” adlı hekayəsinin də sujeti belədir: dinozavrlar ovçusu keçmişə yola düşür, o marşrutu pozaraq, bir kəpənəyi tapdalayır, bu isə qarşısı alınmaz nəticələrə gətirib çıxarır –xətalar zənciri onunla nəticələnir ki, amerikanlar prezident seçkilərində demokrat əvəzinə faşistə səs verirlər. Dəhşət!
İndi sizdən soruşuram: Sizcə 20 il qabaq mənim o gəncdən əsirgədiyim xoş təbəssümümün yaradacağı gözəlliklərin savabında mən də mi şərik olacaqdım? Təsəvvür edin, qiyamət günüdür və Allah sizi dünyanı yaxşı yöndə dəyişdiyiniz üçün mükafatlandırır. Təəccüblənirsiz: ilahi, mən əynimə şalvarı belə güclə alırdım e, nə dünyası? Cavab gəlir:
Dayanaqcaqda kefsiz durmuş o oğlana etdiyin xoş təbəssümü xatırla!
Və ya qiyamət günü sizə hökm oxunur: Filan qızı bədbəxt etdiyi üçün cəzlandırın bu adamı! Etiraz edirsiniz: qurban olum, ay Allah, nə bədbəxt etməsi, mən o qızın üzünü belə görməmişəm axı. Cavab gecikmir:
Filan tarixdə, işdə müştərinə göstərdiyin o aqressiv münasibəti xatırla, o bu qızın nişanlısıydı.
Dəhşətdi! Bəli, bəli, dəhşətdi! Görünən o ki, biz təkcə sözlərimizin deyil, jestlərimizin, hətta mimikalarımızın da məsuliyyətini daşıyıqır və dünyada xırda olan heç nə yoxdu! İmam Əli nə deyirdi: azı verməkdən çəkinmə, heç verməmək ondan da azdı.
İlqar Kamil