Quş kimi yazı- İlqar Kamil

0

Qış nəhayət ki, inadından əl çəkib yerini bahara verməyə hazırlaşır deyə günəş Yaroslavlın açıq səmasında daha çox görünməyə başlayıb və bunun nəticəsində gün xeyli uzanıb. Artıq dar dalanları xatırladan cəmi 4-5 saatlıq soyuq qış gündüzlərindən əsər-əlamət yoxdu, diktator soyuqlar hökmranlığını itirib. Gündüzlə yanaşı sanki köksümüz də genişlənib, eynimiz də açılıb. Quşlar da bu genişlənməni duyublar, nədi, hara baxırsan quşdur Yaroslavlın bugünkü ap-aydın səması.

Azadlıq böyük nemətdir, əlbəttə! Səmadakı ədabaz buludlardan birini seyr edə-edə Yusifin Ayşənə dediyi o məşhur cümləni xatırlayıram:

Azadlığım – ürəyim hər istədiyində sənə gələ bilməkmiş, indi anladım.

Azadlıqdan yol alıb Fromm, Maslou, Rocers kimi psixoloqların insana aid etdikləri üç “mən”inə gəlib çıxıram; Sən demə insanın 3 “mən”i varmış; Real “Mən”, İdeal “Mən”, Digərlərin gözündə olan “Mən”. Rocers iddia edir ki, bu 3 “Mən” obrazı üst-üstə düşməlidir, və ancaq bu halda insanın normal inkişafından danışmaq olar. İdeal “Mən” real “Mən”dən, başqalarınn gözündə olan “Mən” real “mən”dən fərqlənirsə, insan bir saxtakarlıq hiss edir, özünə hörmət edə bilmir və bu onun normal inkişafına mane olur. Bizdə yaranan gərginlik, təlaş, özünə inamsızlığın da səbəbi, çox vaxt məhz bu üç “Mən”in arasındakı uyğunsuzluqdur. Çətin məsələdi axı: xəyal etdiyin şəxsiyyətinlə real şəxsiyyətinin, eləcə də millətin gözündə olan şəxsiyyətinlə həqiqətdə olan şəxsiyyətinin üst-üstə düşməsi! Çətindir, fəqət həqiqi hüzur və xoşbəxtlik, həqiqi azadlıq da elə bundadır.

Bir gün hamınızın hörmət etdiyi tanınmış bir ziyalıyla dərdləşirik, deyirəm:

– Sizin yerinizdə olmaq istəməzdim.

– Vallah, heç özüm də, – deyib yorğun-yorğun gülür. Bu əziz insan niyə yorulub, bilirsiniz? İctimai qınağa tuş gələcəyindən ehtiyatlanıb “real mən”indən uzaqlaşdığı, başqalaşdığı, başqası olduğu üçün. Adam neçə il masqa taxmaq məcburiyyətində qalar axı?! Zülümdü, zülüm! Mən deyərdim ən əzabkeş insan məhz özü kimi olmaq istəyib (hansısa məcburiyyətlərə görə) ola bilməyən insandır. Şərq dünyasını gözünüzün önünə gətirin. İctimai xadimlər, maarifçilər, ziyalılar… necə də yorğundular! Çünki onların ictimai xidmət, maarifçiliklə yanaşı həm də heç bir kitabda yazılmamış belə bir daha vacib “vəzifələri” var:

“İstədiyin kimi sərbəst davrana bilməmək!”

Bu yazılmamış qanunu əlbəttə ki, biz – sən, mən, o yaratmışıq, fəqət bizim qədər onlar özü də günahkardı: niyə düşürlər axı qəlibə? Niyə gizlində bir cür düşünür, aşkarda başqa cür davranırlar? Niyə çərçivələri onlara özləri deyil, başqaları təyin edir? Niyə düşündükləri kimi yaşamaqdan qorxurlar? Niyə yenilirlər? Niyə mübarizə aparmırlar?

Məncə, elə bu da bir növ “azadlıq uğrunda” mübarizədir.

Sakitləşirəm. İndiyə qədər eşitdiyim maraqlı hadisələr elektirik naqilinə sırayla qonmuş sərçələr kimi düzülür gözümün önünə. Təsəvvür edin, nə qədər psixoloji problemlərin qaynağı əsassız və ifrat qadağalardı: ağır ol, gülmək olmaz, mahnı oxumaq olmaz, sevinmək olmaz, əylənmək olmaz… Baxırsan ki, batman-batman enerji yığışıb qalıb adamın sısqa canında, çıxarmağa yer yoxdu. Əzizi-del, uçuşlarını izlədiyim bu azad quşların ciggiltilərindəki sevincə and olsun, qadağaları minimuma endirmək lazımdı, yalnız fundamental və arqumental olan vacib məsələlərə qadağa qoyun, xüsusən, əgər qarşınızdakı uşaqlardırsa! Əmin olun, hansısa sevinci qadağan etmək üçün oxuduğunuz “fəlsəfi mühazirələriniz” onların başına batmır, batmırsa, uşaq ta ölənəcən elə o qadağan olunan şeyin görməmişi olur.

Üstəlik, bu tip qadağalar bizdə, Froydun dili ilə desək, sublimasiya olunur, yəni, candakı enerji təbii yolla çıxmırsa, başqa bir yerdən eybəcər formada partlayış edir; enerjini, azadlığı, sevinci zorla içində boğursansa o dəhşətli fəsadlar yaradır.

Sevinməyə, gülməyə, əylənməyə bəhanə və şəraitləri olmayan cəmiyyətlərdə İŞİD yaranır, özü də çox rahatlıqla!

Əraf surəsi, 157-ci ayəyə baxın, Ulu Rəbb əziz peyğəmbərimizin vəzifələrini sadalayarkən birini də belə qeyd edir:

“…(Elçimiz) onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar…”

Yəni, peyğəmbərlər həm də bunun üçün gəlib, gəlib ki, ayağımızdakı zəncirlərdən, çiynimizdəki artıq yüklərdən xilas etsin bizi. Xilas olaq, uçaq, uçaq, uçaq, merac eləyək, xoşbəxt olaq. Axı həzrət Məhəmməd özü də “asanlaşdırın, çətinləşdirməyin” deyirdi. Bəs niyə unuduldu bu mübarək təlimlər? İndi dinə baxsaq, sanki yükdən azad etmə deyil, yükləmə rolunu oynayır; yüngülləşdirməliydi -ağırlaşdırır, asanlaşdırmalıydı -çətinləşdirir… bu tərsəməzzəblik içində insan yazıq başını itirməsin, neyləsin?!

Yazı yekunlaşır, boylanıb səmaya baxıram, quşlar hələ də uçur, uçur, uçur…

Siz heç darıxan quş gördünüzmü?…

İlqar Kamil

Paylaş

Şərh yaz