Bu yazı qonaqdı- İlqar Kamil yazır

0

Uşağınızla qonşunun uşağı kimi davranın, yəni, belə qəşəng, anlayışlı, xoş əhvallı, gülərüz. Hə, məhəbbətli, şəfqətli olun onunla, necə ki, qonşunun uşağıyla beləsiniz. Səhv edərsə, məsələn, başına vurmayın tez, “eşşəksən?” deyə bağırmayın üstünə, əksinə, əyilin, xoş bir təbəssümlə üzünə gülün, əlinizlə saçlarını oxşayıb “eybi yoxdu, olan işdi” deyin, eyni ilə qonşunun uşağı səhv etdiyi zaman dediyiniz kimi.
Oğlunuz bilmədən nəsə xəta edib? Evə gələn kimi dərhal “camaaatın uşağı” müqayisələrinə başlamayın, qonşunun oğlunu onun gözünə soxmayın, biləks, “canını sıxma, igid balam, kişinin başına iş gələr” deyin, öz uşaqlıq xətalarınızdan da danışın bir az, istəsəniz. Necə ki, qonşunun uşağı xəta edəndə belə edirsiniz.
Evdəkilərlə qonaqla davrandığınız kimi davranın; mehriban, diqqətli, həssas, qaygıkeş olun onlarla. Gözləriniz xüsusi mühafizəçi kimi gözlərində olsun, irağ-irağ, birdən nədənsə narahat olarlar ha. Soruşun da hətta, deyin “bir narahatlığınız yoxdu ki?” Necə ki, qonaqdan belə soruşursunuz; Ən gözəl süfrəni açın onlarçün, məsələn, çörəyi necə gəldi, bötöv qoymayın masanın üstünə, qəşəncə, dilim-dilim doğrayın, çörək tabağında qoyun süfrəyə; duzqabının duzunu, qəndqabının qəndini, konfetini yeniləyin, necə ki, qonaq gəlləndə belə edirsiniz;
Elmə məlum olmayan hansısa məqsədlərlə gizlətdiyiniz xüsusi dəst qabları çıxarın onların şərəfinə, yuyun bir daha hər ehtimala qarşı, təzə qablarda, zərafətlə çəkin yeməklərini; ən gözəl geyiminizi geyinin onlarçün, aynanın qabağına keçin, daranın, bəzənin, ətirlənin, necə ki, qonaqçün belə hazırlaşırsınız;
Ürəklərinin nə istədiyini soruşun tez-tez, “hava istisə, eyvanın qapısını açım” deyin; soruşun, hansı TV kanala baxmaq istəyirlər görün, bəlkə heç sizin baxdığınız bu serialı onlar sevmirlər, əvvəl kanalları bir-bir vərəqləyin kitab kimi, sonra hətta “pultu” onlara təqdim edin gülə-gülə, “buyurun, özünüz nəyə istəyirlərsə ona da baxın” deyin, necə ki, qonağa belə deyirsiniz.
Bəli, eynən belə davranın evdəkilərlə. Bilin ki, onlar da insandır, onların da qəlbi var, ruhu var, onların da bütün bunlara ehtiyacı var.
Və bilin ki, bu həyatda hamı, hər kəs kimi, evdəkilər də qonaqdı, hə, əməlli-başlı qo-naq! İnanmırsız? Vaxtıyla evinizin yaraşığı olub birdən qeybə çəkilən əziz ananızı xatırlayın. Ananızı xatırlayın. Ananızı xatırlayın…
İnanacaqsınız!

Paylaş

Şərh yaz