Almafobiya
Bəlkə də dünya
Həvvanın Adəmə
verdiyi almadı…
Bəlkə, aldanmaq
elə sevilməkdi,
qovulmaqdı bir adı…
Bu nə arzu tutmaqdı? –
Sənə qədər məsafəni
addım-addım sayıram.
Yorulanda əlimi
ürəyimin üstə yox,
Sənin yarandığın
qabırğama qoyuram!
Vallah,
indi almafobiya bürüyüb canımı.
Kaş əl uzatmazdım almaya
Gəl qayıdaq…
Yerimiz bura deyil
Biz Allahın gözündən düşdük dünyaya.
Nigaran
Görəsən nə bişirir?
İndi görən nə yeyir?
Kimə baxıb danışır?
Ürəyində nə deyir?
Nə bəhanə gətirir,
yeməyi çiy bişəndə?
Düşündüyü mənəmmi
qaşıq yerə düşəndə?
Bəlkə əlindən düşüb
stola duz dağılır.
Mən yoxam, nə ürəyi
nə stəkan qırılır
Gecələri diksinib
yuxudan oyanırmı?
“Hər şey yaxşı olacaq”
Hələ də inanırmı?
Necə yatır oyanır?
Döyürmü gün üzünə?
Neçə yuxu danışıb
bu vaxtacan özünə?
…Qırmızı işıqda
Mən ömür sürürdüm həyat yolunda
Əl edib saxladın gəldiyim yerdən.
Qəzanın günahı məndədi, kaş ki,
Dönəydim həmişə döndüyüm yerdən.
Nə yolun sonudu, nə də ortası,
Yolun girişində qalmışam demə.
Adamdan-adama keçib gedibsən,
Piyada keçidi olmuşam demə.
Zaman ayrılığa dərman olmadı,
Çarəmiz dünyanın harasındadı?
Dərdlərə bir damcı məlhəm istədik,
Dedilər dünyanın yarasındadı!
Hərədə bir yerə, hərədə bir cür
Açılır bu ömrün bağlı yolları.
Deyəsən hamıya yaşıl göstərir,
Bir mənəm gözləyən işıqforları.
“Div”lər apardı
Oğlum Mehdiyə
Bu nağıl bitməmiş yat, əziz balam,
Nağıl da bitəcək axır olacaq.
Özünü nağıla öyrətmə, balam,
Onsuz da həyatın nağıl olacaq…
İndi qulaqların səs-küy istəyir,
Böyüyüb, sükuta tələsəcəksən…
Bax indi, bir mənəm nağıl danışan,
Böyüsən çoxundan eşidəcəksən…
Gecəni ac yatır cırtdanlar daha,
Bir dənə divlərdi evə tox gəlir.
Düşünmə çox bilib-çox yaşayaram,
Cırtdan nağıllarda divə xox gəlir.
“Kim yatmış-kim oyaq” nağıllardadı,
Yatmasan, qaçmağın yolları da var.
Ehh, bala, cırtdanlar divlərlə dostdur…
İndiki divlərin pulları da var.
Hər dəfə nağılın bu yerində mən
Cırtdana div deyib yenə çaşıram.
Sən gecə nağıla hazır olursan,
Mən səhər nağıla hazılaşıram.
Bir vaxt bu qaranlıq dərd idi mənə,
Bir işıq gəzirdim dərdimə ortaq.
Dünyanın işıqlı yeriymiş demə,
İndi sən yatdığın qaranlıq otaq.
Yumma gözlərini, inanma mənə,
O vaxt da uşaqlar səhər yatardı.
Mənə də dedilər “yat, divlər getsin”,
Məni də o axşam divlər apardı!..
Gün keçdi
Unutmağa çalışıram görürsən,
Götür bütün yaddaşımı, uzaqlaş.
Ən çətin iş mənə düşdü, bilirsən,
Bircə dəfə inad etmə, razılaş.
Səsin itir qulağımdan birinci,
sonra qoxun daha gəlmir burnuma.
Xatirən də “adam kimi” dil bilir,
darıxanda qaçır girir qoynuma…
İtirirəm səsindəki kədəri,
itir gedir qulağımdan gülüşün.
Bilirdim ki, mən də çətin adamam,
Bilirdim ki, buz olmaqdı vərdişim…
Bax, üzümün gülüşünün memarı,
dön mənə bax,
itir-batır üzümdəki əl işin,
Bir gün hər şey sona çatır ömürtək.
Yoxa çıxır nəhayətdə yox olur,
Sevgi elə zəhrimardı, bilirsən.
Bəzən ömür azlıq edir sevməyə,
bəzən adam özü belə çox olur…
http://edebiyyatqazeti.az