Heç kim sevgisini sübut edə bilmədi- Kəramət Böyükçöl

0

Pulum yox idi. Məhlədə qonşu ev tikdirirdi. Küçəyə bir maşın daş tökdürmüşdü. Daşın birini 10 qəpiyə 50 metr məsafəyə daşımaq lazım idi. Dedim, qonşu, fəhlə çağırma, qoy mən daşıyım, axşama təcili pul lazımdı.

Arabanı götürdüm, 4 saata o daşı daşıdım. Dəhşət yorulmuşdum. Özü də yayın ən qızmar günü idi. Tələm-tələsik gedib o pulla bir buket gül aldım, doğum günü idi, getdim beşinci mərtəbədə qapılarını döydüm, dəqiqliyi ilə yadımdadır, hətta pilləkanları qalxanda yıxıldım da, özü açdı, çox utancaq və çarəsiz bir şəkildə gülü ona uzatdım, gec gəldiyimə görə o da narahat idi, mən də. Gülü götürdü, aramızda heç bir söz olmadı, bir az gözlərimin içinə baxdı, sonra üzümdən öpdü. Öpməsəydi, ondan yaxşı idi. İstədim deyəm, sən mənim mamamsan üzümdən öpürsən?

Deyə bilmədim. İçəri girdi və qapını kilidlədi. İçimdə bir hiss vardı ki, o, “qlazok”dan mənə baxır. Bəlkə də baxmırdı. Amma məncə, baxırdı. “Qlazok”a əl elədim. Qaranlıq pilləkanları aşağı düşə-düşə hər qapının ağzından keçəndə yolumda bir işıq yanırdı.

Blokda nə qədər “qlazok” vardısa, elə bilirdim hamısından o, mənə baxır. Bəlkə də baxmırdı. Amma məncə, baxırdı.

Sonralar da heç vaxt ona demədim ki, bu gülü hansı pulla almışam. O isə elə başa düşdü ki, mən onu sevmirəm, ona görə gec gəlmişəm. Mən onun yanında heç vaxt özümü alçaltmaq istəmirdim, deyə bilməzdim qonşunun daşını daşıyıb sənə gül almışam. Əksinə, razı idim ki, qoy elə bilsin onu sevmirəm, amma daş daşıyıb ona gül aldığımdan xəbəri olmasın. İçimdə mənasız bir qürur vardı.

Həmişə mənə deyirdi ki, sən uşaqsan, nə vaxtsa böyüyəcəksənmi? Onda çox hirslənirdim. Aramızda nələr oldu, nələr! Ayrıldıq! Məlum oldu ki, doğrudan, düz deyirmiş, mən həqiqətən də uşaq olmuşam. Həm də çox eqoistəmmiş! Əslində, eqoist də deyildim. Sadəcə, mən elə bilirdim o məni sevmir, o isə elə bilirdi mən onu sevmirəm. Heç kim də sevgisini sübut eləmək istəmirdi.

Gecə danışıqlarında ikimizin də ürəyində qorxu hissi vardı, düsünürdük ki, kimin birinci yuxusu gəldisə, kim birinci sağollaşdısa demək, o, az sevir.

Sonra illər bütün qedi-qoduların üstündən qalın bir asfalt çəkdi. Heç özümüz də bilmədik ki, biz niyə ayrıldıq. Heç kim sevgisini sübut edə bilmədi. Daha doğrusu, sübut eləmək istəmədi. Son ana qədər mən gözləyirdim ki, o desin, ayrılmayaq.

Sonra rəfiqəsi Nilufər dedi ki, o da gözləyirdi ki, sən deyəsən, ayrılmayaq. Heç kim demədi və beləcə hər şey bitdi. Bir dəfə fürsətdən istifadə edib Park Bulvarda soruşdum: biz niyə ayrıldıq? Gördüm, məni ciddiyə almadı. Bildim ki, qəsdən belə edir. Guya vecinə deyiləm. Mən də özümü çox sındırmadım, zarafata saldım getdi. Guya bu suala cavabın mənim üçün də o qədər əhəmiyyəti yoxdu. Amma həmişə düşünmüşəm ki, kimsə gedib ona desəydi ki, o vaxt o gülü sənə daş daşıyıb almışdı, bəlkə məni anlayardı. Heç kim demədi. Heç özüm də demədim.

Və… “dünya dağılmadı biz ayrılanda, göylər bir azca yağış çilədi ancaq!” Bilirəm, hind kinoları ən müqəddəs hisslərimizi lağlağıya çevirdi, amma mən onda çox təmiz idim, içim kirlənməmişdi. Getdi o günlər! Daha zırt kiməsə görə daş daşıyıram. Daha kiməsə görə bir addım da o tərəfə qoymağa halım yoxdu. Tualetə getməyə ərinirəm. Özümü yırtıcı heyvan kimi hiss edirəm. Bir azdan üstümdə bıçaq gəzdirəcəm.

Bircə qızımın gözlərinin içinə baxanda bir az rahatlaşıram. Onunla qumlu bir dəniz sahilində oturmaq istəyirəm. İstəyirəm, qucağımdaca yuxuya getsin. İstəyirəm, dənizdən əsən meh qızımın saçlarını yuxarı qaldırıb onun alın yazısından öpsün. İlahi, qızım həyatın bu amansız qayda-qanunları ilə təkbətək qalmasın. Həyat onu döyər, incidər, ak eləyər, onda da atasının ürəyi partlayar.

Kəramət BÖYÜKÇÖL

Paylaş

Şərh yaz