İlqar Kamil yazır: Bu yazının heç kimi yoxdur..

0

Qarlı dağlar aşıb, çox ellər dolaşmasa da xeyli yol gəlmişdi, yəni hardasa 60, 70 illik bir yol. Gəlmişdi ki, bizə də göstərsin o mübarək yolu; xəritə qoysun qabağımıza, nə bilim, vəsf eləsin, əlamətlərini desin. Biz bu gün nəhayət ki, xoşbəxtliyin it hürən tərəfdəmi, yoxsa işıq yanan tərəfdə olacağını biləcəkdik, biz bu gün xoşbəxtdik.

Salam, kalam, xoş, beş, on beş… aldı əlinə təbaşiri, yazı taxtasına bircə bunu yazıb əyləşdi:

Özünüzün nəyisiniz – bütün məsələ bu!

Sinif dəydi birbirinə, elə bil, dənizin ortasına yekə, çox yekə bir daş atdılar; bərk çalxalandı, kükrədi dəniz, bir neçə dəfə şahə də qalxdı hətta sahilin üstünə, sonra dalğa-dalğa, ləpə-ləpə sakitləşdi. Uşaqlar növbəylə danışmağa başladılar. Biri – mən özümün dostuyam, -dedi.- uşaqlıq dostu! Bir digəri özünün düşməni olduğunu söylədi və belə əsaslandırdı fikrini: çox incidirəm özümü, sanki pusquda durmuşam, bir xəta edən kimi kəsirəm qabağını – danla ki danlayasan! Həyatı mənə zəhər eləyən kimdir – özüm! Xoşbəxt olmağıma ən böyük əngəl kimdir – yenə də özüm! Bəli, cənab psixoloq, mən özümün bir nömrəli düşməniyəm!

Sonra sinifin estetikası qalxdı ayağa, uzun saçlarını daraq əlləriylə çiyinlərində yerbəyer eləyib buyurdu ki, heç kim inciməsin, mən özümün fanatıyam, günümün yarıdan çoxunu aynanın qabağında keçirməyimin də səbəbi bu – mən özümə aşiqəm!

Uşaqların gülüşü qəfil qırılmış boyunbağı dənələri kimi səpələndi otağa…

Ardınca bir neçə maraqlı çıxış da oldu:

Mən özümün müəllimiyəm! Hər gün nəsə öyrədirəm özümə, hər gün yoxlayıram yazdıqlarımı, etdiklərimi, imtahana çəkirəm, qiymət verirəm, olur ki, danlayıram… özümü küncə qoyduğum da az olmayıb, doğrusu…

Mən özümün sevgilisəyəm, nişanlısı. Nə qədər küsüb barışmaq olar, ilahi… nə qədər dava-dalaş, qısqancliq… kənardan baxan da deyər bitdi hər şey, amma uzağı bir gün küsülü qalaq, qalmayaq; bir çimdiklə alıram könlümü, inanırsız?… Gülməyin, yəni belə deyim də, mən başımın bəlasıyam, tatlı bəlası…

Mənsə özümün qatiliyəm, müəllim! Pis-pis vərdişlərlə, bədbin həyat tərziylə gün-bəgün özümü öldürürəm, fərqindəyəm, həm də fərqindəyəm ki, mən gözümün önündə baş verən bu cinayət işinə əngəl ola bilmirəm… kimə deyim, hara şikayət edim? Ölən də özüməm, öldürən də…

Mənsə vətəniyəm özümün! Başqa-başqa ölkələrdə gəzsəm də ölməyə mütləq özümə qayıdıram. Yəni əslində mən özümün qəbriyəm, məzarıyam, baş daşıyam!

Bəs mən? Mənsə özümün memarıyam! Anba-an, saatba-saat yaradıram özümü, zəhmətli işdir, bilirəm, amma dayanmaq olmaz, mən böyük bir əsər üzərində işləyirəm, və o əsəri yalnız qiyamət günü göstərəcəklər mənə. Mən o günə özümü görməkçün tələsirəm. Yəni… yaratdığım əsər özümə də sürpriz olacaq… Yəni belə deyim də: mən özümün həm memarı, həm əsəriyəm!..

Beləcə fikirlər bayraq kimi, ciddi-ciddi dalğalandı sinifdə, və birdən kimsə gərginliyin üstünə su səpmək istədi:

İcazə verin mən də deyim fikrimi: güləcəksiz, amma tam səmimi, mən özümün qaynanasıyam!

Bir digəri: ona qalsa mən də özümün sponsuruyam! Ha, ha, ha…

Bir digəri: mənsə özümün vəkiliyəm…

Lap sonda ruhu üzündə bir sısqa qız qalxdı ayağa, mənsə özümün anasıyam, dedi, kövrəldi… sonra üzünü müəllimə tutdu: bəs siz, müəllim, siz kimisiniz özünüzün?

Tutuldu müəllim, dondu, mən… mən… – dedi:

mən… özümün… artıq heç kimi!

Paylaş

Şərh yaz