Pərvin Nəsirsoyun qələmindən- Ruhuma toxunuş

0

Mən darıxanda adətən bütün işimi- gücümü atıb darıxmaqla məşğul olmaq istəyirəm. Belə də edirəm. Çünki darıxmaq, məncə, insana verilən ən böyük nemətdir. Adam darıxanda öz içinə boylanmağa, öz-özü ilə tək qalıb dərdləşməyə fürsət tapır. Özündə əvvəllər fərqinə varmadığı bir çox şeyləri görməyə başlayır, bir sözlə, özünü kəşf edir. Əks təqdirdə, həyatın qaça-qaçında özüylə tanış olmağa vaxt tapmayan yazıq insan, özündən bixəbər bu dünyanı tərk edərdi.
Bu tanışlıq fürsətini qaçırmamaq üçün darıxanda təkliyə və sakitliyə çəkilirəm. Bilmirəm nədəndir, ən çox şam vaxtı darıxıram. Günəş batır və ardınca məşum bir qaranlıq çökür yer üzünə. Deyəsən, yer üzünün bu halına yanıram. Bayaqdan günəşini gözümə soxan Yer indi qaranlığa elə səssiz-səmirsiz təslim olub ki, ona yazığım gəlməməyi mümkün deyil. Nə olsun ki, bayaq əlindəki güclə mənə meydan oxuyurdu. İndi mən də ona meydan oxusam, ondan nə fərqim olar ki?!

Axşamın o səssizliyini qucaqlayıb otururam və səmanın yüksəkliklərinə dalıram. Quşların azad uçuşunu seyr etmək xüsusi zövq verir. Darıxmağıma bir ovuc od da əlavə edir. Dərindən nəfəs alıram. Ciyərlərimə daxil olan oksigenin qanıma sovrulduğunu, oradan da beyin hüceyrələrimə necə can verdiyini hiss edirəm. Küləyin üzümə sığal çəkməsi məni lap kövrəldir. Yarpaqların xışıltısını dinləyirəm. Bütün təbiətin mənimlə,sanki, bütövləşdiyini hiss edirəm. Bu çox möhtəşəm hissdir…

Dərdlərim yadıma düşmür desəm, yalan olar. Düşür, amma əsas fonda deyil. Əsas fonda nə olduğunu soruşsanız, konkret cavabım da yoxdur. Bəlkə də heç nə düşünmürəm deyə darıxmağı xoşlayıram. Bütün günü hər şeyi ölçüb-biçən ağlım, sanki dincəlir və onun bu xaosuna ürəyim elə gözəl rəhbərlik edir ki! Deyəsən, mənə zövq verən də məhz budur. Ürəyim istədiyi qədər hayqırır, ağlayır, gülür, sevinir,kədərlənir. Ağlımın zəncirini əlinə alıb, bütün hisslərin ən zirvəsini doyunca mənə yaşadır.
Darıxmaq mənə məni yaşadır. Sanki, əlimdən tutub məni öz ruhuma toxundurur və bu sehirli toxunuşu bütün varlığımla hiss edirəm.

Pərvin Nəsirsoy

Paylaş

Şərh yaz