QADIN (ZORAKILIQ və XƏYANƏT)- Azər Elşadoğlu yazır

0

Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsinin yaydığı məlumatda deyilirdi ki, qadının öldürülməsi ehtimalı ən yüksək olan yer onun yaşadığı mənzildir. İstisnaları xaric etsək, yəni qadın adətən ailə zəminində öldürülür.

Dünya üzrə il ərzində təqribən 87 000 qadın qətlə yetirilir. Onlardan yarıdan çoxu yaxınları tərəfindən öldürülür: yəni təxminən 30 min qadın partnyoru tərəfindən, daha 20 min qadın isə qohumu tərəfindən öldürülür. Rəqəmlər hər il üçün aşağı-yuxarı bu formada dəyişir.

Bəs il ərzində öldürülən kişilərin sayı nə qədərdir?

Gəlin paralel aparaq.

Həmişə qeyd edirəm ki, mənə görə, zorakılığın cinsiyyəti yoxdur. Bunu BMT-nin anketləri ilə də sübut etmək mümkündür. Təəccüblüsü budur ki, eyni təşkilatın topladığı məlumatlar göstərir ki, il ərzində “qəsdən adam öldürmə” nəticəsində həyatlarını itirən kişilərin sayı qadınlardan nə az, nə çox — düz 4 dəfədən də artıqdır. İl ərzində təxminən 350 000 kişi (təbii ki, bura müharibələr daxil deyil) qətlə yetirilir. Bu, dünya miqyasında qəsdən adam öldürmənin 79 faizi deməkdir. Dünya miqyasında qətl nəticəsində ölən qadınların nisbəti isə 21 faizdir.

Maraq üçün qeyd edim ki, BMT Cinayət Bürosunun Qlobal Cinayət Anketinə görə, Avropada qadın ölümləri ilə nəticələnən cinayət hadisəsi dünya miqyasında analoji cinayət hadisəsinin ortalamasından (21 faiz) daha çoxdur – yəni 28 faiz. BMT rəqəmlərinə görə, Türkiyə isə bu rəqəm 21 faizə bərabərdir.

Hesabatda qeyd olunur ki, qəsdən adam öldürmə hallarının hər 10 qurbanından 8-i kişi cinsindəndir. Yalnız 2 nəfər qadınlar payına düşür.

Bununla belə, intim partnyor tərəfindən öldürülənlərin hər 10 qurbandan 8-i qadındır. Və bu qadınların ümumi sayı, yuxarıda qeyd etdiymiz kimi, 30 mindir və unutmayaq ki, 20 min də qohumları tərəfindən öldürülən qadınlar var idi. Qadınlar üçün bütün istisnaları, haqsızlıqları, yanlış anlaşılmaları, səhvən öldürülmələri, şiddət və zorakılıq hallarını da nəzərə alıb demək olar ki, mövcud rəqəmin nüvəsini məhz xəyanət motivi təşkil edir.

Dünyada xəyanət üstündə yaxalanan və öldürülən hər qadın adətən xəyanət etdiyi kişi cinsi ilə birlikdə öldürülür, hətta bəzi təcrübələr göstərir ki, kişi cinsi öldürülsə də, bəzən qadına toxunulmur. Arvadının əlaqədə olduğu kişini öldürüb “içəri” gedən adam da N qədərdir, elə ondan sonra başqası ilə analoji aktı gerçəkləşdirən qadın da N qədər. Yəqin ki, bu dialoq sizə də yad deyil, “Qardaş, boşa getsin, sən də onu belə cəzalandır, gedib oğlanı öldürəcəksən, düşəcəksən içəri, qız da öz peşəsinə (ən yumşaq halda) davam edəcək”. Əlbəttə, qadını öldürüb kişiyə toxunmayan əks nümunələr də mövcuddur. Ona görə də kişilər arasında qəsdən adam öldürmə halları bu qədər çoxdur, çünki belə halda öldürən də, öldürülənlərdən biri də kişi olur.

Buradan həm də belə bir nəticə çıxarıram: dünya üzrə öldürülən kişilərin sayının bu qədər vahiməli olması, əslində, onların cəmiyyətin öndə olan üzvü olduğunun göstəricisidir. Məhz kişi adətən çətinliklərə sinə gərən lokomotivdir və hədəfdədir, qadınlarsa adətən səhnə arxasındadırlar. Saylar bunu göstərir.

BƏS XƏYANƏT?

Mövzuya bir qədər dolayı gələcəm. Amerikada boşananların 93%-i yenidən evlənir, təkrar evlənənlərin 76%-i yenidən boşanır və həmin boşananların 93%-i də yenidən evlənir. Sonra isə yenə də boşanırlar.

Məsələn, seriallar vasitəsilə ölkəmizə tirajlanan “sevgi-məhəbbət” dastanları ilə dolu olan Türkiyədə boşanma nisbətindəki rəqəmlər olduqca maraqlıdır. Məlumatlara görə, ilk nikahda boşanma nisbəti 5%, ikinci nikahda 11,5%, üçüncü nikahda 28,5%, dördüncü nikahda isə 55,7% təşkil edir. Yəni boşandıqdan sonrakı evlilikdə heç də hər kəsin “əli bala batmır”. Bu halda yenidən boşanma riski birinciyə nisbətən ən azı 2-3 dəfə çoxdur. Daha da maraqlı fakt odur ki, bu qruplar içində boşanma səbəbi kimi birinci sırada xəyanət gəlir və hər il bu rəqəmlər artır. Şiddət və zorakılıq isə sadəcə xəyanətdən sonra qərar tutur.

Ölkəmizə gəlincə, son 10 ildə boşanmaların sayı 146% artıb. Boşanma səbəbləri barədə real rəqəmlər demək çox çətindir. Sadə bir araşdırma aparmaq barədə özünüzə əziyyət versəniz və ya bu səhədə real və dəqiq statistik rəqəmlər hər il açıqlansa, əmin olun ki, ən yüksək xətt üzrə inkişaf tempi xəyanət amilindədir. Burada isə alışdığımız klassik “kişi xəyanəti”ndən çox, qadın xəyanətinin boşanmaya səbəb olmasının şahidi olacaqsınız. Bunu mən demirəm, istənilən dəqiq və real statistik nəticələr və mütəxəssis rəyi bunu təsdiqləyə bilər. Bu bir faktdır ki, xəyanətlə əlaqədar boşanmaların sayı həddindən çox artıb.

Təbii ki, xəyanətə istər sosioloji, istərsə də psixoloji məqamlar şərait yarada bilər. Bu, ayrı bir mövzudur və adətən insanlar “şərait yaratmaq” amili ilə “əsas yaratmaq” amilini səhv salıb, xəyanətə bəraət qazandırırlar. Halbuki xəyanət elə hüquqi cəhətdən də sivil davranış kateqoriyasına daxil deyil, çünki Ailə Məcəlləsinin 64-cü maddəsi valideynlik hüququndan məhrum etməyə həsr olunub və buraya qadının analıq hüququndan məhrum edilməsinə qanunverici səbəb kimi məhz onun qeyri-etik həyat tərzi sürməsi də daxildir.

Maraqlı məqam ondan ibarətdir ki, praktikada atalıq hüququndan məhrumetmə halları daha çox alimentin ödənilməməsi ilə bağlıdırsa, analıq hüququndan məhrumetmə halları daha çox ananın qeyri-etik davranış nümayiş etdirdiyinə görədir. Bunu da nəzərə almaq lazımdır ki, qanunverici, valideyinlərin hər ikisinə də bərabər yanaşma nümayiş etdirsə də, təcrübədə ananın valideyinlik hüququndan məhrum edilməsi məsələsində məhkəmələr təbii hüququn prinsipləri baxımından adətən ananın mövqeyinə daha çox həssaslıqla yanaşırlar. Yəni qərb qanunvericiliyindən fərqli olaraq, bizdə milli və mənəvi dəyərlər əsas götürülüb, adətən anaya bir baş üstünlük verilir, deməli, analıq hüququndan məhrum etmə halları adətən geriyə yol mümkün olmayanda baş verir. Təbii ki, bir çox sahələrdə olduğu kimi, burada da sui-istifadə halları mümkündür.

Makarenko boşanma nəticəsində ailənin dağılmasına görə cəmiyyət qarşısında valideyn məsuliyyəti, övlad qarşısında valideyn borcu məsələsi kimi yanaşaraq, atalara müraciətlə belə deyirdi: “Əgər sizin iki uşağınız varsa və arvadınız gözünüzdən düşübsə, başqasını sevirsinizsə, yeni hissinizi söndürün. Pis də olsa, çətin də olsa, siz bu hissinizi söndürməlisiniz. Ailənizdə ata kimi qalın. Siz bunu etməlisiniz, çünki sizin uşağınız gələcəyin vətəndaşı kimi böyüyür, buna görə də məhəbbət səadətinizi müəyyən dərəcədə qurban verməlisiniz. Niyə uşaqlar eşqə düşmüş ataların əvəzinə cavabdeh olmalıdırlar?”

Təəssüf ki, elə bir mərhələyə gəlib çıxmışıq ki, Makarenkonun bu müraciəti, nə qədər çətin də olsa, qadınlar üçün də aktuallıq qazanıb.

Elə isə, gəlin ölkədə ailələrdə qarşılıqlı münasibətlərə xələl gətirən amillərə diqqət yetirək. Bir çox mütəxəssislərə görə, bura həyat səviyyəsinin həddindən aşağı olması, yoxsulluq, işsizlik kimi iqtisadi amillər; ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat tərzi sürməsi – sərxoşluq, narkomaniya, əxlaqsızlıq və s. kimi sosial amillər; ailədə zorakılıq, aqressivlik, hədsiz qısqanclıq, ərin və arvadın sədaqətsizliyi, xarakter müvazinətsizliyi (çılğınlıq), tələbat və maraqların toqquşması, hökmranlıq iddiası, fərdiyyyətçilik, şübhəlilik, ailədə mənfi emosional mühit və s. kimi psixoloji amillər; xroniki zöhrəvi və infeksiyalı xəstəliklər, psixi pozuntular, cinsi uyğunsuzluq və s. kimi tibbi amillər daxildir.

Mən boşanmaların ən “mədəni səbəbləri”ni pedaqoji amillər hesab edirəm. Yenə mütəxəssislərin rəylərinə əsasən, bura aşağıdakı hallar daxildir: mənəvi dəyərlərdə, dünyagörüşü məsələlərində, uşaqların tərbiyəsinə münasibətdə əks mövqelər; ər və arvadın bir-birini yenidən tərbiyə etmək və xasiyyətini dəyişdirmək cəhdi; qarşılıqlı anlama, hörmət, diqqət və qayğının olmaması, mədəni davranış və nəzarət qaydalarına əməl edilməsi; yaxşı işin qiymətləndirilməməsi, qiymətləndirmədə haqsızlıq, ədalətsizlik, bir-birinə münasibətdə dözümsüzlük, bezdirici tənqid, zəhlətökən iradlar və öcəşmələr, müntəzəm şikayətlər; güzəştə getməyi bacarmamaq, xoş söz, xoş üz və xoş rəftarın olmaması və s.

Siz də araşdırdığınız zaman görəcəksiz ki, nə iqtisadi, nə sosial, nə psixoloji, nə də tibbi səbəblərin heç biri çağdaş dönəmdə ailə institutunu xəyanət amili qədər təhdid etmir. Mən heç bir halda kişi xəyanətinə və zorakılığına haqq qazandırmıram, bir dəfə demişdim, qadınından sədaqət gözləyən kişi özü də sədaqətin simvolu olmalıdır. Amma modernləşən, kommunikasiyalaşan dünyada xəyanət üçün o qədər münbit zona yaranıb ki, indi əri gecə işində növbə çəkərkən evə “sevgili” gətirən, daha rahat hərəkət etsin deyə, ərindən gizli ikinci telefon işlədən, ərinin aldığı maşınla sevgilisi ilə gəzməyə gedən qadın obrazı da N qədərdir və insanlar, günlərin bir günü həmin qadınlar öldürüləndə xəbər tutub, adına şiddət deyirlər. Çağdaş media, xüsusən də sosial media bu mənada çox manipulyativ və amansızdır. Əlbəttə, öldürənə heç bir halda bəraət qazandırmaq mümkün deyil, lakin modernlik adı altında naşı insanlara təqdim olunan bu gözqamaşdırıcı fenomenlər həm öldürən üçün, həm də öldürülən üçün o ana qədər əlindən gələni əsirgəməyib axı. Bunu nəzərə alıb, səbəblərlə mübarizə aparmaq lazımdır. Təəssüf ki, cəmiyyət olaraq, hələ də nəticələrə fokuslanmışıq.

Gəlin bir az da məsələnin kökünə gedək. Heç kəsə sirr deyil ki, sosial şəbəkələr, xüsusilə “facebook” ölkədə 2010-cu ildən etibarən populyarlaşmağa başladı. Yadıma düşür, həmin ərəfələrdə mən jurnalist işləyirdim, bir dəfə redaksiyadan əməkdaşlar Hüseyn Cavid prospektində “Evinizdə internet istifadəsinə icazə verirsinizmi?” adı altında sorğu keçirmişdilər, sorğuya qatılan insanların əksəriyyəti qəti şəkildə internet istifadəçisi olmadığını bildirmişdilər, hətta bunu əxlaqsızlıq kimi təqdim edirdilər. Elə məhz həmin dövrdən başlayaraq, yəni 2010-2017-ci illərdə bağlanan nikahların və boşanmaların sayına diqqət edək. Nikah sayı 79 172-dən 62 923-ə qədər azalıb. Boşanmaların səviyyəsi isə 9061-dən 14514-ə qədər, yəni 11.4%-dən 23%-ə qədər, iki dəfədən çox artıb. Halbuki statistika komitəsinin verdiyi məlumata əsasən, 1993-2010-cu illərdə bağlanan nikahların sayı 60028-dən 79172-yə qədər artıbmış, buna nisbətdə boşanmaların sayı isə 6564-dən 9061-ə, yəni, 10.9%-dən 11.4%-ə qədər, sədəcə 0.5% artıbmış.

Göründüyü kimi, sosial şəbəkələrdən istifadə kütləviləşməyənə qədər Azərbaycanda 17 il ərzində boşanma səviyyəsi artmadığı təqdirdə, sosial şəbəkələrdən istifadə kütləviləşəndən sonra boşanmaların səviyyəsi cəmi 7 il ərzində 12% artıb. 2017-ci ildə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, evlənən hər 4 adamdan biri boşanır.

Səbəb?

İnsanlar maarifləniblərmi? Daha sivil olduqlarına görədirmi? İndi öz hüquq və azadlıqlarını daha yaxşı bildiklərinə görədirmi? Bu qədər sadəlövh olmaq olmaz. Hər zaman deyirəm, bir cəmiyyət hansısa bir prosesə hazır deyilsə, onunla necə davranmalı olduğu barəsində praktik təcrübələrə və vərdişlərə malik deyilsə, onu həmin fenomenlə tanış etmək əks effekt verəcək.

Əslində, bu proseslər internetin inkişaf etdiyi bütün dünya ölkələrində gedir. AMEA-nin elmi işçisi, fəlsəfə doktoru dosent Rauf Məməddov özünün geniş gender araşdırmasında qeyd edir ki, “Slater and Gordon” hüquq firması müəyyən edib ki, dünyada hər 7 ailədən biri sosial şəbəkələr ucbatında dağılır. “Dünyada hər 5-ci cütlüyün sosial şəbəkələrdə həyat yoldaşının ona xəyanət edib-etmədiyini araşdırır, hər 4-cü cütlük ən azı həftədə bir dəfə öz tərəf-müqabili ilə internetdən istifadəyə görə mübahisə edir. Bu tendensiya, ilbəil artır… Təbii ki, burada internetin xəyanətlərdə oynadığı rolu deyil, daha çox, onun insanların ünsiyyətində və psixoloji strukturunda oynadığı rolu gündəmə gətirmək lazımdır. Çünki müşahidələr göstərir ki, internet yeni tip ifrat individualist şəxslərin formalaşmasına təsir göstərir. Bu şəxslərdə formalaşan eqoizm xüsusiyyətləri və ünsiyyət problemləri, ailə qurumunun dağılmasına və zəifləməsinə səbəb olur. Çünki ailə fədakarlığa, qarşılıqlı məsuliyyətə əsaslanan sosial varlıqdır. Sosial şəbəkələr xəyanət hadisələrinin genişlənməsinə operativ şərait yaradır. ABŞ-nın ailə hüququ üzrə vəkillər akademiyasının araşdırmaları sübut edir ki, Birləşmiş Ştatlarda hər 5 boşanma işinin 1-nin səbəbi sosial şəbəkələr (xüsusilə, “Facebook” 66%) vasitəsilə baş verən xəyanət ilə bağlıdır. Almaniyada isə, hər 4 boşanma işinin 1-nin səbəbi sosial şəbəkələr vasitəsilə baş verən xəyanətlərdir. 2016-cı ildə Azərbaycanda qeydə alınan (13114) boşanmalardan 413-ü xəyanət səbəbindən baş verib”.

Təbii ki, bu rəqəm həqiqəti əks etdirmir. Çünki adətən məhkəməyə müraciət edənlər xəyanəti, xüsusən də qadın xəyanətini boşanma səbəbi kimi qeyd etmirlər, mental faktorları nəzərə alan tərəflər bunun əvəzində səbəb kimi “xasiyyətlərin uyğunsuzluğu” və ya “anlaşmamaq” versiyasını təqdim edirlər. Ona görə də rahatlıqla bu rəqəmin daha böyük olduğunu ehtimal etmək olar…

Nəhayət, milli və mənəvi ailə modelimizi təhdid edən istənilən baxış bucağının qarşısındayam, istər kişimərkəzli olsun, istər qadınmərkəzli.

Evinizə dönün, evinizə sahib çıxın, evinizi qoruyun. İstisnalar heç bir halda ümumi qaydanı pozmur.

P.s. Dünyada xəyanət üstündə boşanma faizinin ən az olduğu ölkələrin bəlkə də başında Rusiya gəlir. Özünüz bildiz də niyə?! Əgər bilmirsizsə, Rusiyadakı qohumlarınızdan, dost-tanışdan soruşa bilərsiz.

Azər Elşadoğlu.

Paylaş

Şərh yaz