Ayə, ölüf…ölüf – Rauf Ra yazır

0

Bir siqaret yandırıb gözlərini də qoyursan eləcə yol çəkməyə. Çünki bu yolnan istədiyin yerə getmək elə də çətin deyil. Bəlkə də ölkədə təmirdə olmayan yeganə yol elə bu yoldur.

Biraz gedirsən, görürsən, ölkədə seçkilərdi, ölülər də yığışıb axın – axın gəlirlər Şeyx Nəsrullaha səs verməyə. Həm də ki, onlara bir yox, topa-topa bülletenlər verilir axı. Baxmayın da, qəbirdən xortlayıb o boydana yol gəlirlər, o boyda yol gələnlərə cəmisi bir bülleten vermək hörmətsizlik olar. Bizdə ölünün hörməti hər vaxt saxlanlıbdı. Mütləq topa – topa olsun gərək.

Ən şarlatan adamı belə öləndən sonra tərifləyən biz deyilik? Niyə də verməyək?!

Bu qədər ölü seçicinin içində gözlərin başlayır sağ olanlardan kimlərisə axtarmağa, amma bu həddən artıq çətin məsələdir, çünki sağ qalanların da çoxusu kefli iskəndər kimi “hamı bilir biz öz dərdimizdən içirik” – deyib öz kef-damağındadır. Onlara da adamın yazığı gəlir. Ölülərin at oynatdığı meydanda, bir dəri bir sümük qalmış eşşəklə nə edəsən ki. Uzaqbaşı gəldiyin yolu geri qayıda bilərsən. O da yazıq eşşək ölməsə.

Amma adam bir şeyə də sevinir ki, hər dəfə olduğu kimi bu seçkilərdə də tarixə düşdük. Axı, dünyada bizdən başqa heç bir ölkə ölü ilə diriyə bərabər seçki hüququnu vermir. Bu da yəqin gələcəkdə tarix kitablarında “gorlu – kəfənli şaquli inkişafımız” başlığı ilə öz xüsusi yerini tutacaq.

Ölüyə də rəhmət düşür, diriyə də…

Bülletenlərə baxırsan, görürsən ki, ildən-ilə kökələn məmurlara, bülletenləri atmaq üçün seçki qutularında ayrılmış yerlər isə genişlənən kreslolara bənzəyir. Necə deyərlər:
Yağış nə qədər bol olsa, bağ – bostanda bir o qədər bolluq olar…

Yağış da yağdı, bağ – bostan da bayram etdi. Bulud tələsdi, külək gecikdi, tufan gəldi yenə müəllimlərin başında partladı. Çörəyi elə bağdan, bostandan çıxan müəllimlərdən başqa söyülməyə kim var ki? Düzdür, onlar da dəstamazlarını pozublar, amma gəl ki, bizim dilimiz də, əlimiz də elə təkcə ayağa çatır, başa yox. Məktəb müəllimlərini qoyub başqa “müəllim”ləri söyməyəcəksən ki.

Adam həmişə soyuğu birinci ayaqdan çəkməyə başlayır…

Onsuzda ölkədə bütün işlərin sonunda, Kefli İskəndərlər dil açıb nəsə demək istəyəndə Şeyx Nəsrullahlar çoxdan qaçıb öz kreslolarına sahib çıxırlar. Pəncərədən, qapıdan, hardan oldu, fərq etməz, qaçmaq üçün yer tapmaq işin ən asan tərəfidir.

Amma, di gəl ki, adam bir şeyi də, görməzdən gəlmək istəmir, əlbəttə ki, MSK-nın bir xeyir əməlini də unutmaq olmaz, fevral ayının 9-u bircə günlük də olsa heç kim özünü yetim hiss etmədi…

Allah sizə can sağlığı versin, ölülər…

Rauf Ra

Paylaş

Şərh yaz