Çağdaş musiqimiz, tələblər və təkliflər- Nicat Həşimzadə

0

Tələb və təklif qanunu iqtisadiyyatın aparıcı qanunudur. İndi sənət adamları iqtisadiyyatın başlıca prinsipi sayılan tələb- təklif prinsipini sənətdə tətbiq etmək istəyir. Ancaq anlamır ki, incəsənət tələb və təklif prinsipindən daha böyük anlayışdır. Məsələn, cəmiyyət səndən bayağı mahnı istəyə bilər, bayağı olub- olmamaq sənin öz iradəndən asılıdır. Əgər sən bayağı mahnıları pul qazanmaq üçün oxuyursansa halal xoşun olsun, indi toylarda onsuz da ciddi musiqi dinləyən yoxdur. Bir məqam var ki, müğənnilər həmin bayağı mahnıları efirdə də oxuyurlar. Tənqidə də qətiyyən dözümləri yoxdur, tənqid bir yana qalsın, bəzi müğənilərə qarşı bircə gün laqeydlik göstərsən adamı məhv edərlər. Televiziya kanalları nəyə görə bayağılığı təbliğ edirlər? Axı həyat sadəcə bayağılığı təbliğ etməklə pul qazanmaqdan ibarət deyil. Bu məsələdə bəzi saytları da qınamaq lazımdır. 2017 – 1018-ci illərdə Kitabıstanda 60-dan çox film və kitab müzakirəsi etmişik. Amma saytların əksəriyyəti bu müzakirələr haqqında heç bir reportaj yazmayıblar, heç müzakirə ilə bağlı eventlərin xəbərlərini də verməyiblər. Biz kitab müzakirələrinə, debatlara qarşı laqeyd münasibət göstərdikcə bayağılığa, bozluğa məğlub olacağıq. Maraqlı məqamlardan biri də budur ki, hər 10 adamdan 9 – u deyir ki, televizora baxmıram. Əgər televizora baxmamaq kimi bir ənənə yaranıbsa bəs reytinqi nəyin əsasında müəyyən edirlər? Türkiyədə məşhur reytinq mərkəzlərinin birində istintaq qrupunun axtarışı zamanı məlum oldu ki, növbəti həftənin reytinq cədvəli artıq hazırdır. Reytinqlə oynamaq həm də gələcək nəsillərin mənəviyyatı ilə oynamaq deməkdir. Ancaq düşünəndə ki, facebookda da bayağı məsələlər tez zamanda aktuallaşır, belə məlum olur ki, problem televiziyadan daha çox öz düşüncəmizdə, həyata baxışımızdadır.

Sokrat deyirdi ki, bir xalqı məhv etmək istəyirsinizsə onun musiqi zövqünü korlayın. Necə oldu ki, Rəşid Behbudovu, Rübabə Muradovanı, Xan Şuşinskini, Akif İslamzadəni dinləyən xalq bu gün bayağı musiqilər dinləyir. 30 il ərzində necə olub ki, bu qədər dəyişmişik? O zamanlar televiziyaya çıxmaq çox çətin olub. Bədii şura hər müğənnini efirə çıxmağa qoymurdu, hər mahnının ifasına icazə vermirdilər, mahnının musiqisinə baxırdılar, sözlərini təhlil edirdilər. Sanki 70 il əsarət altında yaşadığımıza görə azadlığa acımışıq və indi biz azadlığımızı vəhşicəsinə yaşamağa çalışırıq. Elmi kommunizmi məcburən öyrənən, cins şalvar almaq üçün növbələrdə gözləyən nəsil azadlığa qovuşan kimi özünü itirdi. Yeni epoxanın başlanğıcında yaranan çaşqınlığa görə onları qınamaq olmaz. Dünyanı heyrətləndirən bir imperiya süqut etmişdi. İnsanlar imperiyanın tənəzzülünü həm də həyatlarının bölünməsi, dağılması kimi başa düşür, bu süqutu həzm edə bilmirdilər. Yaranan qarışıqlıqdan ara müğənniləri, ara yazarları istifadə etdilər və layiq olmadıqları hörməti, mövqeni qazandılar. Azad televiziya kanallarının təbii ki, kommersiya maraqları var, bu maraqlara görə onları qınamaq olmaz. Ancaq və lakin, hər bir vətəndaş öz vətəndaş məsuliyyətini dərk etməlidir. Kapital qazanmaq üçün 20 saatı bayağı məsələrə ayırıb, digər 4 saata ciddi informasiyalar vermək olar. İşin daha betər tərəfi də var. Məsələn, Mədəniyyət kanalı, İctimai televiziya yetərincə ciddi verilişlər təqdim edir, Xalqımız bu verilişlərə baxırmı? Televiya kanallarımız səviyyəsizdir deyən adamların əksəriyyəti ciddi verilişləri izləmir, ümumiyyətlə Mədəniyyət kanalında yayımlanan sənət tarixi, bioqrafik bilgilər, ciddi sənədli filmlər haqqında heç bir məlumata malik deyil. Heç xəbəri yoxdu ki, bioqrafiya nədir, sənədli film nədir və s. Hər şeydən xəbərsizdir, amma hər kəsi tənqid etmə haqqına sahib olduğunu düşünür.
Musiqi incəsənətin xalqa ən yaxın olan sahəsidir. Bu səbəbə görə Sokrat xalqın zövqünün korlanmasında musiqinin böyük əhəmiyyətindən danışırdı. Mən adamlar görmüşəm ki, övladının təhsilinə pul xərcləməyib, toyunda bir müğənniyə 10 min manat xərcləyib. Biz harada səmimiyik? Övladlarımızı oxutmağa pul tapmayanda, yoxsa onların toyunda 10 min, 20 min manat xərcləyəndə? Bəlkə, eqomuzu kənara atıb bu məsələlər haqqında ciddi düşünək. Axı nəfəs aldığımız, yaşadığımız hər gün ömrümüzdən gedir.

Nicat Həşimzadə

Paylaş

Şərh yaz